İlin axır çərşənbəsi
Səməni, saxla məni
İldə göyərdərəm səni,
Səməni, al məni,
Hər
yazda
Sən
yada
Sal məni.
Səməni
sazana gəlmişəm,
Uzana-uzana
gəlmişəm
Sən gələndə
yaz olur,
Yaz olur,
avaz olur.
Səndən
mən can istərəm,
Canıma
qan istərəm.
Səməni,
ay səməni,
İldə
göyərdərəm səni...
Boz
ayın ilaxır çərşənbələrindən
sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında
bu çərşənbə "Axır çərşənbə",
"Yer çərşənbəsi", "Çərşənbə-suri"
adları ilə çox təmtəraqlı şəkildə
keçirilir. Torpaq çərşənbəsi
torpağın oyanmasını, dirilməsini şərtləndirir.
Erkən təsəvvürlərə görə, dörd
mühüm ünsürdən sonuncusunun oyanması nəticəsində
Su, Atəş, Yel, Yer üzünü dəyişir,
insanları çətinlikdən, sıxıntı və məhrumiyyətlərdən
xilas etmək üçün daha da qüvvətlənir. Xalq
arasında mifik düşüncəni əks etdirən belə
nümünələrdən birində deyilir ki,
"adamların məhrumiyyət və qıtlıqdan əziyyət
çəkdikləri bir gündə Sel, Atəş, Yel və
Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər.
Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və
qıtlıq çəkdiklərini ona söyləyirlər.
Torpaq xatun "Adamları fəlakətə salan özü fəlakətə
düşər" deyə yerindən qalxır, Sel, Atəş,
Yel və Torpaq xatun əl-ələ verib:
Zəmzəm
gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə
ömür, təzə məhsul, il gəldi,
- deyə-deyə,
oxuya-oxuya işıqlı dünyaya çıxırlar.
Deyirlər, həmin gün ilin əziz günü olan Axır
çərşənbə idi.
Məlumdur
ki, Torpaq insanın yaradılışında bilavasitə
iştirak edən dörd müqəddəs ünsürdən
biridir. Böyük Yaradanın nazil etdiyi müqəddəs
kitabların ən fəzilətlisi Qurani-Kərimdə Fatir
("Yaradan") surəsinin 11-ci ayəsində belə
buyrulur: "Allah sizi torpaqdan, sonra nütfədən
yaratmış, sonra da sizi cütləşdirmişdir".
Əc-Səcdə ("Səcdə") surəsinin 7-ci ayəsində
buyrulur: "Hansı ki, yaratdığı hər şeyi
gözəl biçimdə yaratmış, insanı ilk olaraq
palçıqdan xəlq etmiş", Ər-Rum
("Rumlular") surəsinin 20-ci ayəsində isə belə
deyilir: "Allahın sizi torpaqdan xəlq etməsi Onun dəlillərindəndir".
Maraq doğuran məsələlərdən biri də islam
dinində torpağın müqəddəsliyini göstərən
təyəmmümlə bağlıdır. Təyəmmüm
- su olmadıqda, su tapılmayanda torpaqla, qum və ya tozla dəstəmaz
almaq deməkdir. Bu barədə Qurani-Kərimdə "Ən
Nisa" ("Qadınlar") surəsinin 43-cü ayəsində
Böyük Yaradan belə buyurur:
"Ey
iman gətirənlər!.. Su tapmasanız, təmiz torpaqla təyəmmüm
edin, üzünüzə və əllərinizə
sürtün!" Deməli, torpaq insanın
yaradılışında iştirakdan əlavə, həm də
suyu əvəz edir, safdır, pakdır, müqəddəsdir,
insanı pak edə biləcək qüvvəyə malikdir. Deməli,
Torpaq müqəddəsdir, yaradılış Torpaqla
bağlıdır. Burada belə qənaətə gəlirik
ki, teoloji düzümdə ilk insanın yaranmasında Torpaq
ilkin faktor kimi çıxış edir, yəni Ulu Tanrı
insanı əvvəlcə torpaqdan, daha sonra istilik və sudan,
ən sonda öz nəfəsini üfürməklə
yaratmışdır. Novruzun yaranmasında, mərasim
folklorunda isə bu düzüm bir qədər fərqlənir,
yəni Su, Od, Yel birləşib Torpağı dirildir,
oyadır, artıq əkin-biçinə, şumlanmağa
hazır edir. Rəvayətə görə, bir kişi hər
il torpağı şumlar, əkib-biçib bol məhsul
götürərmiş. Aylar, illər ötür. Zaman öz
işini görür. Kişi qocalıb iş-gücdən
qalır. Gözlərinin nurunu itirir. Bir gün o, oğlunu
yanına çağırıb deyir ki, bala, şum
vaxtıdı. Öküzləri hayla, xışa qoş,
torpağımızı şumla. Oğul atasının
sözünə əməl edir. Sabahısı gün yenə
ata oğula torpağı şumlamağı
tapşırır. Bu dəfə də o, öküzü,
xışı götürüb torpağı
şumlamağa yollanır. Üçüncü gün də
ata oğluna torpağı şumlatdırır.
Dördüncü dəfə ata oğluna torpağı
şumlamağı tapşıranda o, "yaxşı"
deyir, amma torpağı şumlamır. Fikirləşir ki,
onsuz da atamın gözləri görmür, haradan biləcək
ki, mən torpağı üç dəfə, ya dörd dəfə
şumlamışam...
Oğlan
torpağı əkib-becərir. Biçin vaxtı yetişir.
O, kəhrəba kimi sarı buğdanı biçib dərzləyir.
Bu vaxt oğluna deyir ki, bala məni tarlaya apar. Oğlan
atasının əlindən tutub dərzlərin yanına gətirir.
Ata əlindəki əsasını qarşıya uzadır.
Əsa dərzə dəyir, sol tərəfə uzadır, yenə
də dərzə deyir. Əsa sağda da dərzə toxunur.
Kişi əsası ilə arxasını nə qədər
axtarsa da, görür ki, boşdur. Deyir ki, ay oğul, nə
üçün torpağı dörd yox, üç dəfə
şumlamısan? Əgər bu işi dörd dəfə
görsəydin, indi dərzlərin də sayı üç
yox, dörd olardı".
Göründüyü
kimi, torpağı əkib-becərmək, şumlamaq insan
üçün əhəmiyyətlidir. Torpaq bolluq, bərəkət,
bir sözlə, əmin-amanlıq, xoşbəxtlik,
firavanlıq gətirəndir.
Torpağın
oyanmasını əks etdirən Axır çərşənbə
Azərbaycanın bəzi bölgələrində Novruz
bayramı ilə eyni təmtəraqla keçirilir. Yəni
Axır çərşənbə zəngin mərasim, oyun,
tamaşa sistemi daxilində qeyd olunur. Axır çərşənbə
axşamı digər çərşənbələrdən
daha çox ayin, etiqad, adət və ənənələr
icra edilir, tonqallar qalanır, kütləvi şənlik məclisləri
qurulur. Ən əsası Axır çərşənbə
süfrəsi və çərşənbə
xonçası bəzədilir. Məlumdur ki, Novruzun əsas
şirniyyatı şəkərbura, paxlava, qoğal, şəkərçörəyi
və sairdir. Novruz şirniyyatlarının hər birinin
öz mənası vardır. Şəkərbura - Ay, qoğal
- Günəş, paxlava isə ulduzların rəmzidir. Bunlar
arasında ən çox növü olan paxlavadır: Bakı
paxlavası, Quba paxlavası, Şəki paxlavası, Gəncə
paxlavası, riştə paxlavası və s. İlaxır
çərşənbə və Novruz süfrəsində
mütləq bayram plovu bişməlidir.
Səməni
Novruzun əsas atributlarından biridir. Səməni bolluq-bərəkət,
ruzi, yaşıllıq və yazın gəlişinin rəmzidir.
Erkən dövrlərdən evlərdə səməni qoymaq
adəti olmuşdur. Bu adətə görə, buğda, arpa,
mərci, noxud və s. islağa qoyulub cücərdilərdi.
İndi də səməni qoymaq adəti nənələrimiz,
analarımız tərəfindən davam etdirilir.
Yunan
filosofu Plutarx (təxminən 46-127-ci illər) Midiyada - qədim
Azərbaycanda taxılı müqəddəs bitki saymaq adətinin
olduğunu göstərmişdir. Bu adət hər ilin əvvəlində,
yəni yazda icra edilərdi. Çox maraqlıdır ki, bu adət
səməni göyərtmək şəklində bizim
günlərə qədər gəlib
çıxmışdır. Səməni insanların arzu-istəklərini
həyata keçirən bir nemət kimi xalq təfəkkürünə
daxil olmuşdur:
Səməni,
ay səməni,
Göyərdərəm
mən səni.
Sən gələndə
yaz olur,
Yaz olur,
avaz olur.
Novruz və
Axır çərşənbə süfrəsinin digər
bir atributu isə yumurtadır. Hələ erkən mifik
düşüncədə yumurta yaradılış,
varlıq, həyat funksiyası ilə bağlıdır.
Şərq xalqlarının, o cümlədən türk
mifoloji təsəvvüründə dünyanın
yaranması yumurtadan çıxmış quşla əlaqələndirilir.
Bu quş Altay xalqlarında müqəddəs hesab olunub Qaz
adlandırılır. Türkdilli xalqlar arasında qartal
quşların xaqanı sayılırdı. Yakutlar isə
hesab edirlər ki, şamanlar qartal yumurtasından törəyib,
ona görə də qartalı tanrı hesab edirlər.
Zərdüştilərin
müqəddəs hesab etdikləri "Avesta"da
"dünya yumurtası" anlayışı mövcuddur.
Qeyd etmək yerinə düşər ki, əslində yumurta,
onun quruluşu dörd müqəddəs ünsürü
özündə daşıyır, ilkin təsəvvürləri
əks etdirir. Yumurtanın forması və qabığı -
Torpağın, qabığın altındakı nazik pərdəsi
- Havanın, ağı - Suyun, nəhayət, sarısı isə
Odun başlıca göstəricisidir. Demək, Novruz süfrəsini
bəzəyən boyanmış yumurtalar da hər biri
müvafiq mənanı ifadə edir, qırmızı rəng
- günəşin, göy-yaşıl rəng - yazın,
baharın, sarı rəng - payızın rəmzini bildirir.
Bütün bunlar göstərir ki, Novruz ilkinlik,
başlanğıc bayramıdır, dünyanın
yaranması ilə bağlı ayin, etiqad və mərasimləri
dünyada tanıtmağa imkan verir. Təsadüfi deyil ki,
keçən əsrin 80-ci illərində antropoloq alim Tur Heyerdal
Azərbaycana səfər edərkən ona Qobustanda Novruz
xonçası təqdim edilərkən o, heyrətini gizlədə
bilməmiş və xonçanın önündə diz
çöküb bu sözləri söyləmişdir:
"Əcəba, bu, dünyanın bəzədilmiş
simvoludur, siz nə qədim xalqsınız!"
Erkən
dövrlərdən xalqımızın təfəkküründən
folkloruna həkk olunmuş dərin laylardan süzülüb gələn
bədii mətnlərə, atalar sözlərinə, andlara,
alqışlara, o cümlədən inanc və adətlərə
nəzər salaq:
Torpaqdan
pay olmaz.
Torpağa
əyilən namərdə
əyilməz.
Torpaq
qızılquşdur, əldən
buraxdın
- uçar gedər.
Torpaqda əlləşən
xoşbəxtliklə rastlaşar.
Torpaq əkinçinin
zəhmətilə
zinətlənər.
Torpaq deyər:
- Öldür məni, dirildim səni!
Torpağa
var versən, o da sənə bar verər.
Torpaq deyər:
Sən mənə tər ver, mən sənə zər verim!
Torpağa
göz ağardanda üz ağardar.
Torpaq kimi
bərəkətli ol ki,
hamının
sevimlisi olasan!
Torpağa
xor baxsan, o, sənə kor baxar.
Torpaq
ovuclayan qızıl ovuclar.
Torpaq
müqəddəsdir.
Torpağın
qədrini bilməyən ulaya-
ulaya
qalar.
Torpaqla əlləşən
ac qalmaz.
Torpağı
bir yerdən götürülüb.
Torpağın
qarası üz ağardar.
Torpağın
sirrini əli torpaqda olan bilər.
Torpaqda
itki olmaz,
Kötüksüz
bitki olmaz.
Torpağa
vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
Torpaq
haqqı!
Yer
haqqı!
Torpağı
sanı yaşayasan!
Torpağın
həmişə gül bitirsin!
Torpağın
yada qismət olmasın!
Torpağından
qara yellər
əsməsin!
Torpağın
həmişə bar yetirsin!
Torpağın
bərəkətli olsun!
Torpağına
göz dikənin gözü tökülsün!
Torpağını
göz bəbəyin kimi qoru!
Çərşənbə
günü təzə evə
köçməzlər.
Çərşənbə
axşamı paltar biçmək yaxşı əlamət
sayılır. O paltarı geyən dövlətli olar, - deyərlər.
Çərşənbə
axşamı təzə paltar geymək uğur gətirər.
Libas
üstə libas geyən heç vaxt çılpaq qalmaz.
Axır
çərşənbə axşamı küsülülər
barışarlar.
Axır
çərşənbə gecəsində nəhs
danışmaq, içki içmək, nalayiq işlər
tutmaq olmaz.
Axır
çərşənbə gecəsində təbiətdə
nə varsa, hamısı təzələnir.
Axır
çərşənbə gecəsində insanın da əməli,
istəyi, fikri, davranışı dəyişir.
Axır
çərşənbə gecəsi ərə verilən
qızları tonqalın başına dolandırar və deyərlər:
Qoy odlu-ocaqlı olsunlar!"
Od
sönsə, ocaq da sönər, - deyərlər.
Çaylarda,
gölməçələrdə bitən ağ
zanbağın gövdəsi uzanmağa başlayanda deyərlər,
- qışın ömrü bitir, yaz gəlir.
Axır
çərşənbə günündə bir yerə
yumurta, bir yerə cövhər, bir yerə kömür
basdırar və niyyət edərlər. Yumurta kömür ilə
yazılarsa, niyyət yaxşı gələr. Sonra onları
yerdən çıxardıb ərik ağacının dibində
basdırarlar.
Çərşənbə
günü saç qırxdırmaq, dırnaq tutmaq xeyrə
yozulur, - bu işləri görən çətinlikdən,
dardan qurtarar, - deyərlər.
Çərşənbə
günü gözü səyirən səfərə
çıxar.
Çərşənbə
gecəsi suyun üstündən tullanıb deyərlər:
Ağırlığım-uğurluğum
Bu suyun
üstə tökülsün.
Axır
çərşənbə günü, qaş qaralandan sonra
dayanıb qonşunun qapısını pusurlar. Qapıya
yaxınlaşarkən eşidilən ilk sözü və ya
bir neçə ifadəni yozub bəxt haqqında müəyyən
mülahizələr söyləyirlər. Məsələn,
ilk eşidilən sözlər "işığı
yandır", "yaxşı olacaq" və s. olarsa hər
şeyin yaxşı olacağı güman edilir. Əksinə,
"söndü", "viran qalsın" və bu kimi
sözlər eşidəndə pis tərəfə yozulur.
Axır
çərşənbə axşamı gec yatırlar,
yatmazdan qabaq bir yumurta, iki karandaş - qara və
qırmızı karandaş qoyurlar. Səhər yumurtanın
üstündə xətt olur (guya yumurtaya Xıdır Nəbi
xətt çəkir). Əgər xətt qırmızı
karandaşla çəkilibsə, yumurta kimin bəxtinə
qoyulubsa, o, xoşbəxt olacaq. Qara xətt çəkilibsə,
əksinə olacaq.
Axır
çərşənbə axşamı gec yatırlar.
Yatmazdan qabaq duzlu kökə yeyir, su içmirlər. Gecə
yuxuda kökə yeyənə su verirlər. Həmin su verən
adam yuxu görənin qismətidir.
Axır
çərşənbə otuzluq lampanın altına
qıfıl bağlayıb qoyurlar. Niyyət edib gözləyirlər.
Kim qapını açıb birinci evə girsə, onun birinci
sözünü niyyətə görə yozurlar.
Axır
çərşənbə gecəsi ürəyində niyyət
tutub yat. Gecə yarısı durub şam yandır.
Şamı götürüb güzgüyə
yaxınlaş. Güzgüdə gələcək
nişanlını görəcəksən. Güzgüyə
yaxınlaşanda qorxsan, niyyətin baş tutmaz.
Axır
çərşənbə gecəsi cavan qızlar bir qaba su
tökürlər. Üzükləri çıxarıb
saçlarına sürtürlər. Niyyət tutub
üzüyü suyun üstündən keçirirlər.
Üzük fırlanmağa başlayır və qabın
divarına dəyir. Üzük neçə dəfə dəyirsə,
sayırsan, demək, o yaşda da gəlin köçəcəksən.
Novruzda
axırıncı çərşənbə hərə
ürəyində bir arzu tutur. Axşamüstü evdən bir
açar götürüb danışmadan yola düzəlir.
Gəlib bir işlək yolun ayrıcında durur.
Açarı sağ ayağının altına qoyub, gözləyir.
Yanından keçən adamın söylədiyi ilk
sözü yozur.
Novruzda
axırıncı çərşənbə günü
"iynə süzdürüb", "çillə
çıxarırlar". Hamı deyib-gülür, şənlənir.
Hər kim yatdı, onu yatdığı yerə tikirlər.
Sonra da üstünə su töküb ayıldırlar.
Paltara sap
ilişəndə onu götürüb şəhadət
barmağına dolaya-dolaya əlifba sırası ilə
sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb
qurtarırsa, sevgilisinin adı o hərflə başlayacaq.
Novruz bayramı həm də təmizlik, səliqə-sahman, paklıq, aydınlıq bayramıdır. Bu bayram öz gəlişi ilə ürəklərə istilik, sevinc, sevgi, mərhəmət gətirməklə yanaşı, bütün evlərə yeni nəfəs, təravət gətirir, evlər, həyət-bacalar təmizlənir, yuyulur, sanki insanlar yeni həyata qədəm qoymağı, yeni arzu-istəklərə nail olmağı, səadətə, xoşbəxtliyə qovuşmağı diləyirlər. Arzu edirik ki, bu Novruz xalqımıza xoş günlər, bol ruzi, qayğısız həyat nəsib etsin! Bu gün Torpağı oyadan Axır çərşənbədir.
Torpaq çərşənbəniz mübarək!
Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin
Dosenti
Azərbaycan.-2014.- 18 mart.- S.10.