Nəqliyyat naziri İsmayıllıda vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırıq  və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

AzərTAc xəbər verir ki, vətəndaşların  rahatlığı, müraciətlərinin operativ həlli məqsədi daşıyan  növbəti belə  bir qəbul İsmayıllıda  nəqliyyat  naziri  Ziya Məmmədov tərəfindən  keçirilmişdir. Nazirliyin  müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda İsmayıllı ilə yanaşı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan vətəndaşlar da iştirak etmişlər.

Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı  problemlərin  araşdırılması  və həll edilməsi, respublika və yerli əhəmiyyətli  avtomobil  yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və  digər  məsələlərlə  əlaqədar  olmuşdur.

Nazir tərəfindən fərdi qaydada qəbul edilən  bir çox  vətəndaşın müraciəti yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər  isə araşdırılaraq  həll olunması  üçün  nəzarətə  götürülmüşdür. Nazirliyin səlahiyyətinə  aid olmayan müraciətlər isə müvafiq orqanlara  çatdırılmaq  üçün qeydiyyata alınmışdır.

Qəbula gələn vətəndaşlar yaradılmış şərait, onlara göstərilən  diqqət  üçün razılıq etmiş, yerlərdə  bu cür qəbulların təşkilinin təşəbbüsçüsü Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan .-2014.- 18 mart.- S.6.