Bakıda «2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi» mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir

 

Martın 12-də Bakıda "2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" mövzusunda Azərbaycan İnvestisiya Sammiti keçirilmişdir.

AzərTAc xəbər verir ki, respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitinin işində bir çox ölkələrdən müxtəlif təşkilatların rəhbərləri, sərmayədarlar, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Sammiti açan "The Economist" jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışmışdır. O, qeyd etmişdir ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəltmişdir. Neft gəlirlərindən səmərəli istifadə edən Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.

Sonra sammit işini Saymon Raytın moderatorluğu ilə panel iclaslarında davam etdirmişdir.

İlk panel iclasında Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin uğurlu inkişafından danışan Transformasiya, İnteqrasiya Qloballaşma üzrə İqtisadi Araşdırmalar Mərkəzinin (TİGER) təsisçisi direktoru, iqtisadiyyat professoru, Polşanın keçmiş maliyyə naziri Qjeqoy Kolodko bildirmişdir ki, bu nailiyyət  şaxələndirmə siyasətinin uğurla reallaşdırılması ilə əlaqədardır. Azərbaycanın iqtisadiyyatı digər ölkələrlə müqayisədə 2 dəfə sürətlə inkişaf etməkdədir.

Beynəlxalq təcrübədən bəhs edən iqtisadçı onu da əlavə etmişdir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində əsasən orta biznesin, kiçik sahibkarlığın inkişafına üstünlük verilməlidir.

Yenidən müstəqilliyini bərpa edən Azərbaycanın ötən illərdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TANAP, TAP kimi beynəlxalq layihələrdən bəhs edən Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Asiya ilə Avropanın qovuşuğunda yerləşən ölkəmizin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmindən danışmışdır.

Qeyd olunmuşdur ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı son illər yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin makroiqtisadi vəziyyəti yaxşılaşmışdır. Azərbaycanın bu uğurunu beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd edirlər. Azərbaycan sabit iqtisadiyyata malik 10 ölkədən biridir.

R.Məmmədov Azərbaycanın kredit investisiya reytinqinin artmasından da danışaraq respublikamızın dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurduğunu demiş, nəqliyyat infrastrukturunun, logistikanın yaradılmasının burada önəmli rol oynadığını diqqətə çatdırmışdır.

AZPROMO-nun rəhbəri qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri onun iqtisadiyyatının proqnozlaşdırıla bilməsidir. Bu, ölkə iqtisadiyyatında sabit inkişafın təmin olunmasında önəmli amildir.

R.Məmmədov qəbul edilən Dövlət proqramlarının uğurla reallaşdırılmasından, sənayenin, kənd təsərrüfatının inkişafı üzrə həyata keçirilən tədbirlərdən, eləcə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətindən bəhs etmişdir.

İkinci panel iclasında sualları cavablandıran Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, Azərbaycan son 10 ildə digər ölkələrin etdiyi səhvlərdən, o cümlədən "Holland sindromu"ndan yan keçməyə müvəffəq olmuşdur. O, qeyd etmişdir ki, bu dövrdə "Holland sindromu"nun əlamətlərindən olan valyutanın dəyərinin sürətlə artması, ixracatın azalması kimi amillərdən yan keçə bildik. Dövlət Neft Fondu yığılan vəsaitlərlə ölkənin iqtisadi inkişafına rəqabətliliyinə kömək edir. Ölkə iqtisadiyyatı şaxələnir. Neft sənayesi əvvəllər ümumi daxili məhsulun 60 faizini təşkil edirdisə, indi bu rəqəm 40 faizdir. Yol şəbəkəsinin artıq 80 faizi yenidən qurulmuşdur. Mühüm layihələr həyata keçirilir, yeni yerləri açılır. Bu da şaxələndirmənin daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir.

Azərbaycanda əlverişli biznes mühitinin olduğunu vurğulayan Ş.Mövsümov diqqətə çatdırmışdır ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi məqsədilə mühüm islahatlar aparılır. Azərbaycanda daxili bazar kifayət qədər inkişaf etməkdədir. Lakin problemlər vardır. Biz onların həlli üçün addımlar atırıq. Artıq Azərbaycan enerji ixrac edən ölkədir.

PAŞA BANK-ın idarə heyətinin sədri Fərid Axundov özəl sektorun Azərbaycan iqtisadiyyatındakı rolundan bəhs etmişdir. Bildirilmişdir ki, iqtisadiyyatımız son illər çox dinamik inkişaf edir. Azərbaycan şirkətləri bazara daha fəal şəkildə daxil olur. Bu, özəl sektor üçün çox vacibdir. Bununla özəl şirkətlərin bazarda reytinqi müəyyənləşir. Deyə bilərəm ki, özəl sektor artıq Azərbaycanda formalaşmışdır. Düşünürəm ki, burada bir neçə amil mövcuddur. Özəl sektorun ölkəmizin iqtisadiyyatında artıq mühüm rolu vardır. Bu da bizi sovet dönəmindən fərqləndirir.

"AmCham Azerbaijan"ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu isə ölkə iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun əhəmiyyətini vurğulamışdır.

Təhsil naziri Mikayıl Cabbarov üçüncü panel iclasında müasir dünyada təhsilin yeni tələblərindən danışmışdır. Vurğulanmışdır ki, uzun müddət Sovet İttifaqının tərkibində olan Azərbaycanda həmin dövrə uyğun təhsil sistemi strukturu yaradılmışdır. Müasir dövrdə təhsilə yanaşmalar tələblər dəyişmişdir. Yeni kadr ehtiyatının yaradılması, təhsil infrastrukturunun qurulması bu baxımdan xüsusi diqqət tələb edir. Böyük tələbatın olduğu peşə təhsilinin inkişafı da Azərbaycan üçün prioritetlərdən biridir. Ölkəmizdə bu istiqamətdə müvafiq addımlar atılır. Azərbaycan öz gələcəyini elmin, texnologiyanın inkişafında gördüyü üçün bu sahəyə, xüsusən təhsilə böyük diqqət qayğı ilə yanaşır.

"Məktəblərin maliyyələşdirilməsi sisteminin dəyişdirilməsinə ehtiyac vardır", - deyən xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd etmişdir ki, bu istiqamətdə mexanizmlər yaradılmalıdır. Əgər belə olarsa, bu amildən universitetlər yararlanacaqdır. Biz öz universitetimizdə bundan faydalanırıq. Düşünürük ki, bu mexanizmi digər ali təhsil məktəblərində tətbiq etməliyik.

Təhsil sistemini modernləşdirməyin əhəmiyyətindən danışan H.Paşayev vurğulamışdır ki, ADA-da dünyanın ən qabaqcıl təcrübəsindən istifadə olunur. Bu da öz bəhrəsini verməkdədir. Bundan əlavə, biz çalışırıq ki, 15-20 il bundan əvvəl xarici ölkələrə işləmək üçün gedən istedadlı kadrları universitetimizə cəlb edək. Artıq bu istiqamətdə müvafiq addımlar atılır.

"JTİ Caucasus" təşkilatının baş meneceri Pol Hollouey isə yeni məzunların işə götürülməsində qazandıqları təcrübədən, "Ernst and Young"un Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev isə ölkə iqtisadiyyatının uğurlu inkişafında təcrübəli, istedadlı kadrların əhəmiyyətindən danışmışlar.

Sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayev məruzə ilə çıxış etmişdir. Nazir məruzəsində Azərbaycanın yerləşdiyi coğrafi məkan barədə məlumat verərək, ölkə iqtisadiyyatının inkişafı ilə paralel olaraq turizm sektorunun da özünün yeni dövrünü yaşadığını bildirmiş, bu istiqamətdə qazanılan uğurlardan danışmışdır.

Vurğulanmışdır ki, son 10 ildə dünyada turizmdən əldə edilən gəlirlər 10-13 faiz, Azərbaycanda isə 56 faiz artmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov dördüncü panel iclasında ölkədə ümumi daxili məhsulun 40 faizinin neft sektorunun payına düşdüyünü vurğulayaraq demişdir ki, halbuki əvvəllər bu rəqəm 66 faiz olmuşdur.

Ölkədə neft-qaz sahəsində yeni quyuların qazılacağını, köhnələrinin isə təmir olunacağını deyən V.Bəylərbəyov bildirmişdir ki, "Abşeron" yatağında intensiv işlər aparılır. Bu yataq çox perspektivlidir ölkə iqtisadiyyatına böyük həcmdə investisiya gətirəcəkdir. Ümumiyyətlə, kəşf olunan yeni ehtiyatlar ölkənin neft-qaz sektorunu daha da inkişaf etdirəcəkdir.

"bp-Azerbaijan" şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov isə bildirmişdir ki, bp bundan sonra 25 il Azərbaycanda fəaliyyət göstərəcəkdir. Buraya "Şahdəniz" yatağının işlənilməsi aiddir. Vurğulanmışdır ki, "Cənub" qaz dəhlizi layihəsi 150 min yeni yerinin açılmasına imkan verəcəkdir. Bu layihə Azərbaycan iqtisadiyyatına böyük sərmayələr cəlb edəcəkdir.

H.Məmmədov demişdir ki, Azərbaycan İraq qazının da öz infrastrukturu ilə nəqlinə hazırdır. Biz təkcə İraq qazı deyil, həmçinin Türkmənistan qazının ixrac həcmini artırmaq niyyətindəyik.

Sonra Azərbaycan İnvestisiya Sammiti digər panel iclasları ilə işini davam etdirmişdir.

 

Azərbaycan.-2014.- 13 mart.- S.2.