Sahibkarlıq ölkə
iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir
İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV: "Prezident İlham Əliyevin fərmanı özəl sektorun yüksəlişinin yeni mərhələsini təmin edəcək mühüm konseptual sənəd, biznes mühitinin daha da yaxşılaşdırılmasını və onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsini həyata keçirəcək əsl yol xəritəsidir"
"Ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır"
İlham ƏLİYEV
İqtisadi sahədə keçid dövrünü beş ilə yaxındır ki, başa vuran Azərbaycan bu gün malik olduğu iqtisadi potensiala və bu sahədə həyata keçirilən səmərəli islahatların uğurlu nəticələrinə görə nəinki postsovet məkanında, ümumiyyətlə dünya miqyasında mühüm rolu olan dövlətə çevrilmişdir. "İnkişafın Azərbaycan modeli"nin dünyanın nüfuzlu elmi araşdırma və "beyin" mərkəzlərinin tədqiqat obyekti olması, həmçinin ölkəmizin iqtisadiyyatın müxtəlif sahələrində qazandığı nailiyyətlərin mükəmməl nümunə kimi bir sıra dövlətlər tərəfindən təcrübi şəkildə öyrənilməsi aparılan iqtisadi islahatların düzgünlüyünü təsdiqləyir.
"Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş aydın və konkret hədəflərə nail olunması üçün həyata keçirilən tədbirlər son dövrlərdə daha sürətlə və geniş miqyasda tətbiq edilir, bu sahədə qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. İqtisadi inkişafın əsas rəhni, istinadgahı məhz özəl sektordur. Ümumiyyətlə, son 10 il ərzində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, ÜDM-də özəl sektorun xüsusi çəkisi 83 faiz təşkil etmişdir. Özəl sektora dövlət dəstəyini fəaliyyət prioriteti kimi elan edən Prezident İlham Əliyevin ötən həftə imzaladığı "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Fərman da məhz bu kontekstdə sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
İqtisadiyyat və sənaye naziri Şahin MUSTAFAYEV də müsahibəsində bu fərmanın mahiyyəti, nəzərdə tutulan dəyişikliklər, ümumiyyətlə sahibkarlığın inkişafına dövlətin göstərdiyi diqqət və dəstəyin nəticələri barədə fikirlərini açıqladı.
- Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf mərhələsində sahibkarlığın rolunu necə qiymətləndirirsiniz?
- Ümummilli liderin yaratdığı möhkəm təməl, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Təsadüfi deyildir ki, Azərbaycan qlobal böhran şəraitində belə, bütün sahələrdə inkişaf edən və yeniləşən ölkələrdən biri kimi tanınmışdır.
Son illər dünyada baş verən maliyyə-iqtisadi böhranı Azərbaycan iqtisadiyyatının sadəcə neft amili üzərində qurulmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləmişdir. Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektorunun xüsusi çəkisi yüksəlmiş, şaxələndirmə tədbirlərinin, sahibkarlığın inkişafının, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılmasının nəticəsi olaraq qeyri-neft sektorunun dinamik inkişafı davam etmiş, ÜDM-in artımı əsasən qeyri-neft sektoru hesabına təmin edilmişdir. Belə ki, son 3 ildə qeyri-neft sektorunda təqribən 10 faizlik, qeyri-neft sənayesində isə orta hesabla 8 faizlik artıma nail olunmuşdur. Qeyri-neft sektorunun ÜDM-də payı 2011-ci ildəki 48,8 faizdən 2013-cü ildə 56,6 faizə yüksəlmişdir. Qeyd etmək lazımdır ki, bu nailiyyətlər dünyada baş verən maliyyə-iqtisadi böhranı fonunda qazanılmışdır. Bu isə, ölkə iqtisadiyyatının dayanıqlığını bir daha sübut edir.
Hazırda Azərbaycan iqtisadi inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur. Milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsi, sahibkarlığın inkişafı bu mərhələnin əsas səciyyəvi cəhətləridir.
Möhtərəm Prezidentin Bakı Dövlət Universitetinin 2009-cu ilin noyabrında keçirilmiş 90 illik yubileyi tədbirində dediyi kimi, "Biz öz iqtisadiyyatımızı inkişaf etdiririk. Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır".
İqtisadi inkişafın yeni mərhələsində heç şübhəsiz ki, özəl bölmənin rolu da artır. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsində sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmışdır.
Möhtərəm Prezidentin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" inkişaf xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət yetirilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri davam etdirilir.
Özəl bölmənin inkişafında maarifləndirmə tədbirlərinin əhəmiyyəti nəzərə alınaraq, innovasiya-tədris-konsaltinq sisteminin formalaşdırılması vasitəsilə sahibkarların, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinə, onların informasiya, innovasiya və konsaltinq xidmətlərinə olan tələbatının daha dolğun ödənilməsinə, işgüzar fəallığın artırılmasına, gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsinə, sahibkarlıq subyektlərində kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə diqqət daha da artırılmışdır.
- Son dövrlərdə özəl bölmənin inkişafı ilə bağlı daha hansı addımlar atılmışdır?
- Dövlətin özəl bölmənin inkişafı və dəstəklənməsi ilə bağlı həyata keçirdiyi tədbirlər davamlıdır, ardıcıldır və məntiqi cəhətdən biri-birini tamamlayır. Qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, "bir pəncərə" prinsipinin tətbiqi, güzəştli kreditlərin verilməsi, biznes forum, konfrans və digər tədbirlərin nəticəsidir ki, hazırda güclü özəl sektor formalaşmışdır.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, elektron xidmətlərin tətbiqi sürətləndirilmiş, fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin on-layn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmış, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Bununla yanaşı, icazələrə dair yaradılmış İnternet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaratmışdır.
Ölkəmizdə elektron xidmətlərin tətbiqi həyatımızın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətləri də əhatə edir. 2013-cü ildən müəssisə və təşkilatların elektron qaydada qeydiyyata başlamasından sonra onların sayı əvvəlki ilə nisbətən 8,9 faiz artaraq 86010 vahid olmuşdur. Digər tərəfdən, 2013-cü ildə 7879 yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs qeydiyyata alınmışdır ki, bu da əvvəlki dövrlə müqayisədə yaradılan müəssisələrin sayından 40,5 faiz çoxdur.
Hazırda müxtəlif dövlət qurumları üzrə 428 xidmət elektron formada həyata keçirilir və bunların sayı davamlı olaraq artır. İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi bütün xidmətlər də elektronlaşdırılmışdır. Nazirlik tərəfindən 26 xidmət, o cümlədən 7 interaktiv, 19 informativ elektron xidmət təklif edilir. 2013-cü ildə nazirlik tərəfindən göstərilən elektron xidmətlər nəticəsində 15,2 min icazəverici sənədin elektron qaydada verilməsi və 14,5 min ödənişin elektron qaydada aparılması təmin olunmuşdur.
Bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi təqribən 83 faiz təşkil etmişdir. Ölkəmizdə sahibkarlığın inkişaf göstəricilərinin dinamikası bu sahədə həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.
Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı aparılan siyasət, görülmüş işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyi üzrə dünya miqyasında 148 ölkə arasında 39-cu yerdədir və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında birincidir. "Doing Business 2014" hesabatında isə Azərbaycan 189 ölkə arasında 70-ci yerə yüksəlmişdir.
Dövlət başçısı tərəfindən özəl sektorun genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyinin gücləndirilməsi qarşıdakı dövrdə də iqtisadi siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı dövlət siyasətidir və dövlət siyasəti kimi qalacaqdır" strateji xəttinə uyğun olaraq, Azərbaycan iqtisadiyyatının modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi məqsədilə ölkəmizdə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, biznes mühitinin davamlı olaraq dünyada mövcud mütərəqqi yeniliklərə uyğun təkmilləşdirilməsi, idarəetmədə informasiya kommunikasiya texnologiyalarının geniş tətbiq olunması, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması istiqamətində mühüm işlər uğurla həyata keçirilir. Heç şübhəsiz ki, bu məsələlərin reallaşdırılmasında iqtisadiyyatın lokomotivinə çevrilən özəl bölmənin rolu da durmadan artır.
Bu baxımdan, Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
- Fərman özəl sektorda müxtəlif istiqamətlər üzrə hansı dəyişiklikləri həyata keçirməyi hədəfləyir?
- Dövlət başçısının bu fərmanı Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi üçün əsl yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasını tələb edir.
Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Belə ki, biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi sahəsində Yeni Zelandiyanın, tikintiyə icazələrin alınması sahəsində Honq Konqun, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində İslandiyanın, əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində Gürcüstanın, kreditlərin verilməsi sahəsində Malayziyanın, idxal-ixrac əməliyyatları sahəsində Sinqapurun, müəssisələrin bağlanması sahəsində Yaponiyanın təcrübəsi öyrənilmiş və şübhəsiz ki, müvafiq təkliflərin hazırlanmasında həmin ölkələrin qabaqcıl təcrübələrindən istifadə olunacaqdır.
Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılmışdır. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlamış və yaxın günlərdə aidiyyəti dövlət qurumlarına təqdim ediləcəkdir. Təkliflər paketi hazırlanarkən dünyada mövcud ən qabaqcıl və mütərəqqi təcrübə əsas götürülmüşdür.
Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaqdır, bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir. Hər iki qanun layihəsi kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olacaqdır. "Özəl kredit büroları haqqında" qanuna əsasən, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları yaradılacaqdır. "Təminatlı əqdlər haqqında" qanunla isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayan əmlak və digər hüquqlar üzərində təminat hüquqlarının yaranması, qeydiyyatı, həyata keçirilməsi və s. məsələlərlə bağlı münasibətlər tənzimlənəcəkdir. Qeyd olunan qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaqdır.
Bundan başqa, hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı, idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurların, sənədlərin sayının və xərclərin azaldılması, habelə korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması və "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi məqsədilə Mülki Məcəlləyə, Şəhərsalma və Tikinti Məcəlləsinə, "Müflisləşmə və iflas haqqında" qanuna və digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanacaqdır.
Məlum olduğu kimi, idxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu ilin 1 yanvarından etibarən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilmiş, yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilmişdir. Fərmana uyğun olaraq bu sahədə islahatlar aparılacaqdır. Belə ki, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün cəmi 2 sənəd (nəqliyyat sənədi və bəyannamə) tələb olunacaqdır. Bununla da, tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcəkdir. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaqdır.
- Fərmanın icrasının ölkədə biznes və investisiya mühitinə təsirini necə proqnozlaşdırırsınız?
- Qeyd edim ki, fərmandan irəli gələn vəzifələr sahibkarlıq fəaliyyətinə başlanması, həmin fəaliyyətin aparılması və sahibkarlıq fəaliyyətinə xitam verilməsinədək bütün məsələləri kompleks şəklində özündə ehtiva edir. Bu vəzifələrin icrası ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracaq, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəkdir. Belə ki, biznesə başlanması, müvafiq icazəverici sənədlərin alınması, istehsalın qurulması, sahibkarların hüquqlarının müdafiəsi, xarici ticarətin aparılması və s. sahələrdə minimal sayda prosedurlar keçməklə və bu prosedurlar üçün daha az vaxt, minimum xərc sərf etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı yaradılacaqdır ki, bu da özəl bölmənin inkişafına təkan verəcəkdir.
Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası, həyata keçiriləcək tədbirlər Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən iqtisadi sahədə hazırlanan hesabatlarda da ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaqdır.
Göründüyü kimi, iqtisadi inkişaf mərhələlərinə uyğun olaraq, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, qanunların beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılması, insan kapitalının inkişafı Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlanılır və dövlət başçısının tapşırıqlarına əsasən, bu sahələrdə işlər davamlı olaraq aparılır.
- 2014-cü il ölkəmizdə "Sənaye ili" elan olunmuşdur. Prezidentin məlum fərmanı sənaye sektorunda hansı müsbət dəyişikliklərə rəvac verəcək?
- Heç şübhəsiz ki, dövlət başçısının fərmanı sənaye sahəsində də sahibkarlığın inkişafına geniş miqyaslı təkan verəcəkdir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük nailiyyətlər əldə edilmiş, sənaye məhsulunun istehsalı 2,7 dəfə artmış, ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılmış, sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr vermişdir. Bu dövrdə paytaxt Bakıda və ölkə regionlarında energetika, maşınqayırma, metallurgiya, məişət cihazları, tikinti materialları, qida məhsulları və digər sahələrdə yüzlərlə istehsal və emal müəssisəsi istifadəyə verilmişdir.
Təkcə 2013-cü ildə Bakının Qaradağ rayonunda Gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox yeni texnologiyalara əsaslanan sənaye müəssisəsi istifadəyə verilmişdir. Qeyd edilənlərlə yanaşı, ölkəmizdə əvvəllər mövcud olmamış müdafiə, kosmik və alternativ enerji sənaye sahələrinin yaradılmasını xüsusi vurğulamaq lazımdır.
Həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsi olaraq, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir.
Sənayeləşmə ili olan 2014-cü il uğurla başlamış və artıq Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda Mis Emalı Zavodu, Azərsun Sənaye Parkının ərazisində Yağ Emalı Zavodu, Kağız və karton istehsalat kombinatı kimi iri sənaye müəssisələri açılmışdır. Hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdirilir və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Şübhəsiz ki, son illərdə yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizdə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olmuşdur.
Bu isə, öz növbəsində sənaye sahəsində də sahibkarlığın inkişafına əlverişli şərait yaratmışdır. Bütün Qeyd olunanlarla bərabər, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir. Təsadüfi deyildir ki, Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parklarının yaradılması işləri həyata keçirilir. Sumqayıt Kimya Sənaye Parkında 2 rezident qeydiyyata alınmışdır. Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur.
Yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi innovasiyalar əsasında sənayenin inkişafını, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edəcəkdir.
Beləliklə, dövlət başçısının "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası sahibkarlığın sürətli inkişafı üçün daha geniş imkanlar yaradacaq, özəl bölmənin, bütünlükdə iqtisadiyyatın inkişafına böyük təkan verəcək, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Bütün bunlara isə, Prezidentin müəyyənləşdirdiyi "Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaqdır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik" prinsipinin davamlı olaraq həyata keçirilməsi nəticəsində nail olunacaqdır.
Müsahibəni
apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.-2014.- 13 mart.- S.3.