Azərbaycan ilə Əfqanıstan
arasında
əməkdaşlığın perspektivləri
müzakirə olunmuşdur
İqtisadiyyat
və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə
olan Əfqanıstan İslam Respublikasının xarici işlər
naziri Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırmış, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının görüşlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan və Əfqanıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirlər. Ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edən Azərbaycan-Əfqanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu uğurla fəaliyyət göstərir.
Əfqanıstanın xarici işlər naziri Zarar Ahmad Osmani ölkəmizin qısa müddətdə əldə etdiyi böyük iqtisadi uğurları yüksək qiymətləndirmişdir. Nazir ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Əfqanıstanlı nazir Azərbaycanın mühüm coğrafi mövqeyini, böyük tranzit potensialını, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin geniş tranzit imkanları yaratdığını qeyd edərək, bu sahədə əməkdaşlığın ölkəsi üçün əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsi perspektivləri, o
cümlədən Azərbaycanın kənd təsərrüfatı
məhsullarının Əfqanıstana ixracı, investisiya layihələrinə dair
məlumat mübadiləsi, biznes forum, təqdimat və sərgilərin
keçirilməsi, Hökumətlərarası
Komissiyanın yaradılması, dövlətimizin böyük tranzit
potensialından istifadə etməklə
yükdaşımaların artırılması imkanları
müzakirə olunmuşdur.
Azərbaycan.-2014.- 20 mart.- S.6.