Sankt-Peterburqda Nizami Gəncəviyə
həsr edilmiş xatirə gecəsi keçirilmişdir
Martın 13-də Rusiya Dövlət Ermitajı, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburqun İctimai Palatası və Ümumdünya Peterburqlular Klubunun birgə təşiklatçılığı ilə 1941-ci ilin oktyabr ayında Leninqradın faşistlər tərəfindən blokadada saxlanılması zamanı Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş konfransla əlaqədar xatirə gecəsi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğun əməkdaşları, rusiyalı alim və ziyalılar, ictimai və siyasi xadimlər, Azərbaycan diasporu üzvləri, tələbə və gənclər, mətbuat nümayəndələri iştirak etmişlər.
Ermitajın baş direktoru Mixail Piotrovskiy çıxış edərək 1941-ci ilin oktyabr ayında soyuq hava və aclığa baxmayaraq Leninqradın alim və ziyalıları tərəfindən Nizami Gəncəvinin 800-illiyinə həsr edilmiş elmi konfransın keçirilməsini dahi şairə göstərilən dərin hörmət əlaməti kimi qeyd etmişdir.
Tədbirdə çıxış edən Baş konsul Elşad Qulamov Nizami Gəncəvinin həyat və yaradıcılığından məlumat vermiş, Sankt-Peterburqda ilk dəfə olaraq 2002-ci ilin iyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə dahi şairə ucaldılmış abidədən söz açmışdır. 2011-ci ildə abidənin yerləşdiyi bağda Heydər Əliyev Fondu tərəfindən aparılan abadlıq işləri barədə məlumat vermişdir.
Xatirə gecəsi musiqili-poetik
proqramla davam etmişdir. Proqram çərçivəsində Nizami
Gəncəvinin şerlərindən misralar
oxunmuş, incəsənət elmləri doktoru tanınmış tar
ustası Faiq Çələbi Azərbaycan
milli musiqi
parçalarını ifa etmiş,
o cümlədən, Peterburq
artistləri tərəfindən “Məhəbbət hekayəsi”
adlı rəqs miniatüru qonaqlara təqdim edilmişdir.
Azərbaycan.-2014.- 15 mart.- S.7.