Ermənistanın Azərbaycana təcavüzünün
salnaməsi
Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən müxtəlif vaxtlarda məqsədyönlü şəkildə həyata keçirilən terror, etnik təmizləmə, soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə müşayiət olunan çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından çıxarmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsi nəticəsində onların bu bölgədə süni surətdə çoxaldılmasına, XX əsrin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına gətirib çıxarmışdır.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə SSRİ-də yaradılmış aşkarlıq və demokratiya şəraitindən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. 1988-1991-ci illərdə SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən və mono-etnik dövlət yaratmağa nail olan Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzü nəticəsində dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı isə insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.
Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirib möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.
1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ bölgəsi ilə yanaşı bölgənin hüdudları boyunca olan ətraf 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) da işğal etdilər. Bununla yanaşı, etnik təmizləmə siyasəti həyata keçirilməklə Ermənistanda yaşayan 250 min nəfər azərbaycanlı doğma yurdlarından zorla qovulmuşdur. Bütün ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış və Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycanın 20 faizdən çox ərazisi işğal edilmişdir. Həmin dövrdə 20 min azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfərə qədər müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olmuşlar.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874, 884) qəbul etməsinə baxmayaraq Ermənistan həmin qətnamələrin tələblərinə indiyədək əməl etməmişdir. Eyni zamanda münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar münaqişənin həllində lazımi nəticə verməmişdir.
Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də, münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq, onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır, yəni problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.
Münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər də Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır.
1993-cü ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyev bu yeniləşmiş xarici siyasət xəttində ilk növbədə bir sıra mühüm, təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya qoydu. Həmin vəzifələrdən biri Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaqdan, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqla respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsil mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir. Bundan əlavə, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Azərbaycan Respublikası Prezidenti 1997-ci il 18 dekabr tarixli fərman vermişdir. Bu fərmanlar azərbaycanlılara qarşı müxtəlif vaxtlarda ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin hərtərəfli tədqiq edilməsi, bu cinayətlərə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə erməni təcavüzünün nəticələri, Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaradılması, xalqımızın milli mədəniyyət nümunələrinin, toponimlərimizin özününküləşdirilməsi barədə tarixi faktlara əsaslanan qiymətli əsərlərin yazılaraq çap olunması çox əhəmiyyətlidir. Bu baxımdan bir sıra dəyərli əsərlər yazılmışdır ki, bunun nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərinə qədər ermənilərin nəinki Qarabağ, Naxçıvan və Zəngəzurda, hətta İrəvanın özündə də heç vaxt etnik çoxluq təşkil etmədikləri faktlarla sübuta yetirilmişdir. Bundan əlavə, ermənilərin müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törətdikləri soyqırımları ilə əlaqədar sənədlər və faktlar aşkar edilmişdir. Buna misal olaraq Qubada aşkar edilmiş kütləvi məzarlığı göstərmək olar.
Müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasına dair aparılan danışıqlar, dünya birliyinin göstərdiyi səylər, eləcə də beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyətinin öyrənilməsi çox vacib və elmi-siyasi əhəmiyyət kəsb edir. Son vaxtlar bu məsələ alimlər və mütəxəssislər tərəfindən araşdırılmış, müxtəlif elmi əsərlər, monoqrafiyalar yazılmışdır.
Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədovun "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" adlı əsəri erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayət olunan təcavüzünü XIX əsrin əvvəllərində XX əsrin sonunda davam etməsi, bunun təkzibolunmaz faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.
Monoqrafiya ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu vəzifələrdən qaynaqlanmış, yəni əsərin əsas məqsədi, son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Bu səbəbdən təbii olaraq əsərin giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Bununla yanaşı, müxtəlif dövrlərdə erməni millətçilərinin ərazi iddiaları, azərbaycənlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
Kitabın əsas hissəsini isə, XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin araşdırılması və baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlil olunması təşkil edir ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda geniş təhlil edilir.
Xronoloji ardıcıllıqla təhlil edilən əsərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatların ən yüksək səviyyədə keçirilən Zirvə toplantılarında çıxışları, nitqləri və bəyanatlarının şərhi verilmişdir ki, bu da münaqişənin nizama salınması istiqamətində Azərbaycan dövlətinin mövqeyinin dünyaya daha dolğun və obyektiv çatdırılması baxımından əhəmiyyətli olacaqdır. Bununla yanaşı, monoqrafiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqların xronoloji təhlili, azərbaycanlıların soyqırımının tanıdılması, erməni millətçilərinin cinayətkar əməlləri, eləcə də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının ifşa edilməsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən qərarlar da təhlil edilir. Əsərdə bu məsələlər xronoloji ardıcıllıqla təhlil edilməklə yanaşı, həmçinin beynəlxalq təşkilatların fəaliyyətindəki ziddiyyətli cəhətlərə, buraxılan nöqsanlara, eləcə də perspektivdə həlli mümkün və zəruri olan məsələlərə də diqqət yetirilmişdir.
Kitabın əlavələr bölməsində Azərbaycanın tarixinin müxtəlif dövrlərinə dair xəritələr və sənədlərin verilməsi, xüsusilə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş rayonların statistik göstəriciləri, dağıdlmış və məhv edilmiş maddi-mədəniyyət nümunələrinin siyahısı ilə yanaşı, bu işğal və təcavüzün faktlarla sübuta yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən fotolar da öz əksini tapmışdır. Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin mətni, 1918-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılan və yer üzündən silinən azərbaycanlıların yaşayış məntəqələrinin adları da verilmiş, erməni terror təşkilatları və terrorçularının müxtəlif vaxtlarda həyata keçirdikləri terror aktları xronoloji ardıcıllıqla göstərilmişdir.
Monoqrafiyanın əlavələr hissəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlərin (qərar, qətnamə və bəyanatlar və s.) də ardıcıllıqla və sistemli şəkildə verilməsi münaqişənin beynəlxalq-hüquqi aspektlərinin öyrənilməsi baxımından da çox qiymətlidir. Bunlarla yanaşı, bu kitabın yazılması zamanı Azərbaycanda və xaricdə nəşr edilmiş ədəbiyyatlardan, müxtəlif sənəd və materiallardan, dövri mətbuat və rəsmi internet resurslarından geniş istifadə edilmişdir ki, bu da təqdim edilən nəşrin dərin təhlilə, eləcə də elmi əsaslara söykəndiyinə sübutdur. Kitabda münaqişəyə dair istifadə edilmiş və tövsiyə olunan zəngin mənbələr gələcəkdə bu problemlə bağlı digər tədqiqatçılar üçün də bir ensiklopedik vasitə və istiqamət olacaqdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun elmi redaktorluğu ilə nəşr olunan "Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)" kitabının rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlı, məsləhətçisi isə "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.
Kitabın müəllifi Elçin Əhmədovun son 20 ilə yaxın müddətdə tədqiqatının əsasını təşkil edən Azərbaycanın xarici siyasəti və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 300 çap vərəqi həcmində 7 kitab, 200 çap vərəqi həcmində 200-dək elmi və analitik məqalənin (Azərbaycanda və xaricdə) müəllifidir. E.Əhmədovun ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlarda beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyini əks etdirən elmi məqalələri Ankara, İstanbul, Sakarya, Bişkek, Elizığ, Kilis, Kişinyov və Tbilisidə - türk, ingilis və rus dillərində çap edilmişdir.
Elmi mənbələr əsasında yazılmış, ensiklopedik səciyyə daşıyan əsərin bu yaxınlarda dövlət strukturlarının, elmi-akademik dairələrin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə geniş təqdimat mərasimində alimlər və mütəxəssislər tərəfindən söylənilən dəyərli fikirlər, eləcə də KİV-lərdə dərc olunmuş rəylər monoqrafiya haqqında müsbət rəy söyləməyə əsas verir. Bununla yanaşı, qısa müddət ərzində dövlət qurumlarının, politoloqların, tarixçilərin, xüsusilə, diplomatların marağına səbəb olmuş əsər ermənilərin ərazi iddiaları və hərbi təcavüzü, dünya birliyi və beynəlxalq təşkilatların mövqeyinin öyrənilməsi və eləcə də Ermənistanın təcavüzkar siyasətinin dünyada ifşa olunması baxımından da faydalı olacağına əminik.
Müasir dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olmaq istəyən hər bir kəsdə real təsəvvür yaradacaq bu əsər son 25 illik tariximizdə Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı bir səlnamə olmaqla yanaşı, aparılan tədqiqatların komples şəkildə öyrənilməsi işinə çox böyük töhfə verəcək və gələcək digər tədqiqaqlarda dolğun və dəqiq informasiya daşıyıcısı, xüsusilə, müfəssəl elmi mənbə kimi mühüm rolu olacaqdır.
Elman MƏMMƏDOV,
Milli Məclisin deputatı, "Azərbaycan
Respublikası
Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması"
İctimai Birliyi İdarə
Heyətinin üzvü
Azərbaycan.-2014.- 20 mart.- S.5.