Milli birlik və həmrəyliyə çağırış bayramı

 

Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük bədii-estetik, mifik, mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Novruz qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunmuş, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılmışdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Novruz bayramı 2009-cu il sentyabrın 30-da UNESCO-nun dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş, 2010-cu il fevralın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 64-cü sessiyasında martın 21-i dünyada Beynəlxalq Novruz Günü elan olunmuşdur.

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda fantastik nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin  tarixi-mədəni irsə, ənənələrə müəyyən təhlükə meyilləri də özünü qabarıq şəkildə göstərir. Tarixdən bəllidir ki, hər hansı milləti məsum, kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaqyaxud da kökündən, soyundan uzaqlaşdırmaq yetərlidir. Xalqların qərinələr boyu formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını paksağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Azərbaycanda bu məsuliyyətli missiyanı məhz ulu öndər Heydər Əliyev çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı qismində çıxış etmişdir. Ulu öndər nitqlərində xüsusi vurğulamışdır ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın ali dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın diktələri bir çox hallarda əsrlərin "mirasına" - milli-mənəvi dəyərlərə qarşı yönəlir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü də rəhbər vəzifəyə gəldiyi gündən bu təhdidi düzgün qiymətləndirməsi, potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Ulu öndərin vətənpərvərliyi,  xalqına, millətinə, Vətəninə, milli irs və ənənələrinə bağlılığı bu təhdidlərin önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın genetik yaddaşını qorumuşdur. Bu dahi insan Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ali dəyərlərinə həddən artıq bağlılığı ilə yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir.

Novruzun hər birimizini taleyindəki yerini, müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının dövlət quruculuğundakı əhəmiyyətini, məramını, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu yüksək dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın ana sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklükyaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Novruz bayramı bütün dünya xalqlarının təxminən üçdə biri üçün həm də müştərək olan astroloji göstərici eyniliyini tənzimləyən, Yer kürəsinin böyük bir hissəsində Yerin Günəş ətrafında hərəkəti ilə bağlı fəsillərin əvəzlənməsi - qışın ötüb yazın gəlməsi, gecə və gündüzün bərabərləşməsi, yeni günün başlanması ilə əlamətdar olduğunu da xüsusi qeyd etmək lazımdır. Belə əzəli kökə və tarixə malik olan Novruz zaman-zaman özünün yüksək mədəni dəyərlərini böyük sürətlə yaxın və uzaq ellərə yaymış, bir çox etnosları, tayfaları və xalqları öz bayram ənənələri ətrafında birləşdirə bilmişdir.

Novruz bayramı etiqadlarında insanlara qayğı, diqqət, ədalət idealları başlıca yer tutur. Cəmiyyətdə bərabər, rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə, yaşlılara, kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə də bayram günlərində minbir nemətlə zəngin xonçalar bəzədilir, insanlara müxtəlif bayram payı, bayram şirniyyatı və digər Novruz nemətləri göndərilir. Ehtiyacı olanlara yardımlar aparılır və beləliklə də bütün el-oba tam şəkildə bayram şənliklərinə qatılır. Novruz günlərində cəmiyyətdə bir növ maddi tarazlıq yaranır.

Novruz həm də yüksək mənəvi-əxlaqi və mədəni dəyərləri ilə cəmiyyəti irəli aparan, onu saflaşdıran, insanları sülhə, dostluğa səfərbər edən böyük tərbiyə məktəbidir. Lakin bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Bu ənənə sovetlər dönəmində daha ağrılı şəkildə davam etdirilmişdir. Novruzun milli bayram kimi keçirilməsi üzərinə böyük qadağalar qoyulmuş, o, dini bayram hesab edilərək dövlət tərəfindən unutdurulmağa çalışılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman bu qadağalar da tədricən səngiməyə başlamışdır. İnzibati idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə və həmin şəxslər fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə çalışmışlar.

Ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri dolayı şəkildə önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir. Novruz adət-ənənələri o dövrdə çəkilmiş filmlərdə də özünə yer tapmışdır. Hər dəfə "Dəli Kür" filminə baxarkən  Novruzun necə təbliğ olunduğunu əyani şəkildə görürük. Bəli, məhz müdrik rəhbərin qayğısı ilə həmin illərdə qorunub saxlanılan milli-mənəvi dəyərlər sonralar Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynamışdır.

1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhval-ruhiyyə ilə keçirilməsinə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra müsibətli faciələr aradan qaldırılmış, vətəndaş qarşıdurmasına son qoyulmuşdur. İctimai-siyasi sabitlik təmin olunmuş, maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını təntənə ilə qeyd etməyə başlamışdır. Novruz dövlət səviyyəsində yüksək əhval-ruhiyyə ilə keçirilməklə yanaşı, dünya azərbaycanlılarının milli bayramına, ən gözəl ideoloji-siyasi təsir amilinə çevrilmişdir. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq arzulamışdır.

Ulu öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbrikində aydın və birmənalı şəkildə təsdiq olunmuşdur. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı qeyd edir ki "Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayramdır... Ailə dəyərləri, bizim milli-mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim milli mədəniyyətimiz, tariximiz - bütün bunlar Azərbaycan xalqını qorumuşdur. Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq".

Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir. Bu yanaşma çağdaş Azərbaycan dövlətinin artıq bütün dünyada böyük əks-səda verən mədəniyyət siyasətinin əsasını təşkil edir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində 2003-cü ildə Azərbaycan muğamının UNESCO tərəfindən "Bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsəri" elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş beynəlxalq fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın milli dəyərlərinin prioritet kimi götürülməsinin nə qədər doğrureal siyasət olduğunu təsdiqləyir. 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi milli siyasətimizdə Novruzun nə qədər böyük gücə malik olduğunun parlaq sübutudur.

Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixdə 21 martı Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir. Xalqımızın milli bayramı Novruzun BMT Baş Məclisi tərəfindən beynəlxalq gün kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qətnamə layihəsi hazırlanmış, digər dövlətlərlə razılaşdırılması və BMT-də qəbulunun təmin edilməsi üçün ölkəmizin BMT yanında daimi nümayəndəliyinə təqdim edilmişdir. Fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyası gündəliyinin "Sülh mədəniyyəti" adlı 49-cu bəndinə müvafiq olaraq Azərbaycanın təsəbbüsü ilə irəli sürülmüş və Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifi olduğu "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Novruz bayramının qeyd edilməsinin tarixi, onun nəinki Azərbaycanda, o cümlədən Balkanlarda, Qara dəniz hövzəsi ölkələrində, Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə, ümumilikdə üç yüz milyon insan tərəfindən təntənəli şəkildə üç min ildən artıq bir müddət ərzində qeyd edilməsi barədə məlumat verilmişdir. İclasın sonunda yekdilliklə qəbul olunan qətnaməyə əsasən, BMT Baş Məclisi Novruz bayramının Şərq və Qərb mədəniyyətlərinin xüsusiyyətlərini, əməkdaşlıq və həmrəylik ideallarını özündə ehtiva etdiyini nəzərə alaraq, dövlətlər arasında bundan sonra da geniş həmrəylik, yüksək hörmət və ehtiramı təşviq etmək məqsədilə martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır, BMT-nin üzvü olan dövlətləri Novruzla bağlı məlumatlılığının artırılması üçün səy göstərməyə çağırır. Eyni zamanda, BMT-nin üzvü olan dövlətləri və onun ixtisaslaşdırılmış orqanlarını, fondlarını, proqramlarını, həmçinin məsələ ilə maraqlanan digər beynəlxalq və regional təşkilatları, eləcə də qeyri-hökumət təşkilatlarını Novruz bayramını keçirən dövlətlərin təşkil etdikləri təntənəli mərasimlərdə iştiraka dəvət edir.

Xalqımızın mənəvi mədəniyyətinin, etnik-mifoloji keyfiyyətinin müəyyənləşdirilməsində, bu xalqın qədim mifik görüşlərindən tutmuş adət-ənənəsi, həyat haqqında düşüncələri barədə aydın təsəvvürlər əldə edilməsində Novruzun rolu olduqca əhəmiyyətli və əvəzsizdir. Dünyanın bir çox, xüsusilə türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ümummilli universalizmini təmin edən mexanizm məhz Novruz bayramıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sürətlə dəyişən dünyamızda qloballaşma proseslərinin geniş vüsət aldığı bir zamanda Novruz bayramı daşıdığı bütün məna və rəmzləri ilə xalqımızın tarixi-mədəni irsə son dərəcə bağlı olduğunu parlaq nümayiş etdirir.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2014.- 19 mart.- S.4.