Bir gün zəngilanlı məcburi köçkünlərin yanında

 

 

Elimizə bahar gəlir! İlimizi yeniləyən, torpağımızı canlandıran, təbiətimizə nəfəs verən bu baharda xalqımız Novruz bayramını qeyd edir. Bu bayram minillik qan yaddaşımızdan süzülüb gəlib. İllər uzunu təqiblərə, qadağalara baxmayaraq, qoruduğumuz, uca tutub böyük sevgi ilə qeyd etdiyimiz bayram! Məmləkətimiz, ulu Azərbaycan onun pişvazına çıxır. Qədəmlərin sayalı, gəlişin uğurlu olsun!

 

Bu Novruzda da ürəklər arzu, istəklə doludur. Adət-ənənələrindən tutmuş rəmzlərinə qədər Novruzun hər bir əlaməti arzu, dilək carçısıdır. Yazın, baharın zümrüd libasına bürünmüş Novruzun gəlişini xalqımız həmişə xüsusi hazırlıqla qeyd edir. Yazın gəlişinə qədər qeyd edilən çərşənbələr isə insan yaradılışının tərkib hissələrinə aiddir. Əski düşüncələrə görə, insanın yaradılış tərkibinə su, od, hava, torpaq daxil olub. Bu çərşənbələrin sonuncusu - İlaxır çərşənbə həm də köhnə ilin yola salınmasıdır. Əziz bayramımız Novruzun dövlət səviyyəsində qeyd edilməsi, dövlət başçısının Novruz şənliklərinə qatılması, bayram tonqalını yandırması, sadə insanlarla bayramlaşması Novruzun özəlliyini daha da artırır.

 

İllər sonra

Od çərşənbəsində

yandırılan bayram

tonqalı ürəklərə

istilik gətirdi

 

Bu müqəddəs bayramı nə qədər böyük sevinc hissi ilə qarşılasaq da, işğalçı Ermənistanın Azərbaycan torpaqlarına etdiyi təcavüz nəticəsində itirdiyimz Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda yandıra bilmədiyimiz tonqalları 22 ildir qəlbimizdə, könlümüzdə alovlandırıb günlərin birində bu bayramı o müqəddəs torpaqlarda qeyd edəcəyimiz gün üçün alışıb yanırıq. Bu gün məcburi köçkün kimi Azərbaycanın müxtəlif şəhər və rayonlarında məskunlaşan bir milyondan artıq soydaşımızın hər birinin könlündəki ən böyük arzusu da elə budur.

Amma bu gün dövlətin onlara göstərdiyi qayğı, yaradılan şərait, yeni salınan şəhərciklər məcburi köçkünlərin 10 il əvvəlki durumunu, həyat tərzini tamamilə dəyişib. 2007-ci ilədək 12 çadır düşərgəsində məskunlaşan soydaşlarımız bu gün onlar üçün inşa olunan 82 müasir qəsəbədə yaşayırlar. Bu müasir qəsəbələrin təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyev iştirak edərək məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün  tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısı son 10 ildə məcburi köçkünlərlə yeni salınmış qəsəbələrdə 26 dəfə, 2013-cü ildə isə 3 dəfə görüş keçirmişdir.

Biz də qərara gəldik ki, Novruz bayramının bir çərşənbəsini məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə onlarla birgə qeyd edək. Bu görüş isə Od çərşənbəsinə təsadüf etdi. Həmin gün Zəngilan qəsəbəsində rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə çox maraqlı bayram tədbiri təşkil olunmuşdu.

Abşeron rayonu Masazır qəsəbəsində salınan yeni  Zəngilanda əsl bayram əhval-ruhiyyəsi, qələbəlik və böyükdən-kiçiyə hər kəsin çöhrəsində bir sevinc hissi var idi. Musiqi sədaları altında rəqs edən körpələr bayrama gözəllik qatırdılar. İnsanlar bir-biri ilə bayramlaşır, xoş sözlər söyləyib niyyətlərinin çin olmasını arzu edirdilər. Zəngilan Rayon İcra Hakimiyyətinin rəhbərliyi də bayram tədbirində iştirak edirdi. Rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov bizimlə söhbətində bildirdi ki, keçən il istismara verilmiş məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə (3420 məcburi köçkün) köçürülmüşdür. 12 hektar sahəni əhatə edən yeni məhəllədə rayon icra hakimiyyətinin binası, 13 ədəd 5 mərtəbəli bina, 540 şagirdlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il aprelin 1-də qəsəbənin açılışında iştirak etmiş və yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısı həmin zaman demişdir: "Bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binalar, evlər tikəcəyik. O cümlədən, Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Yəni, məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq".

R.Həsənov onu da bildirdi ki, indi qəsəbədə məskunlaşan məcburi köçkün ailələri uzun müddətdən sonra Novruzu əsl bayram kimi qeyd edirlər. Çünki əvvəllər yataqxana şəraitində bayramın qeyd edilməsi məcburi köçkünlərin ürəyincə olmurdu. Bu gün onlar hər cür şəraitlə təmin olunublar.

Hava qaralmağa başlayanda bayram tonqalına od vuruldu. Kosa ilə Keçəlin gəlişi bayramı bir qədər də təravətləndirdi. Milli musiqi sədaları altında tonqalın ətrafında dövrə vuran uşaqlara böyüklər də qoşuldu. Tonqal üzərindən atılan insanlar, xüsusən çoxsaylı cavanlar, ötən ilin möhnətlərinin odda yanıb kül olması arzusunu dilə gətirdilər. Hər kəsə odun istisindən sanki bir pay düşürdü.

Bayram şənliyi davam edirdi. Bir ağsaqqal kişi qonaq olduğumuzu duyub bizə yaxınlaşdı və bayram günündə onların qonağı olmağımızı xahiş etdi. Sözünü yerə salmadıq. Çünki bir məcburi köçkün ailəsinə baş çəkib qədim Azərbaycan torpağı olan Zəngilanın özünəməxsus bayram hazırlığının, Novruz çərşənbələrini necə qeyd etdiklərinin şahidi olmaq maraqlı idi. Evə çatanadək ağsaqqalla qısa tanışlıqda bəlli oldu ki, getdiyimiz mənzildə Piriyevlər ailəsi yaşayır. Ziyalı ailəsidir. Bizi evinə qonaq çağıran şəxs isə 1950-ci ildə Zəngilan rayonu Şayıflı kəndində anadan olan Ərşad Piriyevdir. 64 yaşlı müəllim hazırda Zəngilan rayonu 33 saylı tam orta məktəbin direktorudur. Həyat yoldaşı Kəminə Piriyeva da həmin məktəbdə ibtidai sinif müəlliməsidir.

 

Zəngilanda Novruz

bayramı və çərşənbələr...

 

İçəri daxil oluruq, Novruzun atributları (şəkərbura, paxlava, şəkərçörəklər, boyanmış yumurtalars ) ilə zəngin bir süfrə açılıb. Ailə süfrə arxasındadır. Mənzildə 5 nəfər yaşayır. Ərşad müəllimin digər oğlunun uşaqları da baba evində qonaqdırlar. Zəngilanlıların qonaqpərvərliyi elə ilk baxışdan hiss olunur. Bayramlaşıb süfrə arxasına əyləşirik. Bir qədər keçdikdən sonra bu süfrədəki nemətləri hazırlayan Kəminə xanımdan gənclik illərində doğma Zəngilanında Novruz bayramı və çərşənbələrin necə qeyd edildiyini soruşuram. Evində qonaq olduğumuz üçün üzündəki təbəssümü sanki bir anlıq çəkilir. Dərindən köksünü ötürüryavaş-yavaş danışır: "Bizdə baharın gəlişi tam başqa cür olurdu. Biz dörd çərşənbənin hər birində gözəl, mənalı günlər yaşayırdıq. Səhər bulaq başına yollanardıq. Bulaqdan su gətirib evin hər bir otağına səpərdik. Sonra daş yığıb hər bir otağın küncünə atardıq ki, evin dirəkləri daha da möhkəm olsun. Qulaq falına çıxardıq, bayram günü bir evə toplaşardıq, hərə evindən yemək gətirərdi və səhərə qədər yeyib-içib, deyib-gülərdik. Heyf, çox heyf! 22 ildir o günlərin həsrəti ilə yaşayırıq. Keçən ilədək bayramları istədiyimiz kimi qeyd edə bilmirdik. Yataqxanada bir otaqda yaşayırdıq. İndi çox şükür, dövlətimizin bizə göstərdiyi qayğı göz qabağındadı. Gözəl mənzilimiz, hər cür şəraitimiz var. Hər birimiz bu şəraiti yaradan Prezident İlham Əliyevə təşəkkür edirik".

Kəminə müəllimənin fikirlərini Ərşad müəllim davam etdirir: "Ay oğul, baxın yaşadığımız qəsəbəyə və oturduğunuz bu mənzillərə. Mən bundan sonra 20 il də işləsəm belə, ev ala bilmərəm. Yataqxanada yaşayarkən çox ağrılı günlər keçirdik. O günlər artıq arxada qaldı. Bu gün mən ailəmlə, nəvələrimlə birgə 22 ildən sonra Novruzun Od çərşənbəsini ürəklə, sevinc hissi ilə qeyd edirəm. Bunun üçün biz Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Dövlət başçısı heç vaxt  məcburi köçkünləri yaddan çıxarmadı. Hətta doğum gününü məcburi köçkünlərlə birgə qeyd etdi. Dövlət başçısının imzaladığı fərman və sərəncamları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vaxtlı-vaxtında yerinə yetirir". 

 

Erməni vəhşiliyini gözlərimizlə gördük

 

Sonra Ərşad müəllimin Zəngilanla bağlı xatirələrini dinlədik. 1972-ci ildən müəllim işləyən bu ağsaqqal 42 yaşında tikib yaratdığı doğma evindən çıxmaq məcburiyyətində qalıb. Zəngilan 1993-cü ildə işğal edilsə də, onların kəndi bir il öncə erməni işğalçıları tərəfindən ələ keçirilib. Ümumilikdə isə Zəngilanın işğalı zamanı rayonda 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmiryol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmiryol deposus. olub. Zəngilana erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olub, 7 nəfər polis işçisi itkin düşüb. Zəngilan 235 nəfərdən çox şəhid verib, 12.800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb.

Ərşad müəllim deyir ki, Zəngilanın 15 kəndi 1992-ci ilin dekabr ayının 10-da işğal olunub: "Bizim Şayıflı kəndi də onların içərisində idi. Hiss edirdik ki, erməni hücuma hazırlaşır. Çünki tez-tez kəndlər atəşə tutulurdu. Buna görə də hər evin yanında daldanacaq düzəltmişdik. Dekabr ayının 10-da səhər tezdən dedilər ki, ermənilər hücuma keçəcəklər. Ailəmi sığınacağa qoyub sərhədə tərəf getdim. Çatanda gördüm ki, dağın başından bir qrup bizə tərəf gəlir. Bir qədər keçəndən sonra atəş açmağa başladılar. Hamı qaçmağa başladı. Ailəmi xilas etmək üçün geri qayıtdım. Gələndə gördüm ki, qonşular ailəmi sığnacaqdan çıxarıb dağa tərəf yön alıblar. Ermənilərin kəndə daxil olduğunu gözlərimizlə gördük. Yüksəkliyə qalxıb baxırdıq. Əgər ermənilər birinci Qaragöl kəndini tutsaydılar, bir neçə kənd mühasirədə qalacaqdı və Xocalı soyqırımından dəhşətli qətliam olacaqdı. Ermənilər kəndə girəndə Həsən İsmayılovu palaza büküb diri-diri yandırdılar.  Müseyib Ələkbərovu, Aşağı Gögəli kəndinin sakinləri Vəli Abbasovu, Nabat Nəsirovanı, Telman Abbasovu, Nüsrət Şirinovu, Şərikan kəndinin sakinləri İsmayıl İsmayılovu, Töhfə Məmmədovanı, Musa Məmmədovu, Səkinə Qədimquliyevanı qəddarcasına döyərək öldürdülər". Övladları ilə birgə dağı aşıb Zəngilana doğru qaçan Kəminə müəllimə isə deyir ki, qarlı-şaxtalı havada dağ kollarının tikanlarının ağrısı, çətin yolların əzabı, bir sözlə, ağrılı-acılı günlər 22 ildir ürəyində yara bağlayıb.

 

Ulu öndər Heydər Əliyev olmasaydı, 34 min nəfər ya

erməniyə əsir düşəcəkdi,

ya da Araz çayının

sularında boğulacaqdı

 

Bir il Zəngilanda qalan Piriyevlər ailəsi 1993-cü il oktyabrın 29-da rayonun işğalı ilə yenidən qaçqın düşür. Bu dəfə ölümlə mübarizə aparan ailə Araz çayını keçərək İran İslam Respublikasına qaçmaq məcburiyyətində qalır. Bir gün yağışlı havada Araz çayının sahilində qalan zəngilanlılar ertəsi gün avtobuslarla İmişli ilə sərhəddə Azərbaycana təhvil verilirlər.

Bir xatırlatma edək. Zəngilan rayonu işğal olunduqda təxminən 34 min nəfər əhali İran sərhədinə - Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Ulu öndər Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəldi, İran hökuməti ilə danışıqlar apardı. Araz çayı üzərindəki bənddə suyun qarşısını kəsdilər. Yalnız bundan sonra əhali çayı keçib xilas oldu. Buna görə də zəngilanlılar Heydər Əliyevə daim minnətdardırlar. Dahi lider olmasaydı, yəqin ki, camaat ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı.

Keçmişi xatırlamaq nə qədər ağır olsa da, Piriyevlər ailəsi üçün bu gün sevincli bir gün idi. Bütün ailə Novruz ab-havasına köklənmişdi. Ərşad kişinin 4 nəvəsinin yumurta döyüşü, kiçik Yağmur balanın Novruz xonçasına çox maraqla tamaşa etməsi hər bir kəsdə xoş təəssürat yaradırdı. Beləcə, Od çərşənbəsində qonağı olduğumuz məcburi köçkün ailəsini bayram əhval-ruhiyyəsi ilə tərk etdik.

Keçdikləri əzablı yolları, şahidi olduqları qətliamları, yaşadıqları ağrıları ürəklərində daşıyan bu insanlar Masazır qəsəbəsindəki "Zəngilan"da keçirdikləri Novruz bayramı ilə bir qədər təsəlli tapırlar. Yenə də bir yerdədirlər. Çətin gündə, xoş gündə bir-birlərinin harayına çatırlar. Dərdlərini, sevinclərini bölüşməyə qonşuları, qohumları və isti ocaqları var. Amma ürəklərindəki ən böyük arzuları günlərin birində baharı doğma Zəngilanda qarşılamaq, Novruz tonqalını öz kəndlərində alovlandırmaqdır. O günuzaqda deyil. Məhz bu qəsəbənin açılışında Prezident İlham Əliyev demişdir: "Məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaq. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq".

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 18 mart.- S.8.