Gəncə respublikamızın sürətli
inkişafı ilə qoşa addımlayır
"Bütövlükdə ölkəmizdə işlər yaxşı gedir. Biz 2013-cü ili yaxşı nəticələrlə başa vurmuşuq. 2014-cü il də yaxşı başlamışdır. Biz ilin birinci ayında sizinlə görüşürük. Əminəm ki, 2014-cü il də Gəncə, bütün başqa şəhər və rayonlarımız üçün uğurlu il olacaqdır. Çünki iqtisadiyyat artır, sosial məsələlər öz həllini tapır, Azərbaycan beynəlxalq müstəvidə öz yerini möhkəmləndirir. Bir sözlə, bu ili də uğurla başa vurmaq üçün bütün imkanlar vardır. Sadəcə olaraq, biz fəal işləməliyik, hərə öz yerində öz zəhməti, işi ilə doğma vətənimizin inkişafına töhfəsini verməlidir. Mən gəncəlilərin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm..."
İlham ƏLİYEV
Tarix şəxsiyyətləri, şəxsiyyətlər
isə tarixi yaradır, demişlər. Doğrudan da, ümummilli
lider Heydər Əliyev belə bir tarix yaratdı. Özü də
elə bir tarix ki, onun hər səhifəsi Azərbaycanın
keçmişi, bu günü və gələcəyi
üçün qızıl hərflərlə
yazılmışdır. Zəmanəmizin
ən böyük azərbaycanlısı olan bu dahi şəxsiyyət
öz milləti üçün indiyədək heç kimin
görmədiyi işləri gördü. Bu
gün isə Prezident İlham Əliyev bu işləri
böyük uğurla davam etdirir.
Uğurlarımızın təməlində
düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və səmərəli
iqtisadi islahatlar dayanır. İqtisadi
islahatların əsas istiqamətləri Azərbaycan xalqının
maraqlarını təmin etmək, ölkənin qüdrətini
gücləndirmək və ən nəhayət, regionda
mövqeyimizi daha da möhkəmləndirməkdir. Bunun üçün respublikamızda kifayət qədər
proqramlar icra edilir. Bu proqramlar içərisində
ən önəmlisi regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarıdır ki, artıq onun müsbət
nəticələri göz qabağındadır.
2013-cü
il də tarixə çevrildi. Yüksək nailiyyətlərlə bu tarixi zənginləşdirən
Azərbaycan yenə də böyük qələbələrin
sorağı ilə yeni ilə daha böyük arzularla qədəm
qoydu. Adətən, insanlar yeni ilə qədəm qoyarkən köhnə
ilə yekun vurur, görülən və görülməyən
işləri təhlil edir, nələr baş verdiyini,
hansı uğurlar qazanıldığını nəzərdən
keçirirlər. Fəxrlə demək olar ki,
indi gəncəlilər belə təhlil apararkən qürur
hissi keçirirlər. Ötən 10 ildə cənab
İlham Əliyevin 12 dəfə Gəncəyə səfər
etməsi onu deməyə əsas verir ki, ölkə
başçısı Gəncəyə və gəncəlilərə
böyük məhəbbət bəsləyir. Onun diqqət və
qayğısı sayəsində Gəncədə son 3 ildə
çoxlu sayda mərkəzlər, parklar, maddi-mədəniyyət
ocaqları açılmış, tarixi abidələr bərpa
edilmiş, ictimai əhəmiyyət daşıyan ünvanlar
müasir tələb və standartlara cavab verə biləcək
şəkildə qurulmuşdur. Təkcə keçən il
şəhərdə 5 abad park, 5 muzey, bir neçə əzəmətli
mərkəz istifadəyə verilmişdir ki, onların da əsas
məqsədi xalqımızın, eləcə də Gəncənin
tarixini gənclərə, həmçinin şəhərə
gələn qonaqlara tanıtmaqdır. Artıq son illər Gəncə
ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Madrid Klubunun
yığıncağı, bir neçə beynəlxalq gənclər
forumunun, eləcə də beynəlxalq şərab
festivalının Gəncədə keçirilməsi onu deməyə
əsas verir ki, artıq Azərbaycanın bölgələri
də inkişaf edərək dünya standartları səviyyəsinə
yüksəlir. Böyük Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin
yaradıcılığının 900 illik yubileylərinin
keçirilməsi və bu yubileylərdə dünyanın
60-dan artıq tanınmış aliminin iştirakı göstərir
ki, Gəncə də Azərbaycanın inkişafı ilə
qoşa addımlayır. Əlbəttə, bu
uğurların başında Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı dayanır ki,
bütün bunlara görə gəncəlilər ölkə
başçısı İlham Əliyevə minnətdardırlar.
Bütün
regionlarda olduğu kimi, 2013-cü ildə Gəncədə də
sosial-iqtisadi inkişafa nail olunmuş, bir il ərzində
ümumi məhsul istehsalı əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 23,3
faiz artmışdır. Ümumdaxili məhsulun 23,8 faizi sənayenin,
0,4 faizi kənd təsərrüfatının, 41,7 faizi
tikinti-quraşdırma işlərinin, 9,3 faizi nəqliyyatın,
0,6 faizi informasiya və rabitə sahələrinin, 24,2 faizi
ticarət və xidmət sahələrinin payına
düşmüşdür. Nəticədə 2013-cü ildə
şəhər iqtisadiyyatında çalışan
işçilərin orta aylıq əməkhaqqı 300,8 manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq
dövrü ilə müqayisədə 15,6 faiz çoxdur. 2013-cü
ildə şəhər sənayesində fəaliyyət
göstərən təsərrüfat subyektləri tərəfindən
173 milyon 864 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər
göstərilmişdir. Bu, əvvəlki dövrlə
müqayisədə 5,7 faiz çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinin uğurla həyata
keçirilməsi nəticəsində şəhər
sürətlə inkişaf etmiş, həyata keçirilən
yenidənqurma və abadlıq-quruculuq işləri geniş
miqyas almışdır. Məhz bunun nəticəsidir ki, 2013-cü ildə şəhərin
iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 329,3 milyon manat və ya əvvəlki
ildən 2,5 dəfə çox vəsait yönəldilmişdir.
Həyata keçirilən bu tədbirlər nəticəsində
2013-cü ildə iqtisadi sahələrdə
çalışanların orta aylıq əməkhaqqı
834,9 manat, elektrik enerjisi, qaz və təchizat sahələrində
çalışanların əməkhaqqı 416,2 manat, tikintidə
çalışanların aylıq orta əməkhaqqı
327,3 manat, dövlət idarəetmə və müdafiə,
icbari sosial təminat bölməsində isə 360,6 manat
olmuşdur.
Şəhərin
sosial-iqtisadi həyatında müşahidə olunan davamlı
və sürətli inkişaf, əlverişli investisiya
mühiti investorlar tərəfindən əsas kapitala yönəldilmiş,
ümumi sərmayənin həcmi artmış, məhsul
istehsal edən obyektlərin inşasında 83,1
milyon manat (25,2 faiz), xidmət sahələri üzrə obyektlərin
tikintisində 246,2 milyon manat (74,8 faiz) vəsait istifadə
edilmişdir. Əsas kapitala yönəldilmiş
vəsaitin hamısı daxili vəsaitlərdən ibarət
olmuşdur. 2013-cü ildə tikinti müəssisələri
tərəfindən yerinə yetirilmiş inşaat işlərinin
həcmi əvvəlki ilin səviyyəsini 10,2
faiz üstələmişdir. Müəssisələrin
öz gücləri ilə yerinə yetirdikləri inşaat
işlərinin həcmi 60,5 milyon manat təşkil
etmişdir.
Ölkə
Prezidentinin diqqət və qayğısı nəticəsində
bir sıra sosial yönümlü obyektlərin inşası və
yenidən qurulması başa çatmış, 2013-cü il ərzində
ümumi sahəsi 29715 min kvadratmetr və ya əvvəlki ilə
nisbətən 1,9 dəfə çox fərdi
yaşayış evləri, 2 min 310 şagird yerlik ümumtəhsil
məktəbləri, mədəniyyət ocaqları və digər
qeyri-istehsal təyinatlı obyektlər istifadəyə
verilmiş, 270-ə yaxın sosial xidmət və fərdi
yaşayış evlərinin inşası isə davam etdirilmişdir.
Ümumi ərazisi 450 hektar olan parkda Heydər Əliyev Mərkəzi,
Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi,
3800 yerlik amfiteatr, "Şəlalələr" kompleksi,
ümumi sahəsi 70 min kvadratmetr olan "Gəncə
göl", Gənclər və Çinarlar Alleyası, Zəfər
tağı inşa edilmişdir.
Gəncənin
simasını nəzərəçarpacaq dərəcədə
dəyişmiş bu parkın ərazisində 7 kilometrdən
çox avtomobil yolu asfaltlanmış, 60 min kvadratmetrə
yaxın sahəyə qranit, metlax, tamet döşənmiş,
224 ədəd müxtəlif işıqlandırma
dayağı quraşdırılmış, 18 fəvvarə tikilmiş,
on minlərlə dekorativ gül və ağac kolları, tinglər
əkilmiş, 300 hektardan çox sahədə
yaşıllıq sahəsinin suvarılması məqsədi
ilə 30 ədəd subartezian quyusu istifadəyə
verilmişdir. Ölkə başçısının təşəbbüsü
ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşların Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə
şəhərində inşa edilən "ASAN xidmət" Mərkəzi fəaliyyətə
başlamışdır.
Dövlət
başçısının sərəncamı ilə yeni
yaradılmış 5 qəsəbəni Gəncə şəhəri
ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə
186 min 574 kvadratmetr asfalt
örtüyü salınmış, 44 min 46 p/m səki
daşları, eləcə də 400 ədəd işıq dayağı və
müasir işıqlandırma sistemi yaradılmış, yol
kənarına həmişəyaşıl ağaclar əkilmiş,
qəsəbənin ictimai nəqliyyat işləyən
küçələrində dayanacaqlar
quraşdırılmışdır. Şıxzamanlı qəsəbəsində,
təyyarə limanı yolu istiqamətində və digər ərazilərdə
365-dən çox fərdi yaşayış evinin, 250-yə
yaxın hündürmərtəbəli binanın dam örtüyü dəyişdirilmiş,
çoxmərtəbəli binalarda 70-dən çox istismar
müddətini bitirmiş liftlər müasir sərnişin
liftləri ilə əvəz edilmişdir.
Ötən müddətdə səhiyyə
ocaqlarında da bir sıra yenidənqurma və təmir-tikinti
işləri aparılmışdır. Abbas Səhhət adına 1
saylı şəhər və yoluxucu xəstəliklər xəstəxanalarında,
6 saylı şəhər poliklinikasında əsaslı təmir
işləri sürətləndirilmiş, təcili tibbi
yardım xəstəxanasında və 2 saylı
poliklinikada yeni istilik sistemi
quraşdırılmış, təcili tibbi yardım
stansiyasının, 2 saylı uşaq xəstəxanasının
dam örtüyü və uşaq stomatoloji
poliklinikasının binası əsaslı təmir
olunmuşdur.
Gəncə
şəhərinin şərq istiqamətindən giriş
hissəsində "Qala qapıları" - Arxeologiya və
Etnoqrafiya Abidə Muzey Kompleksi, Nizami Gəncəvi Muzeyi, Məhsəti
Gəncəvi Mərkəzi inşa edilmişdir.
Vaxtilə
şöhrəti dillər əzbəri olmuş və sonralar
baxımsızlıqdan yararsız hala düşmüş
Hacıkənd qəsəbəsində qısa vaxt ərzində
kommunal infrastruktur, qaz, işıq, su və rabitə xətləri
təzələnmiş, 5 küçə, 2 dalan təmir
edilmiş, ümumilikdə isə 6 min 200 metr məsafədə
işıqlandırma sistemi yaradılmışdır. Səkilər yenilənmiş, torpaq
sürüşməsinin qarşısını almaq
üçün 4 kilometr uzunluğunda istinad divarları
hörülmüşdür.
Prezident
İlham Əliyevin 2014-cü ili "Sənaye
ili" elan etməşi ilə bağlı olaraq cari ildə
Gəncədə ölkəmizin gələcək inkişaf
dinamikasını müəyyən edən sənayenin
inkişafına daha çox diqqət yetiriləcəkdir.
Şəhərdə texnoparkların, yeni sənaye müəssisələrinin,
ixrac yönümlü sənaye məhsullarının
istehsalı, emal müəssisələrinin, ümumilikdə
böyük sənaye komplekslərinin yaranması nəzərdə
tutulmuşdur ki, bu da minlərlə yeni iş yerinin
açılmasına, yeni məhsulların istehsalına,
çeşidinin artırılmasına imkan verəcəkdir.
Gəncədə artıq bu istiqamətdə işlərə
start verilmişdir. Belə ki, keçən il
fəaliyyətə başlayan "SEMPA" müəssisəsi
yeni istehsal sahələrinin açılması ilə su və
kanalizasiya üçün müxtəlif
ölçülü plastik boruların istehsalına
başlanılmışdır. Bundan başqa, ölkə
başçısının metallurgiya sənayesinin
inkişafı ilə bağlı imzaladığı sərəncama
əsasən, Gəncədə Daşkəsən ərazisində
dəmir filizinin hasilatından polad istehsalına qədər
bütün mərhələləri əhatə edən polad
istehsalı kompleksi yaradılacaq ki, bu da minlərlə yeni
iş yeri deməkdir.
Gəncə bu gün sürətlə
böyüyüb, inkişaf edir. Hara baxırsan
abadlıq və yenidənqurmanın şahidi olursan. Şəhər inşaat meydançasını
xatırladır. Azərbaycanın bu qədim
şəhəri bu gün tikilir, qurulur, yenilənir. Görülən bütün işlərə isə
tarixilik və milli memarlıq baxımından həssaslıqla
yanaşılır. Ölkə
başçısının Gəncəyə son səfəri
zamanı verdiyi tapşırıq və tövsiyələr
isə şəhər sakinlərini 2014-cü ildə də
böyük uğurlara imza atmaq üçün yeni-yeni qələbələrə
ruhlandırmışdır.
Rəfiqə
SADIQOVA,
"Gəncənin
səsi" qəzetinin baş redaktoru
Azərbaycan.-2014.- 13 mart.- S.5.