Azərbaycan və Rumıniya Xarici işlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanmışdır

 

Martın 14-də Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Rumıniya xarici işlər nazirinin müavini Boqdan Aureskunun iştirakı ilə siyasi məsləhətləşmələr keçirilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilmişdir ki, görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunmuş və əlaqələrin strateji xarakter daşıdığı vurğulanmışdır.

Xələf Xələfov Azərbaycan ilə Rumıniya arasında siyasi dialoqun yüksək səviyyəsinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, sənaye, müdafiə sənayesi, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirmişdir. Azərbaycan ilə Rumıniya arasında münasibətlərin daha da inkişafı üçün heç bir məhdudiyyətin olmadığı qeyd edilmişdir. Nazir müavini ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətini də vurğulamışdır. O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rolu qeyd etmişdir.

Boqdan Auresku Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün hər cür imkanların olduğunu söyləmiş və bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini bildirmişdir. Rumıniya rəsmisi ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli siyasi şəraitin olduğunu da vurğulamışdır.

Xələf Xələfov Azərbaycanın qonşu dövlətlər ilə münasibətlərinin yüksək səviyyədə olduğunu söyləmiş, regionda sabitlik və davamlı inkişaf üçün yeganə maneə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini göstərmişdir. X.Xələfov rumıniyalı həmkarına münaqişə haqqında məlumat verərək Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin perspektivsiz olduğunu bildirmiş, apardığı işğalçılıq siyasəti nəticəsində Ermənistanın regionda həyata keçirilən bütün irimiqyaslı enerji və nəqliyyat layihələrindən kənarda qaldığını qeyd etmişdir. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinin nəzarətsiz qaldığını deyən X.Xələfov həmin ərazilərin beynəlxalq terror təşkilatlarının təlim mərkəzi kimi, insan alveri, qeyri-qanuni silah alveri, narkotik maddələrin yetişdirilməsi və tranziti üçün istifadə edildiyini vurğulamışdır. Bu vəziyyətin regionda sülh və sabitliyə təhlükə təşkil etdiyini bildirən X.Xələfov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd etmişdir.

Boqdan Auresku Rumıniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bunu bütün müstəvilərdə ifadə edəcəklərini bildirmişdir. Görüşdə qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda Azərbaycan Respublikası və Rumıniya Respublikası Xarici işlər nazirlikləri arasında 2014-2015-ci illər üçün ikitərəfli və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr planı imzalanmışdır.

 

Azərbaycan.-2014.- 15 mart.- S.3.