Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Növbəti belə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tərəfindən martın 13-də Şamaxıda keçirilmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan qəbula Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından gəlmiş 25 vətəndaşın hər biri fərdi qaydada qəbul olunaraq diqqətlə dinlənilmişdir. Müraciətlər əsasən xidmətin  müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul,  veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılanların ailə vəziyyətləri ilə əlaqədar yaşadıqları əraziyə yaxın hərbi hissələrdə xidmət etmələri və digər məsələlər barədə olunmuşdur.

Bəzi müraciətlər yerindəcə həllini tapmış, araşdırılması lazım gələn bir sıra müraciətlər isə nəzarətə götürülmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricində  olan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Qəbula gələnlər yaradılmış şəraitə görə razılıq etmiş, bölgələrdə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu cür qəbullar  keçirməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

AzərTAc

Azərbaycan.-2014.- 14 mart.- S.5.