Baş prokuror Qusarda vətəndaşları qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, martın 14-də baş prokuror Zakir Qaralov Qusar rayon prokurorluğunun inzibati binasında Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl baş prokuror ümummilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişdir.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 30-dək vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon prokurorlarına müvafiq göstərişlər verilmişdir.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapmışdır. Onların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları ilə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqdaya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilmiş, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqları onların diqqətinə çatdırılmışdır.

 

Azərbaycan.-2014.- 15 mart.- S.3.