Ali Baş Komandandan Qarabağ
müharibəsi
əlilləri və veteranlarına
növbəti qayğı
Mehdi MEHDİYEV: "Prezident
İlham Əliyevin
imzaladığı fərman və
sərəncamlar bizim üçün ikiqat bayram hədiyyəsi
oldu"
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların, həmçinin Böyük Vətən müharibəsi əlillərinin, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması daim dövlətin diqqətindədir. Bunu qanunlara edilən dəyişikliklər və Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar bir daha təsdiq edir.
Martın 17-si və 18 -də Prezident İlham Əliyev tərəfindən əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsini, həmçinin müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan dörd fərman və bir sərəncam imzalanmışdır.
Dövlət başçısının digər sərəncamına əsasən isə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları təhsil xərclərindən azad olunmuşlar.
Bütün bunlar bir daha təsdiq edir ki, müstəqil Azərbaycan müharibə nəticəsində qaçqın və məcburi köçkünlərə, müharibədə şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Onların mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələrinə və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və müalicə olunmaları üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir.
Dövlət başçısının imzaladığı son fərman və sərəncamlar bu təbəqədən olan insanların və onların ailələrinin böyük sevincinə səbəb olmuşdur. Qəzetimizə açıqlama verən Azərbaycan Respublikası "Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev bizimlə söhbətində bildirdi ki, 60 mindən çox üzvü olan qurum Prezident İlham Əliyevin bu təbəqəyə məxsus insanlara göstərdiyi diqqət və qayğıdan çox razıdır. Çünki müraciət etdikləri dövlət qurumları hər zaman onları dinləyir və qaldırdıqları məsələlərin həllinə çalışırlar. Bu da Prezident İlham Əliyevin dövlət qurumlarına verdyi tapşırıqlardan irəli gəlir: "Dövlət başçısının bizə göstərdiyi qayğı göz önündədir. Başqaları doğum günündə kimlərdənsə hədiyyələr gözlədiyi halda, Prezident İlham Əliyev ad gününü bizimlə birgə keçirib, əlillərə mənzil, avtomobil bağışlayır. Biz hər zaman Ali Baş Komandanın əsgərləriyik. Hərbi geyimdə olmasaq da, hər an döyüşə yollanmağa hazırıq. Vətənimizin çiçəklənməsi, işğal altında olan torpaqların azadlığı üçün bütün döyüşçülər daim onun arxasındadırlar".
M.Mehdiyev deyir ki, Prezident İlham Əliyevin mart ayında imzaladığı fərman və sərəncamlar qurumun hər bir üzvünün ailəsinə ikiqat bayram hədiyyəsi olub. Eyni zamanda, bu təbəqədən olan insanların aldıqları təqaüdlərə edilən artımlar yüksək qiymətləndirilir. Çünki bu gün ölkədə 11800-ə yaxın Qarabağ müharibəsi əlili var və bu artımları nəzərə aldıqda xeyli məbləğdə vəsaitin ayrıldığı bəlli olur. Dövlət başçısının imzaladığı həmin fərmanlardan birinə əsasən, əlilliyi olan, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq 60 manat Prezident təqaüdü veriləcək. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871 nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər) üçün 85 manatdan 130 manata, III qrup əlillər (2045 nəfər) üçün isə 60 manatdan 100 manata çatdırılacaq. Əmək pensiyası almaq hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat cari il aprelin əvvəlindən 45 manat olacaq.
"Ən vacib məsələlərdən biri isə bu təbəqədən olan insanların övladlarının təhsil haqqı məsələsi idi. Biz canab Prezidentə çox dərin təşəkkürümüzü bildiririk ki, bu məsələni də yoluna qoydu və vətən uğrunda canından keçməyə hazır olan, bu yolda əlil olan insanların ailəsinə böyük kömək göstərmiş oldu. Bu, çox problemli məsələ idi. İndi hər bir Qarabağ müharibəsi veteranı psixoloji gərginlikdən azad olub. Onların uşaqları artıq bu problemlə üzləşməyəcəklər. Bu, həm də ölkəmizin təhsil sisteminə də böyük töhfə verəcək" - deyən M.Mehdiyev bütün bunları dövlətin xüsusi qayğısı adlandıraraq onu da vurğuladı ki, hazırda bu təbəqədən olan insanlara güzəştli, az faizlə kreditlərin verilməsi üçün də işlər aparılır. Aidiyyəti qurumlarla bununla bağlı bir neçə görüş də keçirilib. Həllini tapmayan digər bir məsələ isə əlillərin tibbi sığortası ilə bağlıdır. Səhiyyə Nazirliyində bu məsələ ilə bağlı görüşlər keçirilib və təkliflər irəli sürülüb. Güman edilir ki, may ayında Milli Məclisdə müzakirəyə çıxarılacaq məsələ öz həllini tapmış olacaq. Əlilləri narahat edən digər məsələ isə onlara verilən avtomobillərin adi vətəndaşların idarə etdikləri avtomobillərlə heç bir fərqin olmamasıdır. Əvvəllər bu təbəqədən olan insanlara verilən avtomobillərin sürət qutusu əllə idarə olunurdu. İndi isə verilən "OKA", "Slavuta" və "LIFAN-NAZ-320" markalı avtomobillərin sürət qutusu mexanikidir. Ayağı protez olan şəxslər üçün belə avtomobillərin idarə olunması çətinlik yaradır. Ona görə də İctimai Birlik əlillər üçün hazırlanan avtomobillərin sürət qutusunun avtomat olması təşəbbüsünü irəli sürüb. Eyni zamanda, Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi də təklif edilib. Belə ki, 1992-ci ildən əlillərə verilən avtomobillərin çoxu hazırda yararsız vəziyyətdədir. Bu avtomobillərdən istifadə etmək qeyri-mümkündür. Qərara əsasən 1 əlilə yalnız bir dəfə avtomobil verilə bilər. Təklifdə bu qərarın ləğv edilməsi xahiş olunur.
Qeyd edək ki, 2482 nəfər Qarabağ müharibəsi əlili "OKA", "Slavuta" və "LİFAN-NAZ-320" markalı minik avtomobilləri ilə təmin edilib, 665 əlil isə növbədədir. 2567 Qarabağ müharibəsi əlili evlə təmin edilib, 2728 əlil isə növbədədir. M.Mehdiyev deyir ki, bu il növbədə olan 665 əlilin hamısı avtomobillə təmin olunacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2014.- 28 mart.- S.4.