Novruz bayramı xalqımızın
mənəviyyat dünyasının ayrılmaz hissəsidir
Paklığı, yüksək mənəvi dəyərləri tərənnüm edən, insanları əxlaqi keyfiyyətlərə səsləyən bayramlar, mərasimlər həm də məxsus olduğu xalqın milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında böyük rol oynayır. Xalqımızın da zəngin mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran xalq bayramları mərasimləri var. Bunlardan biri baharın gəlişi münasibətilə qeyd edilən, total şəkildə xalqımızın təfəkküründə həkk olunmuş Novruz bayramıdır. Xalqımızın formalaşmasında, inkişafında və milli özünüdərkində böyük rol oynayan Novruz bayramı milli varlığımıza hopan bir el şənliyidir.
Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız əsrlər boyunca Novruz bayramını əziz tutmuşdur. Azərbaycanda hər il mart ayının 20-21-də qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlı olan bir bayramdır. Varlığın yenidən canlanmasını müjdələyən Novruz bayramı, sadəcə, şadlıq, sevinc, səadət bayramı olmamış, tariximizin ən çətin anlarında insanlarımızın ürəyində özünə yer eləmiş, həyatına daxil olmuş, işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusunu yaşatmışdır. Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır. Təbiətə bağlanan bu gözəl bayramda həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiram ifadə olunur. Xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələr keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan bu bahar bayramında bütöv bir şəkildə yaşayır. Novruz bayramı günlərində ölkəmizin hər yerində, hər evdə, hər ailədə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar Novruz bayramını böyük sevinc hissi ilə qeyd edirlər.
Bir xalqı, milləti, soyu məhv etmək üçün ən yaxşı üsul ilk növbədə onun mənəviyyatını, milli mənliyini, mədəniyyətini əlindən almaqdır. Çünki manqurtlaşmış xalq heç vaxt özünün milli haqqını tələb etməyəcək. Tarixdə praktikada özünü doğrultmuş bu üsulla bağlı çox fakt var. Əsarəti altına aldığı hər bir xalqın mənəvi dəyərlərinə qənim kəsilən, kommunist ideologiyasını təbliğ edən sovet hakimiyyəti də bu yolu seçmişdi. Sovet ideologiyası nəzarətdə saxladığı xalqların milli dəyərlərinin yer üzündən silinməsini onların mental baxışlarını dəyişməyi özünün əsas vəzifələrindən biri hesab edirdi. Sovet insanını, sovet mədəniyyətini təbliğ edən kommunist ideologiyası bəzən öz istəyinə nail olurdu. Bu ideologiyanın qurbanı olan bəzi millətlər assimilyasiyaya uğrayaraq hətta öz köklərini, tarixlərini yanlış mənbələrə bağlayırdılar. Sovet ideologiyası bəzi millətlərin timsalında qarşısına qoyduğu məqsədlərə qismən nail olmağı bacarırdı.
Azərbaycan xalqının da zəngin milli-mənəvi, dini dəyərləri, mədəniyyəti sovet hakimiyyətinin hədəfində idi. Onun milli özünüdərkə, xalqların tarixdən gələn mənəvi irsinə qənim kəsilməsi ölkəmizdə də özünü açıq və çox kəskin şəkildə büruzə verirdi. Azərbaycanın mənəvi irsinin həqiqətən zəngin olduğunu və bunun xalqmızın milli şüurunda hifz olunduğunu bilən sovet ideoloqları musiqimizdən tutmuş, yazılı və şifahi ədəbiyyatımıza qədər hər şeyi təqib edirdilər. Bir çox dəyərlərimizlə yanaşı, Novruz bayramı da repressiv tədbirlərə məruz qalmışdı.
Amma dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar zəngin ənənə və dəyərlərini, ritual mərasimlərini, bayramlarını hifz edərək yaşatdı. Çünki tarixi uzaq keçmişlərə gedən milli-mənəvi dəyərlərimizlə müqayisədə çürük sovet ideologiyası çox cılız idi. Qədimilik və ən əsası, milli dəyərlərə son dərəcə bağlılıq öz sözünü dedi.
Sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının digər milli-mənəvi dəyərləri kimi Novruzu da xalqın şüurundan silə bilmədi. 70 il ərzində apardığı antitəbliğat və qadağalar Novruz adət-ənənələrini unutdura bilmədi. Xalqımız sovet ideologiyasının tüğyan etdiyi bir dövrdə bu el şənliyini qorudu və gələcək nəsillərə ötürdü.
Milli-mənəvi dəyərlərinin qorunmasında və inkişaf etdirilməsində tarixi şəxsiyyətlərin də üzərinə vəzifələr düşür. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ sovet hakimiyyəti illərindəki fəaliyyəti diqqəti xüsusilə cəlb edir. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsinin zənginliklərinə sahib çıxmış, milli dəyərlərinə daha hörmət və ehtiramla yanaşmağa başlamışdır. Heydər Əliyevin başladığı ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz 1970-80-ci illərdə daha kütləvi və daha təmtəraqla qeyd olunmağa başladı.
Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra isə xalqımız müqəddəs adət və ənənələrin, milli duyğuların, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruz bayramını könül rahatlığı ilə qeyd etməyə başladı. Tariximizin yaddaşından süzülüb gələn Novruz bayramı bir çox çətinliklərdən ötərək bu günümüzə qovuşub özünün halal yerini tutmuşdu. Ümummilli lider Heydər Əliyev Novruz bayramını Azərbaycanın dövlət müstəqilliyinin xalqa verdiyi bəhrələrdən biri kimi səciyyələndirirdi: "Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, azadlığa, sərbəstliyə çıxandan sonra bu bayramı biz açıq ürəklə, geniş, el bayramı, xalq bayramı və nəhayət, dövlət bayramı kimi qeyd edirik. Bu, indi müstəqil Azərbaycan dövlətinin ən mötəbər dövlət bayramıdır. Məhz buna görə də ölkəmizin hər yerində, hər guşəsində - hər kəndində, qəsəbəsində, şəhərində insanlar bu bayramı böyük sevinclə, məhəbbətlə keçirir, şənlənirlər. Novruz bayramının keçmiş zamanlardan qalmış adət-ənənələri bu bayram günlərində, bayram şənliklərində nümayiş etdirilir".
Novruz bayramının da əsl el şənliyi, dövlət səviyyəsində mötəbər bayram kimi qeyd olunmağa başlaması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü problemlər məngənəsindən qurtulması, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin aradan qaldırılması, ictimai-siyasi sabitliyin təmin ediməsi, vətəndaşların sosial rifahında müsbət dəyişikliklərin baş verməsi Novruz bayramının da yüksək səviyyədə keçirilməsinə imkan verdi. Heydər Əliyev bütün illərdə Novruz bayramı münasibətilə xalqımızı təbrik etmiş, ən xoş istək və arzularını bildirmiş, soydaşlarımıza milli birlik və həmrəylik tövsiyə etmişdir. Bayram təbriklərində Azərbaycan adlı həqiqətin sonsuzluğa qədər var ola bilməsi yolunda şəhid olmuş oğul və qızlarımızın xatirəsini böyük ehtiramla yad edən ulu öndər onların ideallarının gerçəkliyə çevriləcəyini, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması yolunda atılan hər bir addımın şəhidlərimizin ruhunu şad edəcəyini bildirirdi. Novruzu sosial durumundan, statusundan asılı olmayaraq, dünyanın hər yerində yaşayan azərbaycanlılar tərəfindən sevilən, qeyd olunan bayram kimi xarakterizə edən ulu öndər Heydər Əliyevin bayram günlərində keçirilən el şənliklərində iştirakı bu dahi şəxsiyyətin qədim adət-ənənələrimizə son dərəcə bağlı olduğunu göstərirdi.
Bu gün sürətli sosial-iqtisadi inkişaf yolunda olan Azərbaycan dünya birliyində söz sahibi olan ölkəyə çevrilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə qazandığı misilsiz nailiyyətlər ulu öndərin siyasi varisliyinin uğurla həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyası ölkəni tərəqqi yoluna çıxarıb. Son 10 ildə 1 milyondan artıq yeni iş yeri yaradılıb, vətəndaşların sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin fəaliyyətinə nəzər saldıqda dövlət başçısının milli-mənəvi dəyərlərimizə son dərəcə diqqətlə yanaşmasının, mədəniyyətimizin inkişafına xidmət edən lazımi tədbirlərin həyata keçirilməsi üçün qərarlar verməsinin, dövlət proqramlarını təsdiq etməsinin şahidi oluruq. Bu, Prezident İlham Əliyevin ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi zəngin mədəni irsimizə bağlılığından xəbər verir.
Novruzun gəlişi ilə bağlı Prezident İlham Əliyevin hər il xalqa ünvanladığı təbrik məktubları da dövlət başçısının milli və mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşmasının göstəricisidir. "Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması onu ən ali insani xüsusiyyətlərin daşıyıcısı kimi ümumbəşəri mədəni sərvətlər sırasına daxil etmişdir" - deyən Prezident İlham Əliyev mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərinin qloballaşmanın vüsət aldığı, sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə layiqincə qoruyub saxlanılmasını müasir Azərbaycanın tarixi-mədəni və milli-mənəvi irsə bağlılığının rəmzi kimi səciyyələndirir.
Novruz bayramı ümumən türk dünyasına məxsus olsa da, bu el şənliyini azərbaycanlılar daha yüksək səviyyədə keçirirlər. Xalqımız özünün milli və tarixi adət-ənənəsinə çevrilmiş Novruzu həmişə olduğu kimi, bu il də böyük sevinclə qarşılayır, bir daha xoş əhval-ruhiyyə nümayiş etdirir. İllər ötdükcə isə Novruz bayramının öncəki dövrlərlə müqayisədə daha əhatəli keçirildiyi hiss olunmaqdadır. Çünki Azərbaycan xalqı bütün varlığı ilə bu bayrama bağlıdır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2014.- 20 mart.- S.4