Azərbaycan-İran əlaqələrinin inkişaf

 perspektivləri müzakirə olunmuşdur

 

Martın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluq ifadə olunmuş, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, humanitar və mədəniyyət layihələrinin həyata keçirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və Xəzər dənizinin hüquqi statusu məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Davosda görüşünün iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.

Elmar Məmmədyarov martın 14-də Türkiyənin Van şəhərində Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini qeyd etmişdir. Nazir bu çərçivədə görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulamışdır.

İbrahim Rəhimpur Azərbaycan Respublikasının strateji əhəmiyyətə malik olduğunu qeyd etmiş, səfər çərçivəsində Naxçıvanda da olacağını və ikitərəfli görüşlər keçirəcəyini söyləmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə toxunan nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmalarının sülh prosesinə töhfə olacağını, beləliklə də regionda sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsinə təkan verəcəyini bildirmişdir.

 

Azərbaycan.-2014.- 14 mart.- S.4.