Azərbaycanın və Əfqanıstanın daxili işlər orqanları

arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Martın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları səmimi salamlayan Ramil Usubov nazir Zarar Ahmad Osmani ilə yenidən görüşməsindən məmnunluq duyduğunu vurğulamışdır. Daxili işlər naziri ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin hazırda dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırmış, bu səfərin birgə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcəyini demişdir.

Sonra Ramil Usubov rəhbərlik etdiyi qurumun funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkəmizdə hökm sürən gərgin ictimai-siyasikriminogen durum barədə qısa məlumat vermişdir. Nazir demişdir ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra ümummilli liderin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində köklü islahatlar həyata keçirilmiş, sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüş, ölkəmizə xarici sərmayənin axını üçün münbit şərait yaradılmışdır. 

Əfqanıstanın beynəlxalq təşkilatlarda həm Dağlıq Qarabağ, həm də digər məsələlərdə Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə etdiyini yüksək qiymətləndirən general-polkovnik Ramil Usubov iki ölkənin hüquqmühafizə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin yaradılması, transmilli mütəşəkkil cinayətkarlığa, xüsusən, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı səmərəli mübarizə aparılması məqsədilə "Azərbaycan Respublikası hökuməti və Əfqanıstan İslam Respublikası hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırlatmışdır.

Səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edən Zarar Ahmad Osmani qarşılıqlı səfərlərin və görüşlərin hər iki qardaşdost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır. Qonaq həmin sazişin tezliklə imzalanacağına əminliyini bildirmişdir. 

 

Azərbaycan.-2014.- 19 mart.- S.6.