Soyqırımı insanlığa qarşı amansız cinayətdir

 

31 mart Azərbaycanlıların soyqırımı günüdür

 

 

Əsl soyqırımı haqqında həqiqətləri real tarixi faktlar əsasında, dəlillərlə müntəzəm surətdə dünya dövlətlərinə və ictimai fikrinə çatdırmaq, bu hadisələrin ilhamçılarını və təşkilatçılarını bəşəriyyətə tanıtdırmaq bizim, indiki nəslin müqəddəs vəzifəsidir.

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən İrandan və Osmanlı imperiyasına daxil olan ərazilərdən erməni əhalisinin köçürülüb yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaqqovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, Dağlıq Qarabağa muxtariyyət statusunun təmin edilməsi, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından deportasiyası xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bəşər tarixində zaman-zaman soyqırımıları törədilmiş, günahsız yerə insanlar irqinə, dininə və milliyyətinə görə qanına qəltan edilmişdir. Lakin, tarix indiyədək ermənilərin törətdiyi qədər dəhşətli və iyrənc formalarda həyata keçirilən qəddarlıq, vəhşilik və vandalizmə şahidlik etməmişdir. Erməni daşnaklarının insanların nifrətinə səbəb olan bu vəhşiliyi bütün zamanlarda özünü qabarıq şəkildə göstərmişdir. XX yüzillik boyu erməni cəlladları tərəfindən xalqımıza qarşı dəfələrlə törədilən qanlı qırğınlar bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətirilməsi mümkün olmayan bir faciədir və xalqımıza qarşı əsl genosid siyasətidir. Erməni millətçiləri tarix boyu ən qəddar və rəzil mübarizə formalarından istifadə edərək öz istəklərini reallaşdırmağa cəhd etmişbu yolda dəridən-qabıqdan çıxmışlar. Xüsusilə, XIX-XX əsrlərdə çar Rusiyası və sovet imperiyasının havadarlığıyla onların Azərbaycan türklərinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə edərək, dövlət səviyyəsində davakar millətçiliyi və separatizmi ilə qonşu xalqlara qarşı təcavüzü həyata keçirmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmaqla, erməni diasporununlobbisinin imkanlarını səfərbər ediblər. XIX əsrin birinci rübündə Rusiyaİran arasında gedən müharibələr nəticəsində Azərbaycanın ikiyə bölünməsi ilə azərbaycanlıların əsrlərlə yaşadıqları ata-baba torpaqlarına - İrəvan, Zəngəzur, Göyçə və Qarabağa İran və Türkiyədən ermənilərin məqsədli şəkildə kütləvi köçürülməsinə start verilmiş, burada demoqrafik vəziyyət süni surətdə dəyişdirilmişdir. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları ata-baba yurdlarından qovularaq deportasiyaya, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlar xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənmiş və Azərbaycan xalqını Yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Göyçayda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir. Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son günlərində ümumilikdə Azərbaycanda rəsmi məlumatlara əsasən, 50 minə yaxın əhalini ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında  Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge yazır: "Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub, sakinlərqarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kluge ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə erməni bandaları insanlara qarşı vəhşiliklər etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirmişlər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak talan olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topdan açılan atəş nəticəsində Təzəpir məscidi zədələnmişdir.

Həmin dövrdə qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Tarixi mənbələrdən aydın olur ki, Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Erməni quldurları minlərlə dinc adamı qətlə yetirmişdi. Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. S.Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki,  Azərbaycan  müstəqil dövlət kimi mövcud olmasın. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Azərbaycanlılara qarşı törədilən soyqırımı və etnik təmizləmə siyasətinə, torpaqlarımızın məqsədyönlü şəkildə işğal edilməsi kimi qanunsuz hərəkətlərə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Hacınski 1918-ci il iyulun 15-də Azərbaycan hökumətinə müraciət edərək Azərbaycan ərazisinin 4 ay ərzində özlərini bolşevik adlandıran erməni silahlı hissələri tərəfindən parçalandığını, müsəlman əhalisinin həyat və əmlakları üzərində ağlasığmaz vəhşiliklər törədildiyini, eyni zamanda, həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yalan məlumatlara əsasən respublikamız haqqında Avropada tamamilə əks ictimai rəyin formalaşdırıldığını göstərmiş, həm ümumdövlət, həm də zərərçəkən əhalinin maraqlarının müdafiəsi, bütün zorakı hadisələrin qeydə alınması, onların başvermə şəraitinin, təqsirli şəxslərin və dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi üçün xüsusi qurumun yaradılmasını, komissiyanın işi barədə məlumatların əsas Avropa dilləri olan rus, fransız, almantürk dillərində geniş yayılmasını təklif etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti xarici işlər nazirinin müavini F.Xoyskinin 1918-ci il 31 avqust tarixli qərarına əsasən, Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şamxəliyev və Andrey Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy Səfikürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə Cavad Axundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.

Komissiya il yarım ərzində - 1918-ci ilin avqustundan 1919-cu ilin noyabrınadək erməni millətçiləri tərəfindən türk-müsəlman əhalinin kütləvi surətdə məhv edilməsini və ona külli miqdarda maddi ziyan vurulmasını əks etdirən böyük həcmdə kompleks materialların toplanmasına müvəffəq oldu. FHK tərəfindən toplanmış istintaq materialları 36 cild və 3500 vərəq təşkil etməklə Bakı, Şamaxı, Quba, Nuxa şəhərlərində, Bakı və Gəncənin ətraf ərazilərində, habelə Şamaxı, Quba, Cavad, Nuxa, Göyçay, Ərəş, Lənkəran qəzalarında, Qarabağda, Zəngəzurda və Azərbaycanın digər rayonlarında ermənilərin törətdiyi dəhşətli cinayətləri sübut edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir. Lakin Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatdırılmasına imkan verməmişdir.

Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyəti Avropa dillərinə tərcümə edilmiş həmin materiallardan ibarət 6 cild və 95 fotoşəklin surətlərini böyük dövlətlərin başçılarına və beynəlxalq təşkilatlara təqdim etmişdi. 1919-cu ilin mayında Parisdəki Azərbaycan nümayəndə heyətinin sərəncamına əsasən komissiya tərəfindən hazırlanmış əlavə material, 95 fotoşəkil və 80-nə yaxın diapozitiv göndərilmişdi. Həmin kolleksiyadan olanuzun müddət biryolluq itmiş hesab edilən bu ifşaedici fotolar yalnız 2011-ci ildə Amerikada tapılmış və hazırda əsilləri Avropanın məşhur Beynəlxalq Sosial Tarix İnstitunun arxivində saxlanmaqdadır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci ildə yaratdığı Fövqəladə İstintaq Komissiyası tərəfindən ermənilərin həmin ilin aprel-may aylarında Quba qəzasında dinc müsəlman əhalisini kütləvi şəkildə qətlə yetirməsi, bütöv kəndləri, yaşayış evlərini, məscidləri ictimai binaları yandırması, qız və qadınların kütləvi şəkildə zorlanması və digər zorakı cinayətlər törədilməsi faktları üzrə istintaq aparılmış, cinayət törətmiş şəxslərin o dövrün "Uqolovnoe Ulojenie" adlandırılan Cinayət Qanununun müxtəlif maddələri ilə ittiham olunmaları barədə qərar qəbul edilmişdir.

Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən yeridilən soyqırımı siyasətinin bariz nümunəsi kimi onların Quba qəzasında törətdikləri və öz amansızlığı ilə seçilən cinayətlər barədə yeni faktların aşkara çıxarılmasının tarixi əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Belə ki, 2007-ci il aprelin 5-də Quba şəhər stadionunda aparılan tikinti və yenidənqurma işləri zamanı ərazidə içərisində çoxsaylı müxtəlif yaşcins qruplarına məxsus skeletlərdən ibarət kütləvi insan məzarlığı aşkar edilmişdir.

Quba şəhərində kütləvi insan məzarlığının aşkar edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda müvafiq araşdırmalar aparılmışdır. Prokurorluğun araşdırmaları zamanı Siyəzən, Şabran, Quba, XaçmazQusar rayonlarının bir çox sakinlərinin, o cümlədən göstərilən hadisələrin bilavasitə şahidlərinin izahatlarında 1918-ci ilin martaprel aylarında erməni millətçiləri tərəfindən Azərbaycan kəndlərinin talan edilərək yandırılması, azərbaycanlıların işgəncə verilərək öldürülməsi və digər ağır cinayətlər törədilməsi bir daha öz təsdiqini tapmışdır.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra da bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına "ərazilərini" böyütmüşlər. 1920-ci ildə Zəngəzuru və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan edilmişdir. Sonrakı dövrdə isə ermənilər bu ərazilərdəki azərbaycanlıların deportasiyası siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atmışlar. Onlar 1943-cü ildə Tehranda keçirilən konfransda İranda yaşayan ermənilərin sovetlər birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət ünvanlamışlar. İosif Stalinin buna razılıq verməsi isə faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiyasının əsasını qoymuşdur.

Stalin tərəfindən imzalanmış SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı və köçürülmənin tədbirlər planı haqqında 10 mart 1948-ci il tarixli qərarları ilə bu məsələ artıq SSRİ-nin dövlət siyasəti səviyyəsinə çatdırılmış, yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiyası Ermənistan ərazisindəki azərbaycanlıların qədim məskənləri olan dədə-baba torpaqlarının boşaldılması üçün nəzərdə tutulmuşdur. SSRİ Nazirlər Sovetinin bu qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar.

Erməni millətçiləri ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasını daha da genişləndirmişlər. Ermənistanda yaşayan azərbaycanlı əhalinin hüquqları ermənilər tərəfindən kobudcasına pozulmuş, ana dilində təhsil almalarına əngəllər törədilmiş, onlara qarşı repressiyalar həyata keçirilmişdir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilmiş, tarixdə misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş vermişdir. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin ermənipərəst siyasətindən istifadə edən davakar erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar etməyə, onları doğma torpaqlarından qovaraq "türksüz Ermənistan" siyasətini planlı şəkildə həyata keçirməyə başlamışlar. Ermənistan hökuməti, bədnam "Qarabağ" və "Krunk" komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə azərbaycanlıların qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər. Etnik təmizləmə nəticəsində Ermənistanın 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı, 18 min müsəlman-kürd ev-eşiyindən zorla qovulmuşdur. Minlərlə şəxs qəddarlıqla döyülüb işgəncə verilməklə qətlə yetirilmiş, qaçıb canlarını qurtarmağa çalışan yüzlərlə soydaşımız güllələnmiş, yandırılmış, əzab və işgəncələrə dözməyərək ölmüşdür. Digər bir qismi isə suda boğulmaqla, asılmaqla, elektrik cərəyanına verilməklə, başları kəsilməklə qətlə yetirilmişlər.

Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün 1988-ci ildən başlayaraq Ermənistanın silahlı qüvvələri və Dağlıq Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri ilə birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində azərbaycanlılara aid  yaşayış məntəqələrini işğal etmək məqsədilə fəal döyüş əməliyyatlarına başlamışlar.

Etnik təmizləmə məqsədilə aparılan əməliyyatların xronoloji ardıcıllığına diqqət yetirək:

- 1988-ci ilin fevral-mart aylarında Əsgəranda, Zəngibasarda, Vedibasarda, o cümlədən Mehmandar, Şirazlı, Xamisə, Sidli kəndlərində azğınlaşmış erməni yaraqlıları tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və 100-dən artıq evin qarət edilib yandırılması;

- 1990-ci ilin mart ayının 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanis-Ayrım kəndinin dağıdılması, bir ailənin diri-diri ocaqda yandırılması;

- 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbə sakini Georgi Sarkisyanın ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplar yaradaraq azərbaycanlıların evlərinə mütəmadi silahlı basqınlar etməsi;

- 22 dekabr 1991-ci il tarixdə erməni silahlı dəstələrinin Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə silahlı basqın edərək 25 nəfər dinc sakini qətlə yetirməsi, 40-dan artıq yaşayış evlərini yandırıb, kənd sakinlərinin əmlaklarını və mal-qarasını talan etməsi;

- 10-11 fevral 1992-ci il tarixdə erməni silahlılarının Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini top, raket, pulemyot silahlarından, zirehli texnikalardan atəşə tutmaları nəticəsində 15 nəfərin öldürülməsi;

- 15-17 fevral 1992-ci il tarixlərində Xocavənd rayonunun Qaradağlı kəndinin əsir götürülmüş 116 nəfər silahsız dinc əhalisinin 67 nəfərinin erməni təcavüzkarları tərəfindən amansızlıqla qətlə yetirilməsi və digər dəhşətli cinayətlərə prinsipial siyasihüquqi qiymətin verilməməsi, preventiv tədbirlərin görülməməsi Xocalı soyqırımına zəmin yaratmış oldu.

25 fevral 1992-ci ildə isə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı alayının komandir heyəti ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc əhalini kütləvi surətdə, xüsusi amansızlıqla və işgəncə verməklə öldürmüş, külli miqdarda dövlət əmlakını, xüsusi mülkiyyətdə olmuş əmlakı məhv etmiş, çoxsaylı dinc əhaliyə divan tutaraq onları girov götürmüşdür.

Ermənistanın apardığı təcavüzkar müharibə və törədilən zorakılıq nəticəsində 10 minlərlə Azərbaycan vətəndaşı şəhid olmuş, 50 mindən artıq həmvətənimiz yaralanmış və əlil olmuş, 900 yaşayış məntəqəsi, 100 min yaşayış binası, 600-dən artıq təhsil və 250 tibb müəssisəsi, yüzlərlə sənaye, kənd təsərrüfatı müəssisələri, zavod, fabrik dağıdılmış, respublika ərazisinin 20 faizini təşkil edən 17 min kvadrat kilometrdən artığı işğal olunmuş və 1 milyona qədər azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində ermənilərin törətdikləri ağır cinayət faktları ilə bağlı prokurorluq və digər hüquq-mühafizə orqanları 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlayaraq istintaq aparmışlar. Xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymətin verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır. Qeyd edilən cinayətlər üzrə müxtəlif vaxtlarda icraatı dayandırılmış cinayət işləri üzrə icraat təzələnməklə, istintaq aparılması həmin qrupa həvalə edilmişdir. Respublika Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 2005-ci il 5 may tarixli qərarına əsasən cinayət işinə prosessual rəhbərliyin həyata keçirilməsi respublika hərbi prokuroruna həvalə edilmişdir.

 

(Ardı var)

 

Xanlar VƏLİYEV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini,

Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı

Azərbaycan.-2014.- 28 mart.- S.6.