Tarixçi alim və pedaqoq

 

Qədim dövr Azərbaycan, eləcə də Şərq tarixinin öyrənilməsi sahəsində sanballı tədqiqatların müəllifi olan tarix elmləri doktoru, professor, əməkdar elm xadimi akademik İqrar Əliyev geniş profilli zəka sahiblərindən idi. XX əsrin ikinci yarısından başlayaraq keçmiş sovetlər ölkəsinin ən mötəbər elmi kürsülərində Azərbaycan tarix elmini ləyaqətlə təmsil edən görkəmli alimin bənzərsiz həyat tərzi, zəngin elmi fəaliyyəti bu gün bizə irs qalmış mənəvi sərvətlərimizdəndir.

İqrar Əliyev Bakının 18 nömrəli orta məktəbin Azərbaycan bölməsində təhsil almışdır. Onun müəllim sarıdan taleyi həmişə gətirmişdir. Orta məktəbdən görkəmli alim rütbəsinə keçən yol qədər ona mötəbər ədəbiyyat və elm xadimləri dərs demişlər. Azərbaycan dili və ədəbiyyatdan aşağı siniflərdə müəllimi Mikayıl Müşfiq, daha sonra Məmməd Hüseyn Təhmasib olmuşlar. İqrar Əliyevin Azərbaycan dilinə, milli-mənəvi dəyərlərə məhəbbət hissi məhz bu iki ustad müəllimin sayəsində formalaşmışdır.

İ.Əliyev 1940-cı ildə Bakı Dövlət Universitetinin eyni vaxtda tarix və filologiya fakültələrinə daxil olur, hər iki ixtisas üzrə tam kursu bitirir, mövcud qaydalara görə dövlət imtahanını tarix fənnindən verir. 1945-ci ildən etibarən o, taleyini Azərbaycan EA-nın Tarix İnstitutu ilə bağlayır. Hələ tələbəlik illərində Qədim dövr tarixi onun maraq dairəsində olur. Təsadüfi deyil ki, bu ixtisas üzrə də aspiranturaya gəlir. Dünya tarixşünaslığı üçün mürəkkəb və az öyrənilmiş bir mövzuda - "Midiya tarixi" üzrə tədqiqat aparır. Rusiyanın tarix elminin nəhənglərindən olan V.Struve onun rəhbəri olur. Bu mövzuda mənbəşünaslığın kasadlığı gənc tədqiqatçını çəkindirmir, əksinə, bu istiqamətdəki araşdırmaları onu V.V.Struve, Q.A.Melikişvili, M.Korostovsev, M.Dandamayev kimi elm xadimləri ilə doğmalaşdırır. Aspiranturada təhsil almaqla yanaşı İqrar Əliyev fəal pedaqoji fəaliyyətə başlayır. Qədim dövr tarixi üzrə mütəxəssislərin az olduğu bir vaxtda o, qiyabi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dosent, kafedra müdiri vəzifələrində işləyir. O, elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini bir-birindən ayırmır, Bakı Partiya məktəbində, İncəsənət Universitetində və digər ali məktəblərdə, həmçinin BDU-da mühazirələr oxuyur. Alimin hər bir mühazirəsi hadisəyə çevrilir, öz erudisiyası, natiqlik istedadı ilə auditoriyanı valeh edir.

Fəal pedaqoji fəaliyyətinə baxmayaraq, onun doğma ocağı AMEA-nın Tarix İnstitutu olur. İqrar Əliyev 1952-ci ildən Qədim və Orta əsrlər şöbəsində baş elmi işçi, 1956-cı ildən isə onu "Azərbaycanın və Şərqin qədim tarixi" üzrə baş elmi işçi vəzifəsinə təsdiq edirlər. 1950-ci illərin sonundan ömrünün axırına qədər görkəmli alim Qədim dövr tarixi şöbəsinə fasiləsiz rəhbərlik edir.

Şöbəyə rəhbərliklə yanaşı Midiya tarixinə dair fundamental kitabı üzərində işini davam etdirən İqrar Əliyev keçmiş SSRİ məkanında bu sahədə xüsusi tədqiqat aparan ilk alim olur. Midiyanın tarixinin tədqiqi olduqca çətin elmi problem idi. Mənbələrin qıtlığı, oxunması və şərhinin çətinlikləri bir çox elmi məsələlərin həllinə maneçilik törədirdi. Lakin İqrar Əliyevin zəngin elmi ədəbiyyata əsaslanan biliyi qədim cəmiyyətin dolaşıq tarixinə o dövrün imkanları müqabilində nəzər yetirməyə imkan verir. Nəhayət, alimin uzun illər apardığı axtarışları - 1960-cı ildə "Midiya tarixi" (akademik V.Struvenin redaktəsi ilə) monoqrafiyasının nəşri ilə tamamlanır. Bu əsərə görə o, elmləri doktor dərəcəsi alır. Nadir hadisələrdəndir ki, tarix elmləri doktoru olan İqrar Əliyev mövcud elmi nailiyyətlərlə kifayətlənmir və Sankt-Peterburq Dövlət Universitetinin tələbələri ilə birgə parta arxasında oturur və qədim dilləri öyrənmək sahəsində öz biliklərini dərinləşdirir. Dörd illik təhsil müddətində o, semitologiya, assirologiya üzrə ümumi kursları bitirir, akkat və qismən şumer dillərini öyrənir.

İqrar Əliyevin qeyri-adi istedadı onun qədim tarixin tədqiqinə marağını daha da artırır. Müəllimləri və həmkarları alimi Sankt-Peterburqda qalıb işləməyə təkid edirlər. Lakin o, bilirdi ki, Bakıda onu doğma institutu gözləyir.

Geniş erudisiya, təbii analitik zəka və böyük əməksevərlik İqrar Əliyevə bütün elmi fəaliyyəti boyu ilk mənbələri orijinaldan, daha doğrusu qədim dillərdən öyrənməklə yanaşı, onları arxeoloji faktlarla müqayisə edib və həmin əsasda tarixi rekonstruksiya yaratmağa imkan verirdi.

İqrar Əliyevin böyük elmə gəlişi faktiki olaraq Azərbaycan arxeoloqlar məktəbinin yaranmasına təsadüf edir. Arxeoloji qazıntılarda iştirak edən alim gənc ölkə arxeoloqlarına öz məktəbini, Qafqaz arxeoloji elmində öz istiqamətlərini formalaşdırmağa kömək edirdi. Onun arxeologiya elminin inkişafında xidmətləri təkcə elmi araşdırmalarla məhdudlaşmır. Arxeologiya və etnoqrafiya sektorunun daxil olduğu Tarix İnstitutunun direktoru kimi İqrar Əliyev respublikada arxeologiya elminin inkişafında səmərəli fəaliyyət göstərdi. Məhz görkəmli alimin rəhbərliyi ilə arxeoloji sahədə tədqiqatlar geniş vüsət aldı, bir çox rayonlarda arxeoloji bazalar təşkil edildi, çoxsaylı monoqrafiyalar, kollektiv elmi məcmuələr nəşr edildi. Həmin illərdə onlarla gənc mütəxəssis Moskva və Sankt-Peterburqun aparıcı elmi mərkəzlərində aspiranturaya və elmi təcrübə keçməyə göndərildi.

Azərbaycanın tarixi və mədəni, o cümlədən arxeoloji abidələrinin qorunmasında İqrar Əliyevin xidmətləri böyükdür. 1971-ci ildə Mərkəzi Komitəyə yazdığı məşhur tarixi arayışda akademik respublikada arxeoloji abidələrin qorunması naminə "həyəcan təbili" çalır. Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi həmin illərdə alimin bu təşəbbüsünü dəstəkləməklə yanaşı, bir çox tarixi abidələrin qorunub saxlanılması üçün uzaqgörən qərarlar qəbul edir. Təkcə Qəbələ abidələrinin və Nizami Gəncəvinin məqbərəsinin taleyini xatırlamaq kifayətdir.

Ulu öndər Heydər Əliyevin təqdimatı ilə 1978-ci ildə İqrar Əliyev Tarix İnstitutuna direktor təyin edilir. Akademikin institutun rəhbərliyinə gəlişi ilə saf elmi bir mühit yaranır. Onun sadəliyi, səmimiyyəti elmi-təşkilati işlərin bütün detallarında reallaşırdı.

AMEA tarixində direktor kürsüsündə uzun müddət çalışan alimlərdən biri kimi İqrar Əliyev respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

1980-ci illərdən başlayaraq akademik çoxcildlik "Azərbaycan tarixi"nin yazılmasına bir müəllif və redaktor, təşkilatçı kimi xüsusi əmək sərf edir. Lakin xalqımıza qarşı erməni təcavüzü ilə bağlı bu çoxcildliyin yazılması ləngiyir. Vətənimizin dar məqamında İqrar Əliyev Qarabağ mövzusunda tədqiqat aparır. Qeyd etmək lazımdır ki, bu mövzuda alim ilk dəfə 1948-ci ildə, 23 yaşında Mir Cəfər Bağırovun tapşırığı ilə tədqiqat aparmış və Mərkəzi Komitəyə dərin elmi əsasları olan geniş arayış təqdim etmişdi. 30 il sonra bədxah qonşularımızın təcavüzü zamanı ümummilli lider Heydər Əliyevin tapşırığı ilə mövzuya yenidən qayıtmışdı. Onun "Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr" kitabı 1989-cu ildə kütləvi tirajla nəşr edildi. Bu xalqımızın düşmənlərinə, onların elmi arqumenti olmayan iddialarına akademik cavab idi. Həmin əsərdən sonra akademikin "Atropatenanın tarixi oçerkləri" kitabı nəşr edildi. Bu əsər Atropatenanın tarixinə dair ilk və yeganə tədqiqat idi və Qədim Azərbaycanın tarixini öyrənmək istiqamətində elmi dəyərli töhfə oldu. Sonrakı illər İqrar Əliyevin qədim dövrlə bağlı bir-birinin ardınca üç kitabı çap edildi. Akademikin uzun illər apardığı tədqiqatların yekunu olaraq çoxcildlik "Azərbaycan tarixi"nin birinci cildi 1998-ci ildə işıq üzü gördü. Bu əsərdə elmə məlum olan bütün arxeoloji materiallar, həmçinin Azərbaycanın qədim dövrünə dair yazılı mənbələr elmi dövriyyəyə gətirildi. Azərbaycan tarix elminin qədim dövr sahəsindəki elmi qənaətlərin yekunu kimi meydana çıxmış bu əsər alimin 80 illik yubileyində respublika Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Prezidentin İqrar Əliyevə ünvanlanmış məktubunda deyilirdi: "Məhz sizin böyük təşkilatçılıq qabiliyyətiniz, elmi əzmkarlığınız sayəsində müstəqil Azərbaycanımızın həyatında böyük hadisə olan çoxcildlik "Azərbaycan tarixi" yazılıb çapa hazırlanmış və işıq üzü görmüşdür. Siz qədim Azərbaycan tarixinin tədqiqinə həsr olunmuş dəyərli monoqrafiyaların, elmi məqalələrin, publisist oçerklərin müəllifisiniz. Ölkəmizin hüdudlarından kənarda da sizə böyük şöhrət gətirmiş sanballı elmi tədqiqatlarınız ilə xalqımızın çoxəsrlik tarixini dünyaya tanıtmış və təbliğ etmisiniz".

Ölkənin elmi, ictimai-siyasi həyatında, yüksək ixtisaslı kadrların yetişdirilməsində akademik İqrar Əliyevin xidmətləri xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Görkəmli alimin tarix elminin inkişafındakı böyük xidmətləri xarici ölkələrdə də etiraf olunmuşdur. O, 2003-cü ildə Beynəlxalq Akademiyaya üzv seçilmişdir.

Akademik İqrar Əliyev öz Vətəninin sadiq övladı, yüksək elmi-əxlaqı dəyərlərin daşıyıcısı olan klassik ziyalı, professor idi. Bənzərsiz şəxsiyyəti və məhsuldar elmi fəaliyyəti ona hər zaman əbədi yaşamaq haqqı qazandırıb.

 

Nigar MAKSVELL,

AMEA-nın A.Bakıxanov adına

 Tarix İnstitutunun şöbə müdiri,

tarix elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 15 mart.- S.7.