Ağbirçəyin nəcibliyi
Redaksiyanın
qonağı
Müxtəlif insanlar müraciət edir qəzetimizə, qonaq gəlirlər. Kimi şikayət edir, kimi də bir ideya təklifi ilə qapımızı döyür. Eləsi də olur ki, bizi özünə doğma saydığı üçün sadəcə görüşə, söhbətə gəlir. Novruz bayramı ərəfəsində özünü Nailə xanım kimi təqdim edən 84 yaşlı ağbirçək və nurani bir qadın ədəb və ləyaqətlə qapımızı döydü. Nikbin təbəssümü, gözlərindəki həyat eşqi, bir də danışığındakı nəciblik Nailə Ağayevanı oxucularımıza redaksiyanın qonağı kimi təqdim etməyə səbəb oldu.
Səsində bir gənclik təravəti var, üzünün, alnının qırışları da Zaman adlı bir rəssamın illərin fırçası ilə vurduğu mənalı naxışlara bənzəyir. Nailə xanım həyatdan yorulmayıb, gileyli deyil. Əksinə, hərəkətlərində bir çeviklik, mühakiməsində zərgər dəqiqliyi duyulur. Yaddaşı da ki, göz dəyməsin, su kimi duru, güzgü kimi aydındır. Hadisələri, tarixləri səhv salmır. Yaşı əsri haqlayan ağbirçək 50-70 il əvvəlin hadisələrini dünən baş veribmiş kimi elə şövqlə, həvəslə danışır ki, ruhundakı həyat eşqinə qibtə edirsən. Sevinirsən, nə yaxşı ki, dünyamız ömürdən zövq alan belə insanlardan xali deyil.
1930-cu ildə anadan olub, ADU-nun Filologiya fakültəsini qiyabi bitirib, 18 yaşından - 1948-ci ildən işləyib. Taleyinin çətin günlərini də, xoşbəxt anlarını da eyni qaydada nikbin bir təbəssümlə yada salır:
- 1953-cü ildən Mədəniyyət Nazirliyi məni Azərbaycan Uşaq Kitabxanasına müdir təyin etdi. Kitabxana Fridrix Engelsin adına idi. Aleksandr Şirvanzadə küçəsində yerləşirdi. Şirvanzadə azərbaycanlı təxəllüsü ilə dolanan erməni yazarı idi. O illərdə küçələrin çoxuna erməni adları verilərdi. Özlərini kommunist sayırdılar, amma çoxunun tozunu çırpsaydın, altdan bizə nifrətini gizlətməyən daşnak çıxardı. Azərbaycan müstəqilliyini qazanan kimi müraciət etdim ki, kitabxanamıza Natəvan xanımın adı verilsin. Təklifimi 1994-cü ildə qəbul etdilər. 2006-cı ilə kimi - düz 53 il uşaq kitabxanasının müdiri vəzifəsində çalışdım, təqaüdə getmək istəyəndə isə buraxmadılar, təcrübəli kitabxanaçı kimi gənc kadrları öyrətmək üçün iki il də şöbə müdiri vəzifəsində saxladılar.
Nailə xanımın danışdıqlarını sətirlərə düzsən, romana sığmaz. Ötən yüzillikdə baş verən hadisələrin çoxu nöqtəbənöqtə yadındadır. Bakını erməni qırğınlarından qurtarmağa gələn Nuru paşa geri qayıdanda əmisi, salyanlı Qoçu Ağaşın evində əsgərləri ilə çörəyə oturub. Nuru paşa Qoçu Ağaş vasitəsilə Bakıya silah da göndəribmiş. O, Azərbaycan Xalq Cümhuriyyətinin tərəfində olduğundan bolşeviklər sovet hakimiyyətini elan edəndə təqiblərdən canını qurtarmaq üçün qaçaq düşür, uzun müddət gizlənir.
Yaddaşına həsəd aparmaq olar: hər şeyi xatırlayır, istənilən suala düşünmədən əlaçı tələbə kimi anında cavab verir. İlk maaşını soruşuram, 55 manat olub deyir.
- Bəs edirdimi? - maraqlanıram. Gülür:
- Maaş nə vaxt bəs eləyib ki?
- Ən yaxşı oxucularınız kimlər olub?
- Səyavuş Aslan, Aqşin Babayev, - deyib sonra da əlavə edir: - Saysam qurtarmaz. Amma işlədiyim ilk illərdə elə olub ki, kitabxanamıza heç azərbaycanlı uşaqları buraxmayıblar. Neçə dəfə valideynlər mənə şikayət elədilər.
- Niyə? - Təəccüblənirəm.
- 10 nəfər işçimiz var idi. Əksəriyyəti erməni, bir-iki nəfəri də digər millətlərdən idi. Bakı Şəhər Mədəniyyət İdarəsinin mühəndisi İnkatov, şöbə müdiri Xaçaturov bizim kitabxananı nəzarətdə saxlayan ermənilər idi. Elə olub ki, kitabxanaçılıqdan xəbəri olmayan erməni əsilli dərzini də işə götürməyə məcbur ediblər. Belələri, təbii ki, azərbaycanlı uşaqlarına yuxarıdan baxırdılar.
- Nailə xanım, bəs nə qədər kitabınız var idi?
- 1953-cü ildə kitabxananı təhvil alanda kitab fondunu yoxladım. Yaxşı yadımdadır, cəmi 28 min kitab var idi. 20 mini rus, 7,5 mini erməni, yalnız 500 nüsxə kitab Azərbaycan dilində idi. Ona görə ana dilimizdə alınan kitabların sayını artırıb təxminən 40 minə qaldırdım. İşçilərə qarşı da tələbkar idim, nizam-intizamı pozanı da bağışlamırdım, daha savadlı milli kadrlarla əvəz edirdim.
Nailə Ağayevanın həyatında maraqlı hadisələr də olub. Bir dəfə kitabxanaya oğrular girib bir xeyli kitab aparırlar. Milis məhəl qoymayanda sahə müvəkkilini çağırıb təpinir ki, niyə işləmirsiniz, yuxarıya şikayət edəcəyəm. Əl-ayağa düşən milislər həftə keçməmiş oğruları tapırlar. Məlum olur ki, elə kitabxananın yaxınlığında qalan bir erməni iki azərbaycanlı uşağını tovlayıb kitabxanaya giriblər. Sahə müvəkkili uşaqları da alıb Nailə xanımın yanına minnətə gəlir ki, bu işi rəsmiyyətə salsalar, uşaqların üçü də tutulacaq. Yazıqdırlar, valideynləri sənə brilyant üzük, bir neçə min də pul gətiriblər. Nailə xanım nə üzüyə, nə də pula tamah salıb, amma uşaqlara yazığı gəldiyindən tapşırıb ki, kitabxananın 11 pəncərəsi pis gündədi, onları dəyişdirsinlər.
Nailə xanımdan soruşuram ki, yəqin, oğlunuz, qızınız, çoxlu nəvə-nəticəniz var? Təbini pozmadan cavab verir ki, "yox, oğlum, ailə qurmadım. Ağır xəstəliyə tutuldum, uzun müddət müalicə aldım, kiməsə ərə getməyə də ürək eləmədim". Onun səmimiliyinə heyran qalıram. Üzündə meh kimi gəzən xəfif təbəssümlə çətinliklərindən danışır:
- Həyatımın sonuna kimi üç adamın mənə
etdiyi yaxşılığı unudan deyiləm.
Nəsir İmanquliyev "Kommunist" qəzetində işləyirdi, Vəli
Axundov Mərkəzi Komitənin katibi idi. Zülfüqarov
da Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi idi. Kirayədə qalırdıq, yerimiz də
darısqal. Ağır xəstə idim,
bacımla bir çarpayıda
yatırdıq. Nəsir müəllim haqqımda yazı yazdı
ki, ev almağıma
kömək olsun. Elə oldu
ki, Vəli Axundovla görüşdüm, Mərkəzi Komitəyə
getdim, 10 günün
içində ağır səhhətimə görə mənə
təcili ev verdilər.
İndi
Nailə xanım nə vaxtsa aldığı həmin evi
qardaşının oğluna verib, özü də rayona
köçüb. Gözü tox, ürəyi sakit, amalı nəciblikdir.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-2014.- 19 mart.- S.11.