Azərbaycan Prezidenti İlham Əliyev Haaqada
keçirilən
III Nüvə Təhlükəsizliyi
Sammitində çıxış etmişdir
Xüsusi
müxbirimiz xəbər verir ki, Niderland
Krallığının Haaqa şəhərində
keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti
martın 25-də öz işini davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış etmişdir.
Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olundu. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Dünya liderləri bu Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxladılar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkdilər.
Sammitin plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyev çıxış
etdi.
Zirvə görüşü iştirakçılarını
salamlayan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Sammiti qəbul etdiyinə və göstərdiyi qonaqpərvərliyə
görə Niderland hökumətinə minnətdarlığını
bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin
gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışan Azərbaycan dövlətinin
başçısı ölkəmizin
nüvə təhlükəsizliyinin
bir çox aspektləri üzrə bu Agentliklə fəal əməkdaşlıq
etdiyini və Azərbaycanın iştirakçı
dövlət olduğu
Nüvə Terrorçuluğuna
qarşı Mübarizə
üzrə Qlobal Təşəbbüsün nüvə
təhlükəsizliyinin möhkəmləndirilməsi
istiqamətində Birləşmiş
Millətlər Təşkilatının
göstərdiyi səyləri
dəstəklədiyini, bu
yaxınlarda Azərbaycanın
nüvə, kimyəvi
və bioloji silahların və onların çatdırılma
vasitələrinin yayılmaması
sahəsində gördüyü
növbəti tədbirlər
haqqında yeni hesabatını Birləşmiş
Millətlər Təşkilatına
təqdim etdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev qeyd etdi ki,
2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında
sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən
nüvə terrorçuluğu
məsələlərinə aid müzakirələr təşkil
etmişdir.
Nüvə və radioaktiv təhlükəsizliyin təmin
edilməsi üçün
əlavə tədbirlər
görülməsinin vacibliyinə
toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə
materiallarının qeyri-qanuni
dövriyyəsində tranzit
marşrutu kimi ölkənin ərazisindən
istifadənin qarşısını
almaq üçün
böyük səylər
göstərdiyini, bu məqsədlə beynəlxalq
tərəfdaşlarla sıx
əməkdaşlıq edərək
beynəlxalq standartlara
uyğun güclü qanunvericiliyə əsaslanan
əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını
vurğuladı.
Dövlətimizin başçısı bildirdi
ki, bu yaxınlarda
qəbul edilmiş Azərbaycanın ilk “Dəniz
Təhlükəsizliyi Strategiyası”nda
nüvə və digər kütləvi qırğın silahlarının
və onların çatdırılma vasitələrinin,
eləcə də aidiyyati materialların yayılması dəniz təhlükəsizliyinə ən
böyük hədələrdən
biri kimi müəyyən edilir.
Prezident
İlham Əliyev təəssüflə qeyd
etdi ki, Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazisinin 20 faizinin
Ermənistan tərəfindən
davam edən işğalı və azərbaycanlılara qarşı
aparılmış etnik
təmizləmə siyasəti
səbəbindən ölkəmizin
öz sərhədlərinin
müəyyən hissəsinə
lazımi səviyyədə
nəzarət etmək
imkanı yoxdur.
Bu cür vəziyyət
transmilli mütəşəkkil
cinayətkarlığa, nüvə
və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin
radioaktiv tullantı materiallarını basdırmaqla
Azərbaycanın işğal
olunmuş ərazilərinin
Ermənistan tərəfindən
zəhərləndirilməsinə şərait yaradır.
Daha sonra Azərbaycan Prezidenti Ermənistanın
təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik
Stansiyasının yaratdığı
təhlükədən danışaraq
dedi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük
təhdiddir. Oradakı hər hansı
qəzanın nəticələri
faciəli olacaqdır.
Lakin beynəlxalq narahatlığı
aradan qaldırmaq və bu elektrostansiyanı
bağlamaq əvəzinə,
Ermənistan həmin
Atom Elektrik Stansiyasının
fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş,
olduqca təhlükəli
texnologiyaya əsaslanır.
Azərbaycanın regionda təhlükəsizliyin
və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən
Prezident İlham Əliyev bildirdi ki, biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə
aid məsələlər üzrə
beynəlxalq təşkilatlar
və tərəfdaşlarımızla
apardığımız əməkdaşlığın
davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən
irəli gələn hədələrin azaldılması
işinə sadiqik.
Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı
Birləşmiş Millətlər
Təşkilatı başda
olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların
həll ediləcəyinə
və daha təhlükəsiz dünya
qurulacağına əminliyini
ifadə etdi.
Sonra zirvə
görüşünün “Nüvə təhlükəsizliyi
sammitinin gələcəyi”
mövzusunda qeyri-rəsmi
iclası oldu.
Azərbaycan Prezidenti İlham
Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Baş
naziri Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi
ilə görüşdü.
Söhbət zamanı Azərbaycan ilə bu ölkələr
arasında ikitərəfli
əlaqələrin inkişafına
dair fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Zirvə görüşü
zamanı Türkiyə
Prezidenti Abdullah Güllə
də görüşdü.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin
indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparıldı.
Zirvə görüşünün yekununda
liderlər birgə foto çəkdirdilər.
Sonra dövlət
və hökumət başçılarının şərəfinə
işçi nahar verildi.
Zirvə görüşünün
sonunda yekun Kommünike qəbul olundu.
Azərbaycan.-2014.- 28 mart.- S.2.