Yarımçıq gündəliklər

 

"Gecələr niyə əzazil olur görəsən? Əlinə keçəni titrədir, səs-küy qoparır və bu səs-küyün içindən vahimə də dikəlir". Bu sətirlər 45 illik həsrətini doğmalarının və dostlarının ixtiyarına buraxıb gedən şəhid, baş leytenant Mahir Quliyevin döyüş yolundan bəs edən "Dünya səni tanımadı" kitabındandır... 

 

"...Mən İbrahim oğlu Mahirəm..."

 

1969-cu ilin 14 martında Kəlbəcərin Quzeyçirkin kəndində anadan olub. Orta təhsilini Qılınclı kəndində alıb. İndiyə kimi müəllimləri də, orta məktəb dostları da onu güclü xarakterinə, məntiqinə və iradəsinə görə hörmət və məhəbbətlə xatırlayırlar. Bu xüsusiyyətləri onun sonrakı taleyində həlledici rol oynadı. İndi Quzeyçirkin kənd orta məktəbi onun adını daşıyır. Orta məktəbi bitirən kimi Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil oldu. Xidmətini Kuybışev Hərbi Dairəsində davam etdirdi. 1992-ci ilin yazından Azərbaycan Ordusunun zabiti kimi döyüşlərin ən gərgin nöqtələrinə atıldı. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində baş leytenant Mahir Quliyevin dəstəsi xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərdi. O, 1993-cü ilin 8 aprelində Murovdağın ətəyində şəhid oldu. Bu illər ərzində onu tərk etməyən dostları və bir gündəliyi yaşamaqdadır. Hazırda Mahirin həm də qələm tutan əlləri üçün darıxan həmin gündəliyi vərəqlədikcə cəbhə xəttinin keçdiyi bütün bölgələrimizi gəzib dolanır, ağır döyüşlərin nəfəsini hiss edir və qələbə əzmli oğlanların xatirəsini ehtiramla yad edirsən. Burada yazılanların hamısı qaynar bir reportajı xatırladır.

11.06.92-ci il. Səhər saat 10.30-da Sarısu kəndinə kəşfiyyata yollandıq. Saat yarımdan çox orada qaldıq. Ermənilərin mövqeyinə qədər olan məsafə hava yolu ilə 2-3 kilometr olardı. Onların mövqelərini dəqiqləşdirmək əmri verildi.

Tez-tez atasının Məhəmməd peyğəmbərin həyatından danışdığı hədisləri xatırlardı: "Hər bir müsəlman döyüşçüsü on kafirə bərabərdir". Bu hesabla Mahirin kiçik kəşfiyyat dəstəsi erməni qarşısında bir batalyondan çox idi. Bunu onun dəstəsində hər kəs yaxşı bilirdi.

Bu qeydlər məşhur "Gülüstan əməliyyatı"nı öyrənmək, Azərbaycan əsgərinin əzmini, iradəsini təsəvvür etmək üçün ən yaxşı sübutdur: "Saat ikiyə on üç dəqiqə işləyib. Yenə hücuma keçirik. Buzluq kəndini almalıyıq". Ardınca Mahir Quliyevin dəstəsi həmin əraziyə yollanır  - ermənilərin gücü-qüvvəsi, ən əsası hücum ərəfəsində qarşı tərəfin mənəvi-psixoloji durumu müəyyənləşdirilməlidir. Mahir kəşfiyyatçı kimi gördüklərini gündəliyində də ifadə edir: "Mənim kəşfiyyat qrupum kəşfiyyata getdi. Müşahidə elədik ki, ermənilər kənddən qaçır". Bizim döyüşçülərin əhval-ruhiyyəsi isə belədir: "Döyüşçüləri saxlamaq olmur. Hamı qabağa getmək istəyir". Yaxud: "İki boyevik öldürdük, ikisini əsir götürdük. Qrup hücum əmri gözləyirdi..." Maraqlıdır - öldürülənlərin biri rusdur. Onun cibindən çıxan gündəliyində isə bunlar yazılıb: "...Todan kəndinin ələ keçirilməsi barədə əmr gəlib. Tezliklə azərbaycanlı basmaçıları məğlub edəcəyik. Kifayət qədər texnikamız var. Qələbə çalıb məzuniyyətə yollanacam..." Əsgərlərimizin qətiyyəti sayəsində o gün düşmənin gündəliyi kimi, arzuları da məhv oldu. Mahirin gündəliyində Başkənd əməliyyatının bəzi detallarını izləmək mümkündür: "Başkənd açıq-aydın görünür. Erməni boyevikləri görünür. Bəhruzun əlləri istər-istəməz pulemyotun tətiyinə yönəldi. Başımla işarə elədim ki, olmaz. Gileyli-gileyli üzünü məndən çevirdi".

1992-ci ilin 15 iyununda gündəlikdəki qeydlərdə insanın içini qələbə əzmi bürüyür: "Səhərdir. Hücum əmri gözləyirik. "Qrad"larımız hələ də ermənilərin başına mərmi ələyir. Gülüstan kəndi yanır..." Səhərisi gün - 16 iyunda ən xırda detallarda belə qələbə əzmini duymamaq mümkün deyil: "Səhər açılıb... Hava yağışlıdır. Uşaqlar yenə 4 erməni tutublar. Qocadırlar. İkisi arvad, ikisi kişidir. Onları komandirimizə təhvil verdik. İndi əmr gözləyirik. Talışa gedən yolda, meşədə ermənilərdən ələ keçirdiyimiz 277 nömrəli PDM, birbizim PDM qaldı".

 

Bunlar onun gündəliyində yoxdur...

 

Mahirin həsrəti ilə dünyadan gedən İbrahim ata ilə Yəmən ana artıq həyatda yoxdurlar. N.Qılınclının Mahirin ömür yoluna həsr olunan "Dünya səni tanımadı" kitabında onların oğul həsrəti də yer alıb.

İbrahim ata: "Son dəfə martın 30-da görüşdük. Səhər tezdən gəldi. Çox kədərli idi. "Dədə, vəziyyət ağırdır, kənddə hamıya de, heç kim yerindən tərpənməsin. Dığaların axırına çıxmalıyıq", - dedi. Yumruqlarını düyünləmişdi. Heç çay da içmədi. Getdi..."

Yəmən ana: "İki dəfə yuxuda görmüşəm Mahirimi. Gördüm ki, İbrahimlə kənddə çəmənlikdə oturmuşuq. Birdən Mahir gəlib ikimizin aramızdan keçib getdi. Dedim, ay İbrahim, niyə qoydun onu getməyə... Əlim yuxuda da çatmadı balama..."

Mayor Rəhman İsgəndərovun dediklərindən: "Mahirlə eyni məktəbdə oxumuşuq... Onun öyrənmək ehtirasına həmişə həsəd aparmışam... Öyrəndiklərini  döyüşlərdə tətbiq etməklə komandir olduğu hərbi bölüyün mövqe qələbələri qazanmasını təmin edirdi..."

Gizir Qalib Rəhimov: "Mahir əsgərlərini özündən çox istəyirdi. Birinin ayağı burxulanda  onun ürəyi ağrıyırdı. Biri naxoşlayıb iştahası pozulanda Mahirin boğazından çörək nədir, heç  su da keçmirdi. Aldığı maaşı cədvəl düzəldib mükafat adıyla  taburun əsgərləri arasında bölüşdürürdü. "Müharibədə qələbə əsgərin cəsarətindən, sevgisinin qədərindən asılıdır" - Mahir belə deyərdi torpağımızı kişi kimi qoruyanları elə ömrünə pir bilərdi..."

 

Danışan sətirlər

 

Mahirin gündəliyindən: "1 il 5 aydır ki, evə getmirəm. Evdən çıxmışam 11 fevral 1991-ci ildə". Ancaq Kəlbəcəri bir daha görmək, doğmalarının səsini eşitmək hələ onun qismətində varmış: "Bütün günü yol gedib, nəhayət, gəlib çatdım Kəlbəcərə. Ata-ana, bacı-qardaş - tanımalı deyildi. Bu 1 il yarımda qədər dəyişmişdilər. Ən çoxu da anam. Yazıq ana. Eybi yoxdur, bunu yerdə heç vaxt qoymayacağıq. Analar dözməlidir. Torpaqlar getsə, mənə heç lazım deyil".

5 iyul 1992-ci ildə bunları qeyd edəndə o günün lap yaxında, qələbənin isə çox uzaqda olduğunun fərqində deyildi. Doğma kəndinə bir neçə gün əvvəl başlanan itkilərlə dolu bir əməliyyatdan çıxıb gəlmişdi. Bu da onun gündəliyində əksini tapıb: "01.07.92-ci il. Bu gün ayın 1-dir. Kiminçünsə bu gün yaxşı başladı, kiminçünsə çox pis, dəhşətli. Bu gün iki nəfərimiz qəhrəmancasına həlak olub. Allah rəhmət eləsin - Mehdi Atif. Görəsən onlar yuxu görmüşdülər, fikirləşirdilər? Səhər tezdən gülürdülər, danışırdılar. 11-lə 16 arası onların taleyi həll olunurdu. Özü kim həll edirdi - ermənilər. Ancaq onlar torpaq uğrunda həlak oldular. Necə igid oğlanlar idilər onlar. Görəsən anaları, bacıları necə yuxu görmüşdülər? İndi hələ bilmirlər..."

Bunun ardınca döyüş səhnəsi canlanır: "...Ermənilər top atırdılar... Bizim Eldar da yaxşı atırdı. Ermənilər çox tələfat vermişdilər. Bizdən iki nəfər ölmüş - Mehdi Atif. Bir nəfər yaralanmış - Rövşən. Bir nəfər heç görmür, heç eşitmir. Dünən erməni minomyotunu ələ keçirmişdi bu uşaqlar".

Yaxud: "... Bir nəfər - Bəxtiyar kontuziya aldı. Apardılar xəstəxanaya, heç eşitmir. İndi komandir gedib meyitləri Bakıya yola salmağa. Biz gözləyirik. Görəsən vaxt qurtaracaq bu müharibə? Bir onu bilirəm ki, qədər davam etsə , biz bu torpaqları əldən verməyəcəyik!!! Qoy bütün dünya bunu bilsin. Qoy bütün Azərbaycan xalqı bilsin ki, onun igid mərd oğulları Mehdi, Elşad, Atif başqaları Qarabağı erməni ruslardan azad etməyincə bir addım da olsa geri çəkilməyəcəklər. Mən buna inanıram ancaq ancaq yeganə bir arzum var: Qələbə gününü Azərbaycanın ürəyi Şuşada görək!!! Qoy torpaq uğrunda igidlərimiz qəhrəmancasına həlak olsunlar, ancaq Qarabağ alınsın!!! Ancaq İrəli!!!"

Onu hələ o vaxtlar dünya müharibələrinin qəhrəmanları ilə müqayisə edənlərə Mahirin bir cavabı vardı: "Olsam-olsam, mən İbrahim oğlu Mahirəm, qardaş..."

 

P.S. Mahirin ömür yolu kimi, gündəlik həyatının, döyüş yollarının, düşüncələrinin, ağrı-acılarının aynası olan gündəliyi yarımçıqdır. Bir yazılmayacaq o səhifələrə yazılsa, bundan sonra ancaq bir "Qələbə" sözü yazıla bilər, bir böyük qardaşı Əlövsət müəllimin baş leytenant Mahirin Şəhidlər xiyabanındakı məzarı üstdə söylədiyi misralar:

 

Torpağı düşməndə olan

            Vətənin

Zabiti bu qədər yatarmı,

            Mahir?

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 14 mart.- S.7.