Əfqanıstan Azərbaycan ilə əlaqələrin
inkişafında maraqlıdır
Martın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əfqanıstanlı həmkarı Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirmişlər.
E.Məmmədyarov bildirmişdir ki, görüşdə iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən istifadə etməsi imkanları, həmin layihənin 2015-ci ildən sonra işə salınması ilə bağlı Əfqanıstandan yüklərin daşınması üçün əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin təhsil sahəsində əməkdaşlıq, Azərbaycanın Əfqanıstanın enerji sahəsinə sərmayə yatırması məsələləri barədə fikir mübadiləsi aparılmışdır.
Nazir qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda bir çox məsələlərdə Azərbaycanın və Əfqanıstanın mövqeləri üst-üstə düşür. İki ölkə arasında siyasi sahədə əlaqələr yüksək səviyyədədir və Azərbaycan qardaş ölkə ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Əfqanıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyini dəstəkləyir. Əfqanıstan Azərbaycan ilə iqtisadi əlaqələrin genişlənməsinə də maraq göstərir. Məsələn, rəsmi Kabil Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə maraqlanır və Əfqanıstanın dəmir yolu şəbəkəsini qərb istiqamətində genişləndirmək istəyir. Biz həmin məsələyə dair birgə işçi qrupun yaradılmasını istisna etmirik. Bundan başqa, Əfqanıstan öz vətəndaşlarını Azərbaycanın ali təhsil müəssisələrində oxumağa göndərir. Həmçinin Əfqanıstan tərəfi Azərbaycan investisiyalarının bu ölkəyə cəlb olunmasına maraq göstərir.
Zarar Ahmad
Osmani Bakıda keçirdiyi
görüşlərin yekunlarından razı
qaldığını bildirmişdir. O demişdir ki,
Əfqanıstan Azərbaycan ilə əməkdaşlığı
inkişaf etdirməyə önəm verir. Biz
Əfqanıstanın Türkiyə və Gürcüstana
yolunu açacaq nəqliyyat
infrastrukturuna maraq
göstəririk. Biz həmçinin
ölkələrimiz arasında
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafına yaxşı platforma formalaşdıran
hökumətlərarası komissiya
yaratmalıyıq.
Azərbaycan.-2014.- 19 mart.- S.6.