Məktəbəqədər təhsilə
diqqətin artırılması
ölkənin inkişafını şərtləndirən
amildir
İnsanlar yazı və oxunun nə olduğunu bilmədikləri bir zamanda belə uşaqların tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Tarixən Azərbaycan ailəsində uşağa, onun tərbiyəsinə münasibət milli-etnik və mədəni dəyərlərimiz əsasında formalaşmışdır. Uşağın dünyaya gəlməsi hər bir evə sevinc, fərəh gətirən, ailə bağlarını möhkəmləndirən mühüm amil kimi dəyərləndirilib. Övladının ağıl, kamal sahibi olması, bir sənətə yiyələnməsi, ləyaqətli insan olaraq formalaşması hər bir valideynin həyat amalını təşkil etmiş, uşağın tərbiyəsində başlıca istiqamətə çevrilmişdir.
Əslən azərbaycanlı, Şərq aləmində böyük filosof və alim kimi məşhurlaşan Nəsirəddin Tusi "Əxlaqi-Nasiri" əsərində "uşaq" anlayışı, onun təlim-tərbiyəsi, şəxsiyyət kimi formalaşması üçün aparılmalı işləri üç nisbi mərhələyə ayırır: "Uşaq doğulanda ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır... Daha sonra onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq lazımdır... Elm dalınca getsə, ...əvvəlcə əxlaq dərsi vermək, sonra isə hikmət nəzəriyyəsinə keçmək lazımdır".
Alim uşağı valideynin bağçasında ağaca bənzədir və inanır ki, valideyn övladı necə yetişdirərsə, o cür də bar verər. O, uşaqların tərbiyəsi ilə yanaşı, həm də onların elmə, yaxud peşəyə yiyələnməsini, habelə ünsiyyət bacarıqlarının inkişafını da təmin etməyi valideynin əsas vəzifəsi hesab edir.
Elmi-pedaqoji araşdırmalar göstərir ki, insan ömür boyu öyrəndiyinin böyük bir hissəsini altı yaşına qədər mənimsəyir. Məhz bu dövrdə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Bu təməlin nə qədər möhkəm və düşünülmüş olması şəxsiyyətin gələcək inkişafını təmin edir və onun həyat fəlsəfəsini, cəmiyyətə baxışlarını müəyyənləşdirir.
Tərbiyə ümumbəşəri anlayış olsa da, hər bir xalqı səciyyələndirən öz milli, mənəvi xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, adət və ənənələri vardır. Bütün bunlar həmin xalqın milli mənəviyyatını təşkil edir, böyüməkdə olan nəslin tərbiyəsində böyük rol oynayır.
Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çevrilməsi hər bir dövrdə filosofların, pedaqoq-alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə fəaliyyətinə insanın dünyaya gəldiyi ilk günlərdən, hətta ana bətnində olarkən başlanmasının vacibliyini tutarlı faktlarla sübuta yetirmişlər. Uşaqların erkən vaxtlarından tərbiyə olunmasını həyata keçirən xüsusi müəssisələrin olmadığı bir dövrdə bu vacib məsələ bilavasitə ailələrdə yerinə yetirilmişdir.
Zaman ötdükcə insanların məşğulluğunun getdikcə artması məktəbəqədər müəssisələrin yaradılması zərurətini meydana çıxarmışdır.
Məktəbəqədər təhsil müəssisələrinin tarixi ondan başlamışdır ki, XIX əsrdə Almaniyada Fridrix Frebel 3-7 yaşlarında uşaqların idraki, fiziki və sosial baxımdan inkişafını təmin edən oyunlardan ibarət kurikulum tərtib etmişdir. Bu kurikulumun tətbiqində əsas məqsəd uşaqları məktəbə hazırlamaqdan ibarət idi. Təhsil işçiləri belə təhsil proqramlarının faydasını müşahidə etdikcə məktəbəqədər tərbiyə işi tədricən İngiltərə, Kanada, Birləşmiş Ştatlarda da tətbiq edilməyə başlandı. Sonralar bu, təhsilin ayrılmaz hissəsi kimi bütün dövlətlər və cəmiyyətlər tərəfindən qəbul edildi.
Azərbaycanda məktəbəqədər təhsilin tarixi 1907-ci ildən başlanmışdır. Məhz həmin ildə ilk dəfə olaraq Bakının Bayıl qəsəbəsində Alisa Radçenko tərəfindən uşaq tərbiyə müəssisəsi təşkil edilmişdir. Burada uşaqların fiziki, bədii, əxlaqi və əqli inkişafı əsas hədəf kimi müəyyənləşdirilmişdi. Sonrakı dövrlərdə məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi və Azərbaycanın müxtəlif şəhər və rayonlarında yeni məktəbəqədər təhsil müəssisələrinin təşkilinə başlandı.
Bununla belə, etiraf etmək lazımdır ki, keçmiş sovet dönəmində ümumtəhsil məktəbləri ilə müqayisədə məktəbəqədər təhsilin inkişafına, onun təkmil infrastrukturunun yaradılmasına nisbətən az diqqət yetirilmişdi. Bölgələrdə müasir, birtipli layihə ilə tikilən müəssisələr xeyli azlıq təşkil edirdi.
İnkarolunmaz faktdır ki, ölkəmizdə məktəbəqədər müəssisələrin inkişafı Azərbaycanın müstəqillik illərinə təsadüf edir.
Hazırda Azərbaycan Respublikasında 111090 uşağı əhatə edən 1677 məktəbəqədər təhsil müəssisəsi, o cümlədən 537 uşaq bağçası, 1110 körpələr evi-uşaq bağçası, 25 körpələr evi, 5 məktəb-bağça, sağlamlıq imkanları məhdud uşaqlar üçün 4 xüsusi uşaq bağçası, eyni zamanda 12 müəssisədə 19 xüsusi təhsil qrupları, 4 sanator tipli məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" çərçivəsində 37 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilmiş, 52 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış,184 müəssisə müvafiq avadanlıqlarla, o cümlədən oyuncaq və idman avadanlıqları, texniki vasitələrlə təchiz olunmuşdur. Eyni zamanda bütün məktəbəqədər təhsil müəssisələri müxtəlif təlim vəsaitləri ilə təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin, habelə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına əsasən, paytaxtda və onun qəsəbələrində 174 məktəbəqədər müəssisə əsaslı təmir olunmuş, 34 müəssisədə əsaslı təmir işləri gedir. Respublikanın digər şəhər və rayonlarında 1 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, 41 müəssisədə əsaslı təmir işləri aparılmışdır.
Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna əsasən 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır.
Məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsusdur və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir. Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişlər.
ABŞ-da məktəbəqədər təhsil icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş bütün amerikalılar üçün erkən yaşlı uşaqların təhsili üzrə Obama Planında hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir.
Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir.
Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür.
Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı"na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət , özəl və bələdiyyə müəssisələrində həyata keçirilir.
Beləliklə, dünyanın müxtəlif qabaqcıl təhsil təcrübələrində müəyyən məqamlarda fərqli baxışlar müşahidə edilsə də, konseptual yanaşma çox bənzərdir. Fərqli mədəniyyət, pedaqoji elm və təcrübənin inkişaf istiqamətlərinin özünəməxsusluğuna baxmayaraq, müxtəlif ölkələrdə pedaqoqlar oxşar problemləri həll edirlər: məktəbəqədər təhsilin məzmununun, metod və vasitələrinin müəyyənləşdirilməsi, uşaqların harmonik, psixofiziki və sosial inkişafı; müxtəlif yaş dövründə olan uşaqların qarşılıqlı əlaqə təcrübəsinin zənginləşdirilməsi üçün şəraitin yaradılması, onların mədəni-etnik müxtəlifliyi barədə təsəvvürlərinin genişləndirilməsi; sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların birgə tərbiyəsi və təlimi.
Göründüyü kimi, bütün dünyada məktəbəqədər təhsil və onun inkişaf etdirilməsi ilə bağlı məsələlər öz aktuallığını saxlayır.
Nəyə görə məktəbəqədər təhsil müəssisələrinə bütün uşaqların cəlb edilməsi bu qədər zəruridir? Məktəbəqədər təhsil uşaqlara və cəmiyyətə nə verir? Tədqiqatlar göstərir ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə almış uşaqlar istər idraki, emosional, istərsə də fiziki baxımdan ümumi təhsil müəssisələrində təhsilə daha hazırlıqlı olurlar. Burada uşaqlara kiçik problemlərin həllinə nail olmaq üçün müstəqil şəkildə çalışmaq, idraki və emosional, habelə fiziki fəaliyyətdə olmaq öyrədilir. Məktəbəqədər təhsil müəssisələrinə sosial bacarıqlar və davranış problemləri ilə gələn uşaqlarda bir müddət sonra bunların aradan qaldırıldığı müşahidə edilir.
Sirr deyil ki, bütün cəmiyyətlərdə insanlar müxtəlif səbəblərdən fərqli sosial təbəqələrə mənsub olurlar. Bu da dünyaya gələn körpələrin müxtəlif maddi, intellektual səviyyəli ailələrdə formalaşmasına gətirib çıxarır. Bəzən ailənin müəyyən maddi çətinlikləri olmasına baxmayaraq, valideynlər övladlarının fiziki, psixi baxımdan sağlam inkişafı, tərbiyəsi və təhsilinə xüsusi qayğı ilə yanaşırlar. Bəzən də təəssüflə qeyd etmək lazımdır ki, əksinə proses baş verir. Uşaqların qidalanmasına, gigiyenasına kifayət qədər diqqətin ayrılmaması, onların təhsilinin lazımi səviyyədə təşkil edilməməsi, həkim nəzarətindən kənarda qalması uşağın inkişafında müxtəlif ciddi problemlər yaradır. Belə sosial fərqliliyin uşağın sağlamlığına və şəxsiyyət olaraq tərbiyəsinə mənfi təsirlərini aradan qaldırmaq üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbi faizini yüksəltmək ciddi vəzifə kimi gündəmdə dayanır.
Məktəbəqədər təhsil dövlətə nə verir? Bu təhsil dövründə uşaqların fiziki, sosial və idraki inkişafının düşünülmüş şəkildə təşkili onun bütün gələcək taleyinə öz təsirini göstərir. Mütəxəssislər hesab edirlər ki, mükəmməl məktəbəqədər təhsil yalnız təhsilin növbəti mərhələsində uşağın nailiyyət göstəricilərinin yüksəldilməsi baxımından əhəmiyyətli olmayıb, həm də öz sosial, iqtisadi ehtiyaclarını təmin edən vətəndaşın formalaşdırılmasında böyük rol oynayır. Belə vətəndaşları olan dövlətdə isə kasıblığın səviyyəsi aşağı düşür, cinayətkarlıq azalır. Bu da insanların maddi rifahını və təhlükəsizliyini təmin edir. Bütün göstərilənlər dövlətin və dövlətçiliyin qüvvətlənməsinə xidmət edir.
"Təhsil haqqında" qanunda Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək təhsilin əsas məqsədlərindən biri kimi önə çəkilir. Qanunda məktəbəqədər təhsilin ilk və vacib pillə olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə və həyati bacarıqlara yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, şəxsiyyət kimi formalaşmasını, məktəb təliminə hazırlığını, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etməli olduğu göstərilir, məktəbəqədər təhsilin inkişaf etdirilməsi əsasən 3 səbəbdən vacib hesab edilir:
1. Aparılmış tədqiqatlara görə, uşaqların erkən yaşdan təhsilinə qoyulan sərmayə iqtisadi və sosial baxımdan daha yüksək faydalılıq əmsalına malikdir. Başqa sözlə, tədqiqatlar göstərir ki, bu yaş dövründə uşağın inkişafına xərclənən vəsait sonradan dəfələrlə artıq gəlir gətirir.
2. Məktəbəqədər təhsil valideynlərə daha artıq dərəcədə dəstək olmaqla qadınların məşğulluq göstəricilərinə xüsusilə müsbət təsir edir.
3. Məktəbəqədər təhsil vasitəsilə uşaqlar arasında bərabərlik imkanlarının yaradılması sonradan cəmiyyətin müxtəlif sosial təbəqələri arasında fərqlərin azalmasına gətirib çıxarır.
"Təhsil haqqında" qanunda fasiləsizlik, vəhdətlik, dinamiklik təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qeyd edilmişdir. Qanuna görə, mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi vacib məsələ olaraq irəli sürülmüşdür. Bununla belə, respublikada məktəbəqədər yaşlı uşaqların təhsil müəssisələrinə cəlbi 14,8 faiz təşkil etdiyindən bu yaşda uşaqların 80 faizindən çoxu davamlı və ardıcıl təhsil imkanından kənarda qalır. Halbuki Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, bir ildən artıq uşaq bağçasına getmiş uşaqlar ibtidai təhsilin sonunda uşaq bağçasına getməmiş uşaqlardan ana dili fənni üzrə 4%, riyaziyyat fənni üzrə isə 5% daha yüksək nəticə göstərmişlər. Ona görə məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbə hazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.
Məktəbəqədər təhsil sahəsində mövcud problemlərin artıq yüksək səviyyədə tanınmasının nəticəsidir ki, bu təhsil növü Azərbaycan dövlətinin təhsil siyasətində prioritet sahə hesab edilmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa göstəricisi səviyyəsinə çatdırılması əsas məqsəd kimi təqdim edilir. Buna nail olmaq üçün isə məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, onların şərait və təchizatının yaxşılaşdırılması, habelə bu sahədə müxtəlif tipli, məsələn, icma və ailə tipli müəssisələrin yaradılmasına xüsusi önəm verilir.
Konsepsiyada göstərilən bu məqsədlərdən çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədində məktəbəqədər təhsilin inkişafına yönəlmiş bir sıra hədəflər öz əksini tapmışdır:
qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma (lisenziyalaşdırma) sisteminin yaradılması;
erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması;
məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması.
Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atılmış, bu qruplara cəlb edilən uşaqların vaxtından əvvəl I sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul olunmuşdur.
Strategiya sənədində eyni zamanda məktəbəqədər təhsil üzrə kurikulumun tətbiqinin sürətləndirilməsi zəruri hesab edilmişdir. Kurikuluma əsasən, məktəbəqədər təhsil uşağın ətraf aləmlə harmoniyasını təmin etməyə, xeyirxah hislər oyatmağa, əməkdaşlığa və müsbət özünütəsdiqə nail olmaq baxımından əhəmiyyətlidir. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər, təfəkkür elementləri formalaşır, ətraf aləmin hadisələri, sadə qanunauyğunluqları arasında qarşılıqlı əlaqələri müəyyənləşdirmək və əldə edilmiş bilikləri müstəqil tətbiq etmək bacarıqları yaranır.
Məktəbəqədər təhsilin proqramı (kurikulumu) müasir dünya təcrübəsinə uyğun yeni baxış və yanaşmalar əsasında hazırlandığından onun etibarlılığını, nəzərdə tutulan nəticələrin reallaşmasına hansı səviyyədə təminat verəcəyini sınaqdan keçirmək üçün həmin proqramın (kurikulumun) pilot qaydasında tətbiqi məqsədilə respublikanın 15 pilot şəhər və rayonunda məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təlimlər keçirilmişdir. Bu təlimlərdən 3093 tərbiyəçi keçmişdir.
Bununla yanaşı, məktəbəqədər təhsil müəssisələrində işin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra pilot layihələr həyata keçirilmişdir.
Azərbyacan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında bağlanmış maliyyələşdirmə sazişi çərçivəsində təsdiq olunan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nəzərdə tutulmuş "Məktəbəhazırlığın inkişaf etdirilməsi" komponenti çərçivəsində "Qısamüddətli təlim qruplarında məktəbə hazırlıq" və "Valideynlərin maarifləndirilməsi" proqramları altı pilot rayonda - Bakı şəhərinin Xətai, eləcə də Lənkəran, Quba, Füzuli, Şamaxı, Göygöl rayonlarının uşaq bağçalarında tətbiq edilmişdir. Bu layihələrə 626 uşaq və 950 valideyn cəlb olunmuşdur.
2011-ci ildən 2014-cü ilin mart ayınadək davam edən 5 yaşlıların məktəbə hazırlığı işinin tənzimlənməsi üzrə BP şirkətinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi tərəfindən Şəmkir rayonunun beş kəndinin uşaq bağçalarında "İcma nəzdində məktəbəhazırlıq qruplarının təşkili" layihəsi həyata keçirilmişdir.
Bununla yanaşı, Avropa Birliyinin maliyyə dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi və Azərbaycana Birgə Yardım Təşkilatı tərəfindən 2012-ci ilin yanvar ayından Sumqayıt şəhəri, Siyəzən, Biləsuvar və Lənkəran rayonlarında 17 özünədəstək qrupunda "Sosial Hüquqların İnkişafı - həssas təbəqədən olan və məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlar üçün icma əsaslı strategiyalar" layihəsi həyata keçirilib. Bu layihə məktəbəqədər təhsilə cəlb olunmayan 3-6 yaşlı uşaqların təhsil və inkişaf istiqamətli xidmətlərdən istifadə etməsini, eyni zamanda yerli məktəbəqədər təhsil müəssisələrində innovativ pedaqoji texnologiyaların tətbiq olunmasına yardım edilməsini və pedaqoji heyətin məktəbəqədər təhsilin kurikulumu üzrə hazırlanmasını nəzərdə tutur. Layihənin səmərəli həyata keçirilməsi məqsədilə həmin qruplar Təhsil Nazirliyi tərəfindən müxtəlif metodik və təlim vəsaitləri ilə təmin olunmuşdur.
YUNİSEF-in dəstəyi ilə 2013-cü ilin yay aylarında Şabran, Gədəbəy və Yardımlı rayonlarında məktəbəqədər yaşlı uşaqlar üçün on həftəlik məktəbəhazırlıq qrupları təşkil edilmişdir. Bu qruplara 2163 uşaq cəlb olunmuşdur. Təhsil Nazirliyi həmin qrupları zəruri təlim vəsaitləri ilə təmin etmişdir.
Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, bir sıra həllini gözləyən problemlər də mövcuddur. Bu problemləri 3 əsas hissəyə ayırmaq olar: məzmun, kadr və infrastruktur.
Məktəbəqədər təhsilin kurikulumunun tətbiqi üzrə müəyyən işlər görülsə də, obyektiv və subyektiv səbəblərdən bir sıra çətinliklər mövcuddur.
Təbii ki, bu problem pedaqoji kadr hazırlığı ilə bilavasitə əlaqədardır. Bu sahədə aparılan işlər zamanın tələbinə cavab vermir. Məktəbəqədər təhsilin kurikulumunun məqsəd və vəzifələrinin həyata keçirilməsi peşəkarlıq baxımından ciddi problemləri olan bu kadrların potensial imkanlarının fövqündədir. Hazırda respublikanın məktəbəqədər təhsil müəssisələrində 14614 pedaqoi kadr çalışır. Lakin son illərdə onların ixtisasartırması, kurikulumun tətbiqi və müasir təlim texnologiyaları baxımından təkmilləşməsi müəyyən mənada unudulmuşdur. Respublikanın kənd rayonlarında orta və qeyri-ixtisas təhsilli şəxslərin məktəbəqədər təhsil müəssisələrində pedaqoji kadr kimi işlə təmin olunması problemin daha da dərinləşməsinə gətirib çıxarır. Bildiyimiz kimi, peşəkar müəllim olmadan ən yüksək səviyyədə hazırlanmış kurikulumun belə uğurlu tətbiqindən söz gedə bilməz.
İnfrastruktura gəldikdə isə, respublika üzrə yaşayış məntəqələrindən 75,5%-də məktəbəqədər təhsil müəssisəsinin olmaması, mövcud müəssisələrin əksəriyyətinin əsaslı təmirə ehtiyacının olması, maddi-texniki bazanın zəifliyi, 354 məktəbəqədər təhsil müəssisəsində məcburi köçkün ailələrinin məskunlaşması ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlbolunma göstəricisinin aşağı düşməsinə səbəb olmuşdur.
Göründüyü kimi, bu problemlərin aradan qaldırılması istiqamətində həlledici addımlar atmağın vaxtı gəlib çatmışdır. Cəmiyyətin müxtəlif xarakterli problemlərinin həllində aparıcı rol oynayan Heydər Əliyev Fondu bu gün də dəyərli təklif və təşəbbüslə təhsil sisteminə öz töhfələrini verir. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlər üçün salınan 83 qəsəbədə 50 uşaq bağçası tikilib. Eyni zamanda, Bakı şəhərində 11 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunmuş, 7 yeni uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir.
Məlumat verildiyi kimi, 2014-cü il fevralın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fondun yeni layihəsinin - məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı keçirilmişdir. Proqram ölkəmizin bütün bölgələrində uşaq bağçalarının genişmiqyaslı tikintisi, yenidənqurulması və əsaslı təmirinin dəstəklənməsini nəzərdə tutur. 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi qeyd olunan layihənin köməyi ilə məktəbəqədər təhsil infrastrukturunun müasirləşdirilməsinə, məktəbəqədər təhsilin səviyyəsinin yüksəlməsinə, mövcud problemlərin tam aradan qaldırılmasına nail olunacağına əminliyi ifadə etmək istərdik.
Bu layihənin əhəmiyyəti ondan ibarətdir ki, onun uğurla həyata keçirilməsi gələcək nəsillərimizin təhsil nailiyyətlərinə müsbət təsir göstərəcək, cəmiyyətin bütün təbəqələrini əhatə edəcək və nəticə etibarilə ölkəmizin sosial-iqtisadi inkişafı üçün böyük töhfələr verəcəkdir.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
Azərbaycan.-2014.-
14 mart.- S.2.