ALLAH, SƏNƏ ŞÜKÜR!
Heç
yetim uşaq yanıqlı-yanıqlı ağlayanda
eşitmisinizmi?!
Heç yetim uşağın qəlb dağlayan hıçqırıqlarını eşidərkən özünüz də kövrəlmisinizmi?!
Heç yetim uşağı ovundura bilməyəndə, göz yaşlarını kəsməkdə gücsüz olduğunuzu görərək acizliyinizi hiss etmisinizmi?!
Amma mən bütün bu duyğuları yaşamışam!
Kövrəlmişəm də, ağlamışam da, acizliyimi görüb özümü qınamışam da!
Çünki özüm də yetim olmuşam!
Çünki müharibə iştirakçısı kimi şəhid ataların yenicə yetim qalıb ağlayan övladları ilə çox rastlaşmışam!
Hətta çox zaman onlara qoşularaq özüm də zülüm-zülüm ağlamışam.
Çünki zülmə güc gələ bilməyəndə insan zülüm-zülüm ağlayır!
Axı həm də mən qaçqın rayonunda doğulub böyümüşəm və bu gün də taleyim oralarla bağlıdır!
Bütün bunları niyə xatırladım, acizlik hissini niyə yenidən yaşadım?!
Əslində, xatırlamadım, xatırlatdı!
Əslində, yaşamadım, yaşatdı!
İnternet vasitəsilə dünyaya yayılan yaralı suriyalı uşağın şəkli onu gördüyüm gündən qəlbimi parça-parça eləyib!
Dediyi sözlər varımdan yox edib: "Hər şeyi Allaha danışacam!"
Bilmirəm, yetim qoyulmuş çarəsiz uşaq haqq dünyasında Allahla görüşərək şikayətini edə bildimi?!
Amma hələ də İraqda vəziyyət düzəlməyib!
Amma hələ də Misirdə, Suriyada sabitlik yaranmayıb!
Amma hələ də "ərəb baharı" ərəb xalqlarına xoşbəxtlik, firavanlıq və əmin-amanlıq gətirməyib!
Heç gətirməyəcək də!
Çünki xoşbəxtliyi insanlara kənardan gətirib hədiyyə etmirlər, bunu özləri qazanmalıdırlar!
Çünki xoşbəxtliyin yolu inqilablardan, çevrilişlərdən, qan və dağıntılardan keçmir!
Xoşbəxtliyin yolu zəhmətdə, quruculuqda, sabitlikdə, əmin-amanlıqdadır!
Lap yaxın keçmişlərdə biz də xaos və anarxiya dövrünü yaşamışıq!
Lap yaxın keçmişlərdə biz də fövqəladə vəziyyət rejiminin ağrı-acısını duymuşuq!
Lap yaxın keçmişdə komendant saatında evdə oturaraq icazəsiz küçəyə çıxa bilməmişik!
Bütün bunları unutmamalıyıq!
Çünki insan unutduğu faciələri və hadisələri yenidən yaşaya bilir!
20 Yanvar faciəsini
necə unutmaq olar?!
20 Yanvaradək biz Sov. İKP-yə
necə böyük ümid və inamla baxırdıq, bəşəriyyəti ağ günlərə
çıxaracağına inanırdıq!
20 Yanvaradək Qızıl Ordunu "Azadlıq ordusu", "ən
humanist ordu" hesab edirdik!
20 Yanvaradək Moskvanın ədalətinə şübhə
etmirdik!
20 Yanvarda bütün
bu inam və
məhəbbət sovet
tanklarının tırtılları
altında qalaraq məhv oldu, şəhid qanına bələnərək torpağa
hopdu.
Əvəzində Bakıda bu gün hamının müqəddəs məkan
kimi tanıdığı
Şəhidlər xiyabanı
yarandı.
Sən demə, bu da
hamısı deyilmış!
Bizi müstəqillik niyyətindən
çəkindirmək üçün
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
cəlb etdilər, ərazilərimizin işğalına
başladılar!
İkinci
dəfə biz üzərimizə
hücum edən sovet tankları və bizə birbaşa atəş açan sovet əsgərləri ilə
Xocalıda rastlaşdıq!
Nə rəhm etdilər, nə də aman verdilər!
Şəhidlərin sayı artdıqca Şəhidlər xiyabanı
da böyüdü, genişləndi, hətta ikincisi yarandı.
Özümüzü haqsız çıxararaq
adımızı "vəhşi
millət" qoydular!
Bir milyondan çox insanı doğma yurd-yuvasından zorla qovaraq taleyin ixtiyarına buraxdılar!
Nə yaxşı ki, Heydər Əliyev vardı!
Nə yaxşı ki, xalqın səsinə hay verərək yenidən geriyə qayıtdı, millətinə və dövlətinə sahib çıxdı!
Yoxsa indi Allah bilir hardaydıq, necə yaşayırdıq, kimin qapazı altında qalmışdıq!
Və əgər Heydər Əliyevin yaratdığı
sabitlik bu günədək qorunub saxlanmasaydı, nə düşünülmüş sürətli və davamlı inkişaf, nə yenidən qurularaq müasir və modern dövlətə
çevrilən Azərbaycan,
nə də indiki gün-güzəranımız,
yaşayış və
dolanışığımız vardı!
Müxtəlif rəngli inqilablar,
millətin adına
yazılan "baharlar",
"maydan" və
"islahatlar" axırımıza
çıxardı.
Çox
şükür ki, öz ağlımız və öz yolumuzla gedə bilirik!
Amma dünəni unutmaq və arxayınlaşmaq olmaz!
HƏLƏ
DƏ YAXŞI YADIMIZDADIR:
Müstəqilliyin
ilk illərinin xaos, anarxiya və qanunsuzluq burulğanları;
AXC-Müsavat cütlüyü iqtidarının
törətdiyi özbaşınalıqlar;
4 oktyabr
1994-cü ilin dövlət
çevrilişi cəhdi;
13-18 mart 1995-ci ilin
dövlət çevrilişi
cəhdi;
15 oktyabr
2003-cü ilin tarixin təkərini geriyə çevirmək cəhdi!
BUNLAR
HEÇ ZAMAN UNUDULMAMALIDIR!
Allaha çox şükür ki, ölkəmizdəki sabitlik möhkəm və etibarlıdır!
Allaha çox şükür ki, müstəqilliyimiz əbədi və dönməzdir!
Allaha çox şükür ki, Azərbaycan durmadan inkişaf edir, beynəlxalq aləmdə mövqeləri
möhkəmlənərək hörmət və nüfuzu getdikcə artır!
Allaha çox şükür ki, dövlətin dəstəyi ilə şəhid ataların övladları böyüyərək
çörəyə çatıblar,
yeni tipli qəsəbələrindəki təzə mənzillərdə
yaşayırlar!
Allaha çox şükür
ki, Azərbaycan xalqı daha yaxşını pisdən,
dostu düşməndən
ayıra bilir.
Amma hələ də bütün təhlükələr
sovuşmayıb!
Amma hələ də cəbhə bölgəsində
şəhid gedən zabitimizin yetim qalan övladları olur!
Amma hələ də Azərbaycana tuşlanmış
məkrli planları həyata keçirmək istəyənlər inadla çalışırlar!
Bunlara biganə qalmaq olmaz!
Mövqesiz dayanmaq olmaz!
Şərə qarşı soyuqqanlı
davranmaq, arxayınçılıq
göstərmək olmaz!
Bu dövlət də bizimdir!
Bu millət də bizimdir!
Bu vətən də bizimdir!
Dövləti qorumalı, millətə
arxa durmalı, Vətəni sevməliyik!
Bu günümüzə görə
Allaha şükür
etməyi də bacarmalıyıq!
Həm də təkcə şükür etməyi yox, olanları qorumağı, saxlamağı,
artırmağı da
bacarmalıyıq!
İnsan
yerdəkilərdən əli
üzüləndə üzünü
göyə çevirir!
İnsan
yerdə dərdini deməyə adam
tapmayanda Allahın ətəyindən yapışır!
İnsan
haqqa-ədalətə bu
dünyada çata bilməyəndə ümidini
o dünyada Allahla görüşünə bağlayır!
Üç yaşlı suriyalı
ərəb uşağı
kimi!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 14 mart.- S.3.