Ordubadda Novruz
bayramı
Novruz yeni gün, yeni il bayramı olduğuna görə onu təntənə ilə qeyd etmək üçün hazırlıq tədbirləri sırasında təmizlik (təzələnmək) işləri xüsusi yer tutur. Tədqiqatçı H.Aslanlının sözləri ilə desək, Ordubadda "hələ Novruz bayramına bir ay qalmış evlərdə qapılar, pəncərələr, otaqların yeri, tavanı, divarları, şüşəbəndlər, eyvanlar və s. süpürülər, silinər, yuyular, tozdan-çirkdən təmizlənərdi. Həyətlər, bağçalar çalğı ilə təmizlənərdi. Xalça-palaz, yorğan-döşək, paltar və s. çırpılar, havaya sərilərdi. Ev-eşik, həyət-baca səliqə-sahmana salınardı".
Novruz bayramında insanların başlıca arzu-diləyi yeni ilin bar-bəhrəli olması, bolluq-bərəkət gətirməsi ilə bağlıdır. Yeni ilin bolluq ili olması inama görə, bayramın bolluq içində keçirilməsindən də asılıdır. Odur ki, Novruza hazırlıq tədbirləri sırasında ordubadlılar azuqə tədarükünə xüsusi diqqət yetirərdilər: "Bayram üçün azuqə - yarma, əriştə, ət (və ya qovurma), yağ, yumurta, düyü, doşab, qənd, şəkər, bal, şirniyyat, quru meyvə, çərəz və s. tədarük olunardı. Bayram üçün təzə paltarlar, hədiyyələr, ev əşyaları alınardı.
Bayrama iki həftə qalmış səməni cücərdərdilər... Novruz bayramına on gün - bir həftə qalmış "bayram çörəyi" yapardılar. Bayram ərəfəsində isə "bayram çöçəsi", "cəvizli çöçə", kətə, yağlı kətə, yağlı dastana (fəsəli) və s. bişirilərdi".
Ata-baba kultu ilə bağlı adətlərin ən başlıcası Ordubadda "qəbir üstünə getmə" adətidir. Bu adətə görə, Axır çərşənbədən əvvəlki cümə axşamı (yaxud da cümə günü) əvvəl qadınlar, sonra isə kişilər dəstə ilə qəbiristanlığa gedib, qəbirləri ziyarət edir və dualar oxuyurlar. Qadınlar qəbir üstünə gedəndə adətən özləri ilə şirniyyat da götürüb camaata paylayırlar. Qəbir üstünə gedilən gün yeməklərin bişirilməsi, halva çalınması vacib tədbirlərdən biridir.
Bişirilən yeməklər həm qonum-qonşuya (xüsusən də kasıb ailələrə) paylanır, həm də yemək bişirilən evdə ehsan kimi yeyilir. İli çıxmayan ölülərə həmin gün Qara bayram keçirilir. Ölü sahibi qonum-qonşuya, qohum-əqrəbaya xəbər göndərib öz evində xüsusi ehsan mərasimi təşkil edir.
Bayramaqədərki günlər arasında ən
təmtəraqlı keçirilən gün
Axır çərşənbədir. "İlin
axırıncı çərşənbə axşamı
yaxşı yeməklər bişirərdilər. Axır
çərşənbə axşamında damlarda
tonqallar qalayardılar. Bu tonqallar
iri olmazdı. Ancaq hər
evin damında tonqal qalanardı. Tonqalın üstündən tullanardılar
və "ağırlığım-uğurluğum
bu odda yansın"
- deyərdilər. Axır çərşənbənin
səhəri sübh tezdən gedib çaylarda, arxlarda, bulaqlarda əl-üzlərini,
ayaqlarını yuyardılar,
su üstündən keçərdilər.
İl təhvil
olan gün və ondan sonrakı
iki gün bayram olardı. Bu günlərdə
evlərdə yaxşı
xörəklər - müxtəlif
növ plovlar, qovurma və başqa ət xörəkləri, adi
halva, cəvizli halva, bal
halvası və s. bişirərdilər. Kürsünün (yemək masasının) və xalça-palazın
üstündə zəngin
süfrələr açardılar.
Müxtəlif növ
halvalar, çöçələr,
kətələr və
başqa bişintilər,
rəngli yumurtalar, şirniyyat, tut qurusu, ərik qaxı, cəviz, iydə, meviz, sucuq, bastıx,
alana süfrədən
əskik olmazdı.
Bayramın birinci günündən
başlayaraq hamı bir-birinə "bayramın
mübarək olsun, neçə belə bayramlara çıxasan",
"sənin də bayramın mübarək olsun, sən də neçə belə bayramlara çıxasan" deyərdi.
Oğlan
uşaqları qapı-qapı
gəzib hər bir ailəyə "bayramınız mübarək"
deyərdilər və
əvəzində, demək
olar ki, hər ailədən bayram payı, rənglənmiş yumurta
alardılar. Yeniyetmə oğlanlar
isə evlərin damlarına çıxıb
bacalardan torba sallayardılar. Onların torbalarına
yumurtadan əlavə şirniyyat, çərəz
və s. qoyulardı.
Bəzi qız uşaqları da yaxın qonşulara
və qohumlara gedib onları bayram münasibətilə
təbrik edərdilər
və əvəzində
bayrampayı alardılar. Çox
vaxt yeniyetmə gənclər, eyni zamanda, kişilər və qadınlar isə başqa ailələrdə yaşayan
özlərindən böyük
bacıların, qardaşların,
valideynlərin, xalaların,
bibilərin, əmilərin,
dayıların, nəsil
və tayfa ağsaqqallarının, ağbirçəklərin
görüşünə gedərdilər
və onlara bayrampayı, bəxşiş
verərdilər. Bəxşişlər adətən çox bahalı olmazdı, bir növ diqqət
və hörmət əlaməti olaraq simvolik səciyyə daşıyardı.
Novruz bayramında
nişanlı qızı
yaddan çıxarmazdılar. Mütləq onun görüşünə
gedərdilər. Ona hədiyyə
aparardılar. Bunu nişanlı
oğlanla bərabər
onun anası, böyük bacısı,
xalası və başqaları edərdi.
Bayram axşamları
qızlar, gəlinlər,
qadınlar qulaq falına çıxardılar. Qohumların, qonşuların danışıqlarına
xəlvəti qulaq asıb eşitdiklərini
yozardılar. Ona görə
də bayram günlərində, xüsusilə
də axşamlar xoşagəlməz hadisələr
haqqında danışmazdılar,
kədərli söhbətləri
yada salmazdılar, şən əhval-ruhiyyədə
olardılar, xoş sözlər danışardılar.
Novruz bayramında
küsülülər barışardı
və ya onları barışdırardılar. Cavan kişilər
yarışa girib at çapardılar, qurşaq
tutub güləşərdilər,
yallı gedərdilər.
Ən çox da yumurta
döyüşdürərdilər və müxtəlif yumurta oyunları oynayardılar. Yumurta döyüşdürmə
bir neçə cür olardı. Tək-tək döyüşdürəndə
bəzən dişə
vurub yumurtanın bərkliyini-boşluğunu yoxlardılar.
Buna "dadışmaq"
deyərdilər. Sonra kimin
yumurtanı əlində
və necə saxlayacağını, kimin
isə üstdən və necə vuracağını razılaşardılar.
Kimin yumurtası qırılardısa,
o, uduzmuş olurdu və sınıq yumurtanı udana (qalib gələnə) verirdi. Başqa bir halda dörd-beş nəfər
yumurtaları bir uşağın ətəyinə
qoyardı. Yumurtalar qarışardı.
Bəxtəbəxt hərə bir
yumurta götürüb
döyüşdürərdi.
Kim əlindəki yumurta
ilə digər yumurtaları çox qırardısa, o, qalib idi. Buna "ətəyə
atmaq" deyərdilər.
Yumurta çox olduqda onları sıra ilə düzərdilər
və bir tərəfdən götürüb
döyüşdürərdilər.
Axırıncı yumurtanı sındıran
sıradakı yumurtaların
hamısını udmuş
olurdu. Buna "qatara qoymaq" deyərdilər. Üç sınıq
yumurtanı adətən
bir bütöv yumurtaya dəyişdirərdilər.
"Hol qoymaq"
da maraqlı yumurta oyunu idi.
Nisbətən maili yer seçirdilər, yumurtaları
sıra ilə düzüb qabağına
çöp qoyurdular.
Çöpü götürdükdə yumurtalar dığırlanırdı.
Kimin yumurtası
daha uzağa dığırlansaydı, o, qalib
sayılırdı və
sıradakı yumurtaların
hamısını udmuş
olurdu. Biləvdə (o
cümlədən Ordubadın
bir cox başqa
kəndlərində) "dığırlanmaq"
əvəzinə "hollanmaq"
sözü daha çox işlədilir, ona görə də belə yumurta oyununa "hol qoymaq" deyərdilər. Bunlardan başqa yumurtanı nişan edib
uzaqdan daşlamaq oyunu da vardı.
Əgər kimsə uzaqdan - təxminən
10-12 metr məsafədən
on dəfə daş atıb nişan
qoyulan yumurtanı vura bilməsəydi, bir yumurta uduzmuş
olurdu. Buna nişan
qoymaq deyərdilər".
Novruz bayramında Ordubadda keçirilən ən maraqlı oyunlardan biri də tədqiqatçıların
yazdığı kimi,
"Xan bəzəmə"dir.
Həmin bölgədən
yazıya alınmış
bir variantda "Xan bəzəmə" oyunu belə təsvir edilir:
"Yeddiləvin günü
sübh tezdən hamı böyük meydana yığışır. Şənlik başlanır. Cəngi
çalınır, zorxana
qurulur... Pəhləvanlar
güləşib qurtarandan
sonra zorxana yığışdırılır... Meydana Kosa çıxır...
Bundan
("Kosa-kosa" tamaşasından)
sonra ağsaqqallardan biri meydana yığılanlara
üz tutub deyir:
- Camaat, bu gün
bir xan seçməliyik.
Xan gərək qaşqabaqlı, sözü
ötkəm adam
olsun. Ona bir vəzir,
bir vəkil, üç fərraş, bir də cəllad
seçib verin.
Adamlar yer-yerdən deyirlər:
- Xanımız olsun başmaqçı Mərdan.
Xanı təmtəraqla meydanın
yuxarı başında
qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də gəlib
taxtın sağ-solunda
əyləşir. Yaraqlı-yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar.
Cəllad qırmızı libas geyib, əlində
balta meydanın aşağı başında
gözləyir.
Xan gözlənilməz
əmrlər verir, adamları da onun buyruqlarını can-başla yerinə yetirirlər. Kosa ilə təlxək
də tez-tez meydana girib xanı
güldürməyə çalışır.
Minbir hoqqadan sonra xanı güldürüb
taxtdan yendirirlər, aparıb suya basırlar".
Bu xalq oyunu müxtəlif ölkələrdə
qeydə alınan yalançı hökmdar mərasimi ilə səsləşir. Yalançı hökmdar mərasimi
kimi "Xan bəzəmə" də
ilin xüsusi günündə keçirilir.
Mətndə "yeddiləvin günü" adlandırılan
həmin gün bayram günüdür, köhnə ilin tamam olub, yeni
ilin başlandığı
bir vaxtdır.
Ə.Şamilov tərəfindən yazıya alınmış başqa bir variantdan da gördüyümüz kimi, "Xan bəzəmə"də yalançı xanın gülməsinə yasaq qoyulur. Yuxarıda misal çəkdiyimiz mətndə xan seçiləcək adamın "qaşqabaqlı, sözü ötkəm" olmasına xüsusi işarə edilməsi məhz yasağa münasib əlamətlərin sadalanması deməkdir.
Xanın gülməməsi, çox güman ki, ciddi olmağın, özünü əsl hökm sahibi kimi apara bilməyin işarəsidir. Çal-çağırın, məzəli oyunların, gülməcələrin, atmacaların müqabilində yalançı xanın böyük bir ciddiyyətlə öz vəzifəsini icra etməsi müxtəlif ölkələrdə qeydə alınmış yalançı hökmdar mərasimində beşgünlük hökmdarın həqiqi hökmdar səlahiyyətlərini mənimsəməsini yada salır və aydın olur ki, "Xan bəzəmə" oyunu Novruzda keçirilən bir çox başqa oyunlar kimi, arxaik mifoloji görüşlərdən xəbər verir.
Həm bayramqabağı, həm də Novruz bayramı günlərində bu ənənələrin bir çoxu rayonda indi də icra olunur.
Muxtar KAZIMOĞLU,
filologiya üzrə elmlər doktoru, professor
Azərbaycan.-2014.- 14 mart.- S.5.