Bakıda I Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir
Martın 18-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik
etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi
Naminə Beynəlxalq
Dialoq) İctimai Birliyinin təşkilatçılığı
ilə I Azərbaycan Ətraf Mühit Forumu keçirilmişdir.
"Azərbaycanın
yaşıl sabahını
birlikdə quraq" şüarı altında
keçirilən tədbirdə
IDEA-nın layihə direktoru Anara İsmayılova ictimai birliyin fəaliyyəti haqqında məlumat vermişdir.
Sonra IDEA İctimai
Birliyi tərəfindən
hazırlanmış sosial
videoçarx nümayiş
etdirilmişdir.
Azərbaycanın ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov forumda çıxış edərək
bildirmişdir ki, son illər ölkəmizdə
ətraf mühitin mühafizəsi ilə bağlı mühüm işlər görülmüşdür. Yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması,
tullantıların idarə
edilməsi sahəsində
uğurlar əldə
olunmuşdur. Bu işlərin həyata keçirilməsində, əlbəttə,
vətəndaş cəmiyyəti
təşkilatlarının da üzərinə mühüm vəzifələr
düşür. IDEA İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti təqdirəlayiqdir.
Nazir demişdir ki,
son vaxtlar ölkəmizdə
yaşıllıqların artması
istiqamətində mühüm
irəliləyişlər vardır.
Bəzi dağlıq ərazilərdə
insanların yanacaq kimi odundan istifadə
etmələrinə görə
vaxtilə meşələrin
qırılması nəticəsində
müəyyən problemlər
yaranmışdı. İndi isə
peykdən əldə
olunan şəkillərdən
də görünür
ki, Qəbələ, İsmayıllı və başqa ərazilərdə
300-500 hektarlıq açıq
yaşıl rəngdə
olan örtüksüz
ərazilər tünd
yaşıl rəngə
çevrilir. Bu o deməkdir
ki, meşələrimizin
ərazisi 0,4 faiz artmışdır.
H.Bağırov bildirmişdir ki, nazirlikdə ətraf mühitlə bağlı
Ekoloji Şura formalaşmışdır. İclaslarında iştirakın sərbəst
olduğu şurada iri layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi
sənədləri müzakirə
edilir. Bundan sonra həmin
sənədlər QHT-lərin
rəyləri nəzərə
alınmaqla formalaşdırılır.
Nazir həmçinin
son illər Abşeron
yarımadasında ekoloji
problemlərin həlli
istiqamətində görülən
işlərdən də
danışmışdır.
BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi
Antonius Broek dünya əhalisinin sayının
artmasının, urbanizasiya
səviyyəsinin yüksəlməsinin,
sənayenin inkişafının,
həmçinin təbii
fəlakətlərin ətraf
mühitə təsirindən
danışmışdır. O demişdir
ki, müasir dövrdə ətraf mühitin mühafizəsində
dövlət qurumları
ilə yanaşı qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin də
böyük rolu vardır.
A.Broek bildirmişdir
ki, təmsil etdiyi təşkilat Azərbaycan hökuməti
ilə ətraf mühitin mühafizəsi
sahəsində birgə
layihələr həyata
keçirir və son illər bu əməkdaşlıq
daha da inkişaf
etmişdir.
Rezident əlaqələndirici
Azərbaycanın Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
və IDEA İctimai Birliyinin bu istiqamətdə
gördüyü işlərin,
xüsusilə də ətraf mühitin mühafizəsi işinə
gənclərin cəlb
olunmalarının əhəmiyyətini
qeyd etmişdir. O, forumun
ətraf mühitin qorunması sahəsində
gələcəkdə həyata
keçirilməsi nəzərdə
tutulan layihələrə
mühüm töhfə
verəcəyini vurğulamışdır.
Daha sonra
"Hər kağızı
bir yarpağa dəyişək" layihəsi
ilə bağlı hazırlanmış videoçarx
nümayiş etdirilmişdir.
Forum işini iki
paneldə davam etdirmişdir. Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru Vüqar Məmmədovun moderatorluğu ilə keçirilən "Ekoloji
problemlərə milli
baxış, onların
həlli yolları və bu işdə
QHT-lərin rolu" mövzusunda birinci paneldə "Təmiz Şəhər" Açıq
Səhmdar Cəmiyyətinin
idarə heyətinin sədri Zakir İbrahimov çıxış
edərək bildirmişdir
ki, Azərbaycanda ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. IDEA İctimai Birliyinin
ətraf mühitin qorunması sahəsində
yerli və beynəlxalq layihələr
reallaşdırması, mövcud
ekoloji problemlərin həllinə diqqət yetirməsi təqdirəlayiqdir.
Diqqətə çatdırılmışdır ki, tullantıların idarə edilməsi də ekoloji problemlərin həlli prosesinin bir hissəsidir. Bu baxımdan "Təmiz Şəhər" ASC-nin fəaliyyəti xüsusi qeyd edilməlidir. Əsas məqsəd tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq, idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirməkdir.
Bildirilmişdir ki, tullantıların vahid və kompleks şəkildə zərərsizləşdirilməsi sistemi tətbiq edilir. Tullantıların ən müasir zərərsizləşdirmə üsullarından biri yandırma və ondan alınan enerjinin istehsalıdır. Bakıda belə zavodun tikilməsi Azərbaycan hökuməti tərəfindən tullantıların idarə edilməsi sahəsində infrastrukturun inkişafı ilə bağlı həyata keçirilən ən önəmli tədbirlərdən biridir.
Daha sonra paneldə "Meşələrin inkişafı və mühafizəsi sahəsində beynəlxalq qurumlar ilə dövlətin birgə əməkdaşlığı", "Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin səmərəliliyi və təmsil olunma dərəcəsi", "Abşeron yarımadasında Azərbaycan SSR dövründən qalmış ekoloji problemlərin həllində ictimaiyyətin rolu", "Azərbaycanda su problemləri və bu sahədə beynəlxalq əməkdaşlıq" mövzularında məruzələr dinlənilmişdir.
"Azərbaycanda ətraf mühitin qorunması sahəsində QHT və dövlət strukturları arasında əməkdaşlığın bugünü və sabahı" mövzusunda paneldə isə "Ətraf mühitin mühafizəsində yaşıl iqtisadiyyatın rolu", "Azərbaycanda biomüxtəlifliyin mühafizəsinin əsas problemləri", "Dayanıqlı inkişaf üçün ekoloji maarifləndirmənin müasir problemləri və onların həlli yolları", "Bərk məişət tullantılarının ətraf mühitə təsiri", "Azərbaycan regionlarının inkişafında ekoloji menecment strategiyasının tətbiq edilməsinin vacibliyi", "İqlim dəyişikliyi sahəsində QHT və dövlət əməkdaşlığı" mövzularında müzakirələr aparılmışdır.
Sonda forumun bəyannaməsi qəbul olunmuşdur.
AzərTAc
Azərbaycan.-2014.-
19 mart.- S.8.