Qədim sənəti yaşadanlar

 

Xalqımızın qədim sənət növlərindən biri də Dəmir dövrünün yadigarı misgərlikdir. Azərbaycan ərazilərində tapılan ilk mis  metal işləmələrinin tarixi Neolit dövrünə aiddir. Miladdan əvvəl VI minillikdə mis əldə edildikdən sonra ondan müxtəlif əşyalar hazırlanıb. Bir sənət kimi  onun təşəkkülü artıq orta əsrlərdə böyük şəhərlərin misgərlik mərkəzinə çevrilməsinə gətirib çıxarıb. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdən etibarən inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.

 Xalq sənəti nümunələrinin Bakıda qorunub saxlanması və yolu buradan düşən əcnəbiləri heyran qoyması heç də təsadüfi deyil. Keçmiş "Kömürçü bazarı"nın yaxınlığındakı köhnə küçələrin birindən keçərkən istər-istəməz ayaq saxlamalı olursan. Bura qədim yaşayış məkanı  olan İsmayıllının Lahıc qəsəbəsinin daşdar küçələrini xatırladır. Son Dəmir dövrünün yadigarı olan misgərlik sənəti burada yaşadılır, qorunub saxlanılır. Bu küçədən yolu düşən hər kəsin diqqəti usta Şəmsəddinlə qardaşı Ramiz Soltanovun sənətinə yönəlir. Biz  qardaşların  misgərlik sexindən yan keçmədik. Çünki bu kömür qoxulu küçə sənətə və sənətkara marağı artırır. Usta Şəmsəddin  söyləyir ki, əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndirlər. Ötən əsrin 30-cu illərində bu sənəti yaşatmaqyaymaq üçün babası Məşədi Soltan ailəsi ilə birlikdə Qarabağa, daha doğrusu, Ağdama köçüb. Bu qardaşlar da misgərlik kimi qədim xalq sənətini məhz ataları Nağı kişidən öyrəniblər. Şəmsəddinin qabarlı barmaqlarının "sığalından  cana gələn", köhnə naxış və bəzəkləri özünə qaytarılan neçə-neçə sənət nümunəsi (dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s.) Bakının Binə qəsəbəsindəki Əntiq Əşyalar Muzeyinin ən dəyərli eksponatlarına çevrilib. On yaşından atasının bu sənətə məhəbbətini duyanonun köməkçisinə çevrilən Şəmsəddin qardaşı Ramizlə artıq usta kimi tanınır. Bərpa etdikləri əşyaların satış-sərgisi keçirilərkən əcnəbilərin daha çox diqqətini cəlb etməsini bildirən usta bununla xalqımızın yaratdığı hər bir sənət nümunəsinin əntiq əşya kimi dəyərləndirildiyini də gizlətmədi.

Xalq arasında  bir vaxtlar daha çox qalayçılıq kimi tanınan bərpaçılıq misgərlikdə də öz yerini tapıb. Əkrəm Məmmədov da belə bərpaçılardandır. Bu qədim xalq sənətinin yaşadılması üçün o qədər də şəraiti olmayan dar  emalatxanada çalışan sənətkarlar bərpa etdikləri hər bir əşyanın məişətdə əvəzolunmazlıqlarından daha çox söz açır, nəinki yaşadıqları və üzləşdikləri problemlərdən. Onları  razı salan, işlərindən zövq almağa sövq edən  Sahib Məmmədov kimi xalqımızın keçmişinə doğma münasibət göstərən vətənpərvərlərin olmasıdırsa, narahat edən isə şəraitsizliklə yanaşı, bu sahədə pərakəndəliyin hələ də hökm sürməsidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 18 mart.- S.11.