Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi

 Fondu Novruz bayramı münasibətilə keçirdiyi

 müsabiqənin qaliblərini mükafatlandırmışdır

 

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

KİVİDDF-nin sədri Vüqar Səfərli müsabiqənin məqsəd və məramından danışmış, Azərbaycan dövlətinin mətbuatın inkişafına daim diqqət və qayğı göstərdiyini, bu istiqamətdə müxtəlif proqram və layihələrin həyata keçirildiyini bildirmişdir.

V.Səfərli demişdir ki, KİV nümayəndələrinin son illərdəki fəaliyyəti göz qabağındadır və biz bunu qiymətləndirmək üçün bir sıra müsabiqələr təşkil edirik. Belə müsabiqələrdən biribu il Novruz bayramı ilə əlaqədar keçirdiyimiz yazı müsabiqəsidir. Ümumilikdə 10 istiqamət üzrə keçirilən müsabiqəyə 96 yazı təqdim edilmişdir. Yazılar 9 müstəqil ekspert tərəfindən qiymətləndirilmişdir. Müsabiqənin şərtlərinə əsasən hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilmişdir. Bundan əlavə, müsabiqənin 10 iştirakçısı həvəsləndirici mükafata layiq görülmüşdür.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlətimizin kütləvi informasiya vasitələrinin inkişafına, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılmasına xüsusi qayğı göstərdiyini faktlarla diqqətə çatdırmışdır. Əli Həsənov demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun da əsas məqsədi milli jurnalistikamızın inkişafına kömək göstərməkdir.

Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan dövləti hansı cəbhədə fəaliyyət göstərməsinə baxmayaraq, bütün jurnalistlərə hörmətlə, qayğı ilə yanaşır. Əlbəttə, Azərbaycan jurnalistini dövlətçiliyimizə, milli maraqlarımıza qarşı çevirmək cəhdləri də olur. Təəssüflər ki, dövlətçilik təfəkkürü zəif olan bəzi insanlar müəyyən müddət o cərəyanlara qoşulur, o şəbəkələrin tərkibində dövlətimizə, millətimizə qarşı kampaniyalarda iştirak edirlər. Amma bilin ki, heç zaman dövlət bu insanların cəzalandırılması haqqında düşünməyib. Bunların cəzasını ən yaxşı halda cəmiyyət, tarix verir.

Prezident Administrasiyanın rəsmisi bildirmişdir ki, dövlətimizin başçısı dəfələrlə jurnalistlərlə görüşmüş və həmişə də çağırışı o olmuşdur ki, nə olursunuz olun, dövlətçilik, vətənpərvərlik hisslərinizi heç zaman unutmayın. Bizim bir Vətənimiz var, o da Azərbaycandır. Dünyanın hansı ölkəsinə getsəniz, sizi millətlərin nümayəndələrindən fərqləndirən azərbaycanlı olmağınız, azərbaycançılıq məfkurəsini daşımağınız olacaqdır. Siz dünyada yalnız azərbaycanlı kimi uğur qazana bilərsiniz. Siz Azərbaycan vətəndaşı olaraq yalnız azərbaycançılıq nümunəsini yarada və azərbaycanlı olmağınızla da fəxr edə bilərsiniz. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bundan artıq nə ola bilər!

Əli Həsənov demişdir ki, jurnalistlər yaradıcı insanların ən fəal təbəqələrindən biridir. Ümummilli liderimiz Heydər Əliyev jurnalist əməyini həmişə fərqləndirirdi. Azərbaycan jurnalistikasının tarixində iki şəxsiyyətin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onlardan biri Həsən bəy Zərdabidir ki, o, Azərbaycan mətbuatının əsasını qoymuşdur. Digər şəxsiyyət isə ümummilli lider Heydər Əliyevdir. Məhz ulu öndər jurnalistika üzərindən bütün təsir mexanizmlərini yığışdırmış, senzuranı ləğv etmişdir. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli liderin mediaya göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Jurnalistlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Mətbu orqanlara layihələr çərçivəsində maliyyə vəsaiti ayrılır. Elə fərdi jurnalist müsabiqəsi də bu qayğının bir nümunəsidir.

Fərdi jurnalist müsabiqəsində iştirak edənlərin sayının ildən-ilə artdığını vurğulayan Əli Həsənov demişdir: “Əvvəllər müsabiqəyə qəzet redaksiyalarında işləyən jurnalistlər qatılırdısa, indi informasiya agentliklərində, televiziyaradiolarda, bölgə mətbuatında, müxtəlif internet saytlarında çalışan jurnalistlər də iştirak edirlər”.

Mətbuat işçilərini Novruz bayramı münasibətilə təbrik edən Əli Həsənov onlara yeni yaradıcılıq uğurları arzulamışdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək demişdir ki, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün dövlət büdcəsindən hər il maliyyə vəsaiti ayrılır və bu siyasət bundan sonra da davam etdiriləcəkdir.

Sonra qaliblərə mükafatlar təqdim olunmuşdur.

Müsabiqənin şərtlərinə uyğun olaraq qaliblərin hər birinə 1000  manat, həvəsləndirici mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilmişdir.

Tədbir bədii hissə ilə davam etmişdir.

 

AzərTAc

Azərbaycan.-2014.- 18 mart.- S.3.