Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” sərgisi açılmışdır

 

 

 

 

Martın 15-də Heydər Əliyev Mərkəzində “Silahların əfsanəsi” adlı sərgi açılmışdır. Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər. AzərTAc xəbər verir ki, sərgidə Avropanın XVI-XVIII əsrlərə aid tarixi silahzirehli geyimləri nümayiş olunur.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi bir sıra layihələrdən söhbət açmışdır. Bildirmişdir ki, Heydər Əliyev Mərkəzi artıq Azərbaycanda mədəni tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Şəhərimizin sakinləri və paytaxtımızın qonaqları həm binanın nadir memarlıq həllinə heyran qalır, həm də burada təşkil olunan tədbirlərdən böyük zövq alırlar. Artıq burada keçirilən “Kosmosa səyahət” sərgisi çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Qısa müddətdə 50 minə yaxın insan həmin sərgi ilə tanış olmuşdur.

Heydər Əliyev Mərkəzinin direktoru sərginin təşkilində əməyi olanlara, xüsusilə Avstriyanın Yoxanneum Muzeyinin rəhbərliyinə təşəkkür etmiş və ekspozisiyanın bəyəniləcəyinə əminliyini bildirmişdir.

Avstriyanın Yoxanneum Muzeyinin direktoru Volfqanq Muxitç bildirmişdir ki, “Silahların əfsanəsi” sərgisi rəhbərlik etdiyi muzeyin kolleksiyasının kiçik bir hissəsidir. Bu sərgi Nyu-York, Vaşinqton şəhərlərindən, Kanada və Avropanın bir sıra ölkələrindən sonra artıq Bakıda nümayiş etdirilir. Qonaq diqqətə çatdırmışdır ki, Avropa ərazisində baş verən  bütün döyüşlərdə silahzirehli geyimlərdən geniş istifadə olunmuşdur. Bu sərgidə nümayiş etdirilən bir çox eksponatlar həmin kolleksiyanın ən çox dəyərləndirilən nümunələrindəndir. Yoxanneum Muzeyi regionda belə eksponatların kolleksiyasının saxlanıldığı 12 muzeydən biridir. Bu ən qədim muzeyə 2003-cü ildən, həmçinin memarlıq eksponatları da daxil edilmişdir.

Volfqanq Muxitç sərginin təşkilinə dəstək verən Heydər Əliyev Mərkəzinin kollektivinə dərin minnətdarlığını bildirmiş və ziyarətçilər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini demişdir.

Mərasimdə çıxış edən sərginin kuratoru Johannes Ramharter demişdir ki, bəzi insanlar möcüzənin daha baş vermədiyi qənaətindədirlər, bəziləri isə möcüzəni, tarixi canlandırır, proseslərin iştirakçısı olmaq istəyirlər. Təqdim olunan sərgidə tarixin kiçik bir səhnəsini, müdafiə imkanlarını, onların vacibliyini bir daha möcüzə olaraq görmək mümkündür.

Sonra sərgiyə baxış olmuşdur.

İyunun 5-dək davam edəcək sərgidə ziyarətçilərə Avropanın 130 tarixi eksponatı təqdim olunur. Dünyanın ən böyük tarixi silahzireh kolleksiyası – Avstriyanın əfsanəvi Qraz cəbbəxanasından nümunələr də bu eksponatlar sırasındadır.

Sərgidə nümayiş olunan silahzirehli geyimlər müxtəlif döyüşlərdə istifadə olunmuş orijinal nümunələrdir.

“Silahların əfsanəsi”ndə ziyarətçilər tarixin canlı şahidi olur, hər bir eksponata dair maraqlı məlumatlar əldə edirlər.

 

Azərbaycan.-2014.- 16 mart.- S.3.