Jurnalistlər
üçün dəyərli töhfə
Azərbaycan
türkcəsi böyük inkişaf yolu keçmiş qədim ədəbi
dillərdən biridir. Mütəxəssislər
onun tarixinin şərti olaraq "Kitabi-Dədə Qorqud"
dastanlarının yarandığı vaxtdan
hesablandığını və 1300 ildən çox
yaşı olduğunu bildirirlər. Bu
müddət ərzində o, bir neşə hakim dilin
basqısı altında olsa da, öz varlığını
qoruyub saxlamış, bugünkü yüksək səviyyəyə
çatmışdır. Hətta 200 illik
Rusiya-SSRİ imperiyası dövründə də vətənpərvər
ziyalılarımızın milli mücadiləsi sayəsində
dilimiz bu imperiyaya daxil olmuş başqa asılı dillərə
nisbətən daha yaxşı inkişaf etmiş, öz
lüğət tərkibini genişləndirmişdir. XX
əsrin 50-ci illərindən sonra İmam Mustafayevin, Mirzə
İbrahimovun cəhdləri, daha sonra ümummilli lider Heydər
Əliyevin, son 10 ildə isə Prezident İlham Əliyevin
müdrik siyasəti nəticəsində Azərbaycan dili
dövlət dili statusuna yiyələnmişdir.
XX əsrdə
ədəbi dilimizi tədqiq edən Bəkir Çobanzadə,
Əbdüləzəl Dəmirçizadə, Muxtar
Hüseynzadə, Əliheydər Orucov, Səlim Cəfərov,
Əlövsət Abdullayev, Fərhad Zeynalov, Afad Qurbanov,
Ağamusa Axundov, Tofiq Hacıyev, Qəzənfər Kazımov,
Nizami Cəfərov, Kamal Abdulla və başqa dilçi alimlərimizin
böyük ordusu yaranmışdır. "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun
2001-ci il tarixli fərmanında göstərildiyi
kimi, "dərin qürur və fərəh hissi ilə demək
olar ki, Azərbaycan dilçilərinin gərgin əməyi
sayəsində dilçiliyin bütün sahələrində
səmərəli işlər görülmüş, dil
tarixi, dialektologiya, müasir dil, lüğətçilik sahələrində
dəyərli tədqiqatlar aparılmışdır".
Bununla belə, yad dillərin, xüsusən ruscanın
hakim mövqedə olması təsirsiz ötüşməmişdir. Məlum
olduğu kimi, həm qrammatik quruluşlarına, həm fonetik
imkanlarına, həm də morfoloji və sintaktik xüsusiyyətlərinə
görə Azərbaycan türkcəsi və rus dili bir-birindən
əsaslı surətdə seçilir. Rusiya
və sovet imperiyalarına daxil olduğumuz müddətdə
hakim dilin təsiri ilə dilimizdə bir sıra xoşagəlməz
dəyişikliklər baş vermişdir. Misal olaraq Azərbaycan
türkcəsindəki cümlələrin rus dilinin strukturuna
salınmasını, Avropa dillərindən rus dili vasitəsilə
Azərbaycan türkcəsinə keçmiş yer və şəxs
adlarının yazılışında və deyilişində
də xeyli yanlışlığın olmasını, mənası
anlaşılmayan -ov (-ova), -yev (-yeva) soyad sonluqlarının
dilimizə pərçimlənməsini və s. göstərmək
olar. İndiki dövlət müstəqilliyi
şəratində nitqimizdəki belə
yanlışlıqları sistemli şəkildə islah etməklə
dilimizin təbii axarına qaytarılması qarşıda
duran ən vacib məsələlərdəndir. Bu sahədə mövcud olan problemlərin
böyük bir qismi filologiya üzrə elmlər doktoru,
professor Nəsir Əhmədlinin bu günlərdə
işıq üzü görmüş "Jurnalistin nitq mədəniyyətinin
əsasları" adlı dərsliyində əksini
tapmışdır. Bu kitabı,
mübaliğəsiz, yeniliklər toplusu adlandırmaq olar, yəni
müəllif hər bir mövzuya tam yeni rakursdan
yanaşmış, nitqdə mövcud olan problemləri
aşkarlayaraq onların həlli yollarını göstərmişdir.
Onlardan bəzilərinə diqqət yetirək.
Qələm
sahibləri yaxşı bilirlər: rusca düşüncə
tərzinin ən bariz göstəricisi kotorıy
sözünün kalkası (hərfi tərcüməsi) olan
hansı ki sözünün dilimizə pərçimlənməsidir.
Üzeyir bəy Hacıbəyli hələ 1909-cu il aprelin 1-də "Tərəqqi" qəzetində
dərc olunmuş "Üsuli-təbii" adlı məqaləsində
yazmışdı: "Qafqazda türk dilini mükəmməl
bilənlərdən Əli bəy Hüseynzadə cənabları
dəfələrlə qəti surətdə elan etmişdir
ki, türk dilində hansı ki, hansılar ki sözü
yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə
üsulu ilə dərs verən müəllimlər rusun
kotorıy sözünü tərcümə etmək
üçün özlərindən çıxarıblar,
onun istemalı (işlədilməsi) dil üçün
lüzumsuz bir ağırlıqdır". Aradan 100 ildən
çox keçməsinə baxmayaraq, bu ağırlıq, təəssüf
ki, dilimizi hələ də sıxmaqda davam edir:
Nəsir
müəllim qəzetlərdən
götürülmüş yanlış cümlələri
misal gətirir və onların düzgün variantını təklif
edir:
1. Təbiidir
ki, bu da Azərbaycan iqtisadiyyatına böyük zərbələr
vurur, bizim apardığımız siyasətə, bazar
iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə
cəlb olunması prinsiplərinə - hansılar ki, biz öz
iqtisadiyyatımızın inkişafı üçün
onları əsas götürmüşük - zərbələr
vurur.
Düzgün
variant: Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına,
apardığımız siyasətə, bazar iqtisadiyyatı və
xarici investisiyanın ölkəmizə cəlb olunması
prinsiplərinə zərbə vurur.
Müəllifin fikrincə, rus dilindəki ifadələrin
düzgün olmayan tərcüməsi nəticəsində
formalaşmış yanlışlıqlardan biri də
iribuynuzlu mal-qara və xırdabuynuzlu mal-qara deyimləridir. "Rus dilində bu ifadələr
belədir: krupnıy roqatıy skot və melkiy roqatıy skot. Buradakı krupnıy (iri) və melkiy (xırda) sifətləri
buynuza deyil, skot (mal) isminə aiddir. Yəni
krupnıy roqatıy skot-un həm bədəni iridir, həm də
buynuzu var (inək, camış), melkiy roqatıy skot-un bədəni
balacadır, həm də buynuzu var (qoyun, keçi). Bizdə
isə iri və buynuzlu, xırda və buynuzlu sifətlərini
birləşdirərək iri və xırda sözlərini
buynuz sözünə aid ediblər:
1.
Hacıkənd qəsəbəsində məskunlaşmış
məcburi köçkün ailələri təxminən 1500
baş iribuynuzlu heyvan saxlayır ki, bunun da nəticəsində
Hacıkənd meşələri məhv edilir. 2. Tərtərin
cəbhə xəttindəki Həsənqaya kəndində ermənilər
sakinlərə məxsus mal-qaranı gülləbaran ediblər.
Nəticədə sakinlərə məxsus 30
başa qədər xırdabuynuzlu mal-qara tələf olub.
Belə
çıxır ki, inəklərin və
camışların buynuzları iri, qoyunların və
keçilərin buynuzları isə xırda olur. Amma
heyvandarlığa bələd olan hər kəs bilir ki,
qoyunun (qoçun) və keçinin (təkənin) buynuzları bəzən
inəklərin (buğaların) və camışların (kəllərin)
buynuzlarından yekə olur. Yəqin, gənc jurnalistlər
bilmirlər ki, el arasında bu heyvan kateqoriyalarının dəqiq
adları var: qaramal (inək, camış) və davar (qoyun,
keçi)".
Dilimizdəki yanlışlıqlardan bir çoxu rus
dilindəki bütün sifətləri (həm əsli, həm
də nisbi) Azərbaycan dilində də hökmən sifət
kimi vermək cəhdi ilə bağlı olmuşdur. Müəllif
texniki universitet, mədəni mallar, siyasi elmlər birləşmələrinin
texnika universiteti, mədəniyyət malları, siyasət elmləri
formasında verilməsini təklif edir. Onun
fikrincə, "ali məktəblərdə və akademiya
sistemində geniş işlənən və ruscadakı
uçyonıy sovet birləşməsinin
qarşılığı olan Elmi şura ifadəsi də səhvdir.
Bu quruma Alimlər şurası demək daha məqsədəuyğun
deyilmi? Ərəb dilindən
alınmış şura sözünün mənası
seçilmiş və ya təyin olunmuş səriştəli
şəxslərin hər hansı məsələni
müzakirə etmək, məsləhətləşmək
üçün bir yerə toplaşmasıdır. Elə rus dilində də uçyonıy
sözü elm yox, alim deməkdir".
Rus dilində
bəzən isimdən əvvəl bir yox, iki (hətta
üç və daha çox) bərabərhüquqlu nisbi sifət
gəlir və onların arasında defis (-) işarəsi
qoyulur: torqovo-ekonomiçeskiye svyazi, nauçno-issledovatelskiy
institut və s. Azərbaycan dilində isə həmin sözlərdən
biri sifət, biri isə isim, yaxud hər ikisi sifət kimi
verilir: ticarət-iqtisadi əlaqələr, elmi-tədqiqat
institutu, elmi-metodik şura... "Əslində isə
onların hər ikisi isim kimi verilməlidir: ticarət-iqtisadiyyat
əlaqələri, elm-tədqiqat institutu, elm-metodika
şurası, elm-təhsil mərkəzi..."
Belə yanlışlıqlar bəzi hallarda sözün
semantikasına da təsir göstərir. Misal üçün,
ruscadakı armyano-azerbaydjanskiy konflikt birləşməsinin
ilk hissəsini kütləvi informasiya vasitələrimizin əksəriyyəti
erməni-azərbaycanlı, yaxud erməni-Azərbaycan şəklində
verir və buradan belə çıxır ki, münaqişə
iki ölkə arasında deyil, iki millətin nümayəndəsi
arasında, yaxud bir millətin nümayəndəsi ilə bir
ölkə arasında baş verib. Təbii ki,
bu ifadə bütün hallarda Ermənistan-Azərbaycan
formasında olmalıdır.
"Jurnalistin
nitq mədəniyyətinin əsasları" kitabında
pleonazmların (lüzumsuz söz, ifadə və şəkilçilərin)
nitqdə yer almasına da etiraz edilir (gələcək
perspektiv, keçmiş SSRİ, bəyanatı
açıqlamaq, qiymətlərin bahalaşması
və
s.). "Rəsmi sənədləri, qəzet səhifələrini,
efir və ekranları zəbt etmiş seçkilər
sözü haqqında ayrıca danışmaq lazım gəlir.
Rus dilində yalnız cəm halda işlənən xeyli
söz var: bryuki, duxi, nojnitsı və s. Bunlar formaca cəm
halda olsa da, məzmunca tək isim kimi qavranır və
düzgün olaraq dilimizə də tək isim kimi
çevrilir: şalvar, ətir, qayçı... Vıborı da belə sözlərdən biridirsə,
nəyə görə onu cəm halda işlətməliyik?
Axı söhbət bir prosesdən, bir kampaniyadan gedir: prezident
seçkisi, parlament seçkisi, bələdiyyə
seçkisi... Bu söz rus dilində ona görə
cəm halda işlənir ki, seçkidə (bir prosesdə)
iştirak edən hər kəs öz seçimini edir. Başqa sözlə, seçim konkret bir şəxsə,
seçki isə küll halında
götürülmüş topluma aid olan
anlayışdır".
Professor N.Əhmədlinin fonetik hadisələrlə,
xüsusən də səsdüşümü (eliziya) ilə
bağlı fikiləri də maraq doğurur. Orfoqrafiya qaydalarına
görə, bəzi ikihecalı sözlərə (sinif,
oğul, fikir, şəkil və s.) saitlə başlanan şəkilçi
artıranda ikinci hecadakı sait, saitlə bitən bir sözə
(Əli, Ağa, Mirzə...) saitlə başlanan başqa
söz bitişdirib mürəkkəb söz əmələ
gətirəndə isə birinci sözün son saiti
düşür. Nəsir müəllim bununla bağlı
yazır: "Əlbəttə, bu, dilimizə xas olan təbii
hadisədir, amma təbii olmayan odur ki, bəzi fonetik hadisələr
nitqin yalnız şifahi formasına şamil edildiyi halda, nədənsə
səsdüşümü yazılı nitqə də aid
edilir və beləliklə də müəyyən məntiqsizlik
yaranır. Məsələn, dərinlik sözü
assimilyasiya nəticəsində dərinnik kimi deyilsə də,
yazıda ilkin formasını (dərinlik) saxlayır, lakin bəlli
olmayan səbəbə görə səsdüşümü
orfoepiya predmeti olmaqdan çıxıb orfoqrafiyanın
predmetinə çevirilir: sinif - sinfin, sətir - sətrə
və s.".
Müəllif hesab edir ki, sözlər yazılarkən onların kökləri (leksik məna bildirən hissələri) təhrif olunmamalı, ilkin - lüğəvi formasını saxlamalıdır. Səsdüşümünün yazıda əks olunması hətta bəzən sözün mənasının tam dəyişilməsi ilə nəticələnir. Misal üçün, xeyir sözünə yönlük hal şəkilçisi artırıb yazırıq: Gecəniz xeyrə qalsın. Beləliklə, müsbət mənalı xeyir sözü yox mənası bildirən xeyr kəlməsinə çevrilir və xoş söz demək istədiyimiz əziz adama yoxluq arzulayırıq.
"Mürəkkəb sözlər şəklində olan adlarla bağlı lap gülünc vəziyyət yaranıb: "Əli"ni "əl"ə (Əli + ağa = Əlağa), "Vəli"ni "vəl"ə (Vəli + ağa = Vəlağa), "Ağa"nı "ağ"a (Ağa + Əli = Ağəli) çeviririk. Məlumdur ki, ərəb dilində əkbər - böyük, övsət - ortancıl, əsgər - kiçik deməkdir. Bəzi valideynlər imam Əliyə (598-661) hörmət əlaməti olaraq böyük oğullarına Əliəkbər (böyük Əli), ortancıl oğullarına Əliövsət (ortancıl Əli), kiçik oğullarına isə Əliəsgər (kiçik Əli) adı qoyurlar, orfoqrafiyamız isə səsdüşümü hadisəsi əsasında böyük Əlini "böyük əl" (Ələkbər), ortancıl Əlini "ortancıl əl" (Əlövsət), kiçik Əlini isə "kiçik əl" (Ələsgər) formasına salır və beləliklə, həmin adlar öz müqəddəsliyini, ilkin təyinatını itirir.
Nəsirəddin dinə kömək edən deməkdir. Birinci i ixtisara düşəndə isə (Nəsrəddin) dinin nəsri kimi anlaşılır. Bu cür nümunələr bitib-tükənməz qədərdir".
Dərslik dilimizin saflaşmasına xidmət edən belə dəqiqləşdirmələrlə zəngindir. Burada istər qəzet, istər radio-televiziya, istərsə də internet jurnalistləri gündəlik yaradıcılıq prosesində üzləşdikləri bir çox suala cavab tapa bilərlər. Ümid edirik ki, bu əsər tezliklə, xüsusən gənc yazarlarımızın masaüstü kitabına çevriləcəkdir.
Şamil
VƏLİYEV,
BDU-nun Jurnalistika
fakültəsinin dekanı,
filologiya üzrə elmlər doktoru, professor, əməkdar
jurnalist
Azərbaycan.-2014.- 19 mart.- S.10.