Novruz bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli
həmvətənlər!
Sizi
Novruz bayramı münasibətilə ürəkdən təbrik
edir, hər birinizə cansağlığı, səadət və
bahar əhval-ruhiyyəsi arzulayıram.
Milli
varlıq və mənəviyyat xəzinəsi olan Bahar
bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə
misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi
və əbədi qanunları ilə bağlı bu el
bayramı zamanın sınaqlarından çıxmış
çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür.
Novruz ənənələri dəyərlər sistemimizdə
müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün
ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət
üzvləri arasında qarşılıqlı ünsiyyətə
çağırması, səmimiyyəti gücləndirməsi
və yüksək əxlaqi keyfiyyətlər
formalaşdırması onu ən ali insani xüsusiyyətlərin
daşıyıcısı kimi ümumbəşəri mədəni
sərvətlər sırasına daxil etmişdir.
Bahar
bayramı keçmişimizin ən çətin dövrlərində
belə zehinlərdən silinməyib gələcəyə
inamımızı sarsılmağa qoymamışdır. Qəlbimizin
dərinliklərində kök salaraq milli özünüdərk
məfkurəsini yaşatması sayəsində o, ötən
əsrin sonlarına doğru Azərbaycanda müstəqil
dövlətçilik ideallarının gerçəkləşməsini
təmin edən mühüm amillərdəndir. Mənəvi
mədəniyyətimizin zənginliklərini özündə
toplamış qədim Novruz mərasimlərini
qloballaşmanın vüsət aldığı, sürətlə
dəyişən dünyada bütün rəngarəngliyi ilə
layiqincə qoruyub saxlaması müasir Azərbaycanın
tarixi-mədəni və milli-mənəvi irsə
bağlılığının rəmzidir.
Yazın
gəlişi onun yeniləşdirici ovqatına uyğun,
yurdumuzun hər bir guşəsində aparılan
genişmiqyaslı quruculuq-abadlıq işləri və
insanlarımızın rifahını əsaslı surətdə
yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə
səciyyələnir. Bizimlə birgə baharı azərbaycançılıq
düşüncəsi işığında minlərlə
soydaşımız ölkəmizin hüdudlarından uzaqlarda
qarşılayırlar. Həmrəyliyimizin rəmzi olaraq bu
ümumxalq bayramı qoy hər bir ailəyə bol sevinc və
ruzi-bərəkət bəxş eləsin.
Hamınızın
əziz Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 mart 2014-cü
il.
Azərbaycan.-2014.- 19 mart.- S.1.