«Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli» kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir

 

Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatı, Mətbuat Şurasının idarə heyətinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri və nüfuzlu kütləvi-informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim olunan kitabın təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının həyatında müstəsna yer tutduğunu vurğulamışdır. Bildirilmişdir ki, indiki Avropa İttifaqı bir model kimi hazırda quruma üzv olan dövlətlərin siyasətində uzunmüddətli hədəf halına gəlməzdən əvvəl düşüncələrdə təşəkkül tapmış, çeşidli kitablar vasitəsilə cəmiyyətə təqdim olunmuşdu. Türk birliyi məsələsi isə məhz vahid konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya bilməmiş, nəticə etibarilə türklərin toplum olaraq dünya düzəninə təsiri aktuallaşmamışdır.

Ə.Amaşov demişdir ki, "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı, ilk növbədə, məhz bu təsiri aktuallaşdıran, ona yeni çalarlar gətirən, cilalayan düşüncənin məhsuludur.

Qeyd olunmuşdur ki, C.Feyziyev türkçülüyün türkdünya xalqları üçün həm milli, həm də ümumbəşəri əhəmiyyətini Mahmud Kaşğarinin, Bahəddin Ögəlin, Yusif Akçuranın, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ziya Göyalpın və digər dühaların yaradıcılığına əsaslanaraq sistemləşdirmiş, ayrı-ayrı baxışlardan bəhrələnərək müqayisəli təhlilləri ilə vahid ideya platforması yaratmışdır. Monoqrafiyanın məhz bu üstün cəhəti onu türk xalqları tarixinin, siyasi düşüncələr məcmusunun, mədəniyyətinin, məişətinin tədrisi prosesində də mənbəyə çevirir.

Mətbuat Şurasının sədri demişdir ki, tarixin müxtəlif dövrlərində baş vermiş hadisə və proseslərin türkçülük maraqları nöqteyi-nəzərindən uzlaşdırıldığı, mükəmməl yanaşmanın dolğun analitik təhlillərlə əsaslandırıldığı belə bir nəşrin məhz azərbaycanlı müəllif tərəfindən qələmə alınması çox sevindirici haldır.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, dövlət mükafatı laureatı,  əməkdar elm xadimi Yaqub Mahmudov isə demişdir ki, görkəmli filosof, professor Fərman İsmayılovun redaktorluğu ilə yenicə çapdan çıxmış "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir.

Y.Mahmudov bildirmişdir ki, bu gün  dünyanı ədalət, beynəlxalq hüquq normaları deyil, ədalətsizlik və güc idarə edir. Bəs qalan xalqlar, o cümlədən yenicə müstəqilliyə qovuşmuş türk dövlətləri üçün çıxış yolu nədədir? Belə bir taleyüklü sualın tarixi dəlillərə söykənərək elmi əsaslarla cavablandırılması baxımından Cavanşir Feyziyevin böyük məmnuniyyətlə oxuduğum bu əsəri çox qiymətli bir tədqiqatdır.

Diqqətə çatdırılmışdır ki, kitabda Türk Dövlətləri Birliyi ideyası ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülür. Kitabda hər bir suveren türk respublikası və onun müasir inkişaf səviyyəsi, eyni zamanda, digər dövlətlərin ərazisində buya digər statusda yaşayan türk toplumları haqqında gərəkli informasiyalar verilir.

Professor Y.Mahmudov bu qiymətli əsərin qardaş türk xalqlarının dillərində də nəşr olunmasının vacibliyini vurğulamışdır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov diqqətə çatdırmışdır ki, müəllifin elmi axtarışlar apararkən müxtəlif dillərdə olan çoxsaylı ilk mənbələrdən və elmi ədəbiyyatdan zəngin faktiki materialları nəzərdən keçirməsi, dərin analitik təhlillər aparması və gələcəyə istiqamətlənmiş elmi nəticələr çıxarması kitabın dəyərini daha da artırır. Eyni zamanda, müəllifin şüarçılıqdan uzaq olması, real siyasi şəraiti nəzərə alması da kitabın üstün cəhətlərindəndir. 

Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitabın ictimai əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, geniş oxucu kütləsi, ayrıca sosial qruplar üçün nəzərdə tutulan kitablar vardır. Türk dövlətçilik ənənələrindən bəhs edən bu nəşr isə hər bir ziyalının yaddaş kitabıdır. Çünki bu kitab türkün keçmişini özünə qaytarır, bizə öz  milli kimliyimizi xatırladır. Biz özümüzə qayıdanda güclü oluruq.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının  sabiq xarici işlər naziri Hikmət Çətin müəllifi bu uğurlu nəşrə görə təbrik etmiş, kitabda irəli sürülən ideyanın türk xalqlarının ziyalılarını, xüsusilə, siyasətçilərini düşündürəcəyinə əminliyini bildirmişdir.

Digər çıxış edənlər də Cavanşir Feyziyevin uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan bu tədqiqat əsərini Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış kimi dəyərləndirmiş və Azərbaycan elminin mühüm uğuru hesab etmişlər.

Tədbirdə həmçinin XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, böyük maarifpərvər ziyalı  Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

 

Azərbaycan.-2014.- 19 mart.- S.10.