Naxçıvanda görkəmli bəstəkar Süleyman Ələsgərovun

 90 illik yubileyi qeyd edilmişdir

 

 

Naxçıvan, 14 mart (AzərTAc). Martın 14-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycanın görkəmli bəstəkarı Süleyman Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının (MR) mədəniyyət və turizm naziri Sarvan İbrahimov bəstəkar Süleyman Ələsgərovun 90 illik yubileyinin Azərbaycanda geniş qeyd olunduğunu, bəstəkarın milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş etdiyini bildirmişdir.

Naxçıvan Dövlət Universitetinin müəllimi Yaşar Xəlilov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru Elman Əliyev və Naxçıvan Musiqi Kollecinin müəllimi Samirə Hüseynova bəstəkarın həyat və yaradıcılığı haqqında çıxış etmişlər.

Vurğulanmışdır ki, Süleyman Ələsgərov 100-dən çox mahnı bəstələmişdir. Onun mahnıları bu gün də Aazərbaycan xalqı tərəfindən sevilərək dinlənilir.

Qeyd olunmuşdur ki, Süleyman Ələsgərov Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, həm də görkəmli dirijorpedaqoq idi.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin ifasında bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 16 mart.- S.4.