Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş

 «Səməni» Beynəlxalq incəsənət müsabiqəsinin

 qalibləri mükafatlandırılmışlar

 

Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihəni reallaşdırmışdır.

AzərTAc xəbər verir ki, martın 18-də - İlaxır çərşənbə günündə Heydər Əliyev Mərkəzinin parkında "Səməni" Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunmuşdur.

Həmin gün mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva müsabiqəyə təqdim olunmuş səmənilərə baxmış və nömrələnmiş işlərə səs vermişlər.

Qeyd edilmişdir ki, qədim zamanlardan baharın gəlişi Azərbaycan və bir çox Şərq ölkələrində bayram edilir, şənliklərlə qarşılanır. Şənliklər hələ Novruzdan əvvəl - İlaxır çərşənbədən başlanır. Novruz bayramının özünəməxsus rəmzləri, adətləri vardır. Onun əsas atributlarından biri isə səmənidir. Səməni təbiətin oyanışını, canlanmasını təcəssüm etdirir, həyat və bolluq rəmzi hesab olunur. Qədimdə insanlar yazqabağı "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyərək taxıl cücərtməklə bolluq, bərəkət arzularını ifadə etmişlər. Əsrlər dəyişmiş, sivilizasiya inkişaf etmiş, müxtəlif tarixi dövrlərdə yasaqlar qoyulmuş, lakin Azərbaycan xalqı Novruzu adət-ənənələri və rəmzləri ilə bərabər yaşadaraq çağdaş dövrümüzə qədər gətirib çıxarmışdır.

Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunmuşdur.

Bildirilmişdir ki, Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi yeni layihə - "Səməni" Beynəlxalq incəsənət müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq, yeni nəslə çatdırmaqla yanaşı, həm də Novruzu müasir incəsənətin sərhəd tanımayan dili ilə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzi müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub olan 31 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdiyi səməniləri sərgiləməklə həm paytaxt sakinlərinin bayram ovqatını yüksəltmiş, həm də onların bolluq və firavanlıq arzularını ifadə etmişdir.

Müsabiqəyə dəstək verdiklərinə görə Heydər Əliyev Fonduna, "YARAT" Müasir İncəsənət Məkanına, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinə, "Baku" jurnalına, Müasir İncəsənət Muzeyinə və digər təşkilatlara təşəkkür ifadə edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Mərkəzi bundan əvvəl - 2013-cü ilin dekabrında "Küknar" Beynəlxalq sərgi-müsabiqəsi keçirmiş, 18 yerlixarici rəssam, heykəltəraş fərqli dizaynda Yeni il ağaclarını təqdim etmiş, səsvermə yolu ilə onların üçünün müəllifi mükafatlandırılmışdır. Nadir görkəmli küknarlar Heydər Əliyev Mərkəzinin parkında 2 ay nümayiş olunmuşdur. Tədbirdə "Küknar" Beynəlxalq sərgi-müsabiqəsinin qalibləri çıxış edərək, həyata keçirilən layihələri yüksək qiymətləndirmişlər.

Sonra "Səməni" Beynəlxalq incəsənət müsabiqəsi üzrə səsvermənin nəticələri açıqlanmışdır.

Bildirilmişdir ki, hər bir tamaşaçının 3 eyniya 3 müxtəlif əsərə səs vermək imkanı vardır. Verilmiş səslər nəticəsində mükafata layiq ilk 3 yeri tutan səməninin müəllifi bəlli olmuşdur.

Səsvermənin nəticələrinə görə Novruz Məmmədov, Elvin Nəbizadə və Lamiyə Əhməd müvafiq olaraq birinci, ikinciüçüncü yerləri tutmuşlar.

Mükafatlandırılan qaliblər, yüksək səviyyədə təşkil olunan belə bir müsabiqənin reallaşdırılmasında əməyi olanlara minnətdarlıqlarını bildirmişlər. Onlar bu layihələrin istedadlı gənclərin üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və hamını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişlər.

Müsabiqəyə təqdim olunan səmənilər iyunun 1-dək Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcəkdir.

Azərbaycan.-2014.- 19 mart.- S.5.