Azərbaycanda müasir iqtisadi durum və
fundamental elm
Müasir Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi
inkişafının keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymaqdadır. Hazırda ölkəmizin
gələcək sosial-iqtisadi tərəqqisi bilavasitə elm
və təhsilin inkişaf səviyyəsi, intellektual
potensialın yeni innovativ meyar və prinsiplər əsasında
formalaşdırılması və ondan ölkə
iqtisadiyyatının inkişafında səmərəli
istifadə olunması ilə daha çox şərtlənir.
Elmi-innovativ faktorlar əsasında qurulmuş
güclü iqtisadiyyat müasir dövrdə inkişaf
etmiş dövlətlərin davamlı tərəqqisinin
başlıca göstəricilərindən biri hesab edilir.
İndi dünyada iqtisadiyyatla fundamental elm
arasında elə bir qarşılıqlı əlaqə
yaranmışdır ki, onların biri digərini məkan və
zamandan asılı olmayaraq daim tələb edir. Güclü iqtisadiyyat elmin maddi-texniki bazasında
dayanaraq onu inkişaf etdirir, elm isə öz yeni ideyaları, səmərələşdirici
təklifləri, texnoloji yenilikləri ilə iqtisadiyyatın
daha da güclənməsinə səbəb olur. Azərbaycan
sivil dünyaya inteqrasiya etdikcə bu yeni iqtisadi
tendensiyaları daha dərindən hiss etməkdədir.
Hazırda elmi potensialın inkişafı və ondan
milli tərəqqi naminə maksimum dərəcədə səmərəli
istifadə olunması, xüsusən "elm-iqtisadiyyat"
münasibətlərinin müasir dövrün tələbləri
baxımından yenidən qurulması Azərbaycan dövlətinin
və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən
biridir. Bu
baxımdan Azərbaycan Respublikasının Prezidenti tərəfindən
2012-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası Azərbaycan dövlətinin dünyada baş
verən qlobal sosial-iqtisadi dəyişikliklərə adekvat
reaksiyası olmaqla yanaşı, eyni zamanda güclü və
müasir dövlət naminə son dərəcə uğurlu
bir "elm-iqtisadiyyat birliyi" modelidir. Bu
konsepsiya bütün digər sahələrlə
yanaşı, Azərbaycan elmi qarşısında da bir
çox vəzifələr qoyur. Konsepsiyada Azərbaycanın
gələcək inkişafı ənənəvi
iqtisadiyyatdan "bilik iqtisadiyyatı"na keçidi, insan
kapitalının adekvat inkişafını, mövcud imkan və
resursları nəzərə almaqla davamlı iqtisadi artım
və yüksək sosial rifah, səmərəli dövlət
idarəetməsi və qanunun aliliyi kimi prinsiplərin
reallaşdırılmasında götürülür ki, bu
prinsiplərin də həyata keçirilməsi ilk növbədə
elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və
istehsalat arasında əlaqələrin
artırılmasını, innovasiya fəallığının
yüksəldilməsini tələb edir. Xüsusən
bilik və mədəniyyət sahəsinin vəzifələri
ilə informasiya texnologiyalarının inkişafı
arasında əlaqələrin müəyyənləşdirilməsi
elmi yanaşmalar olmadan mümkün deyildir.
Müstəqil Azərbaycanın müasir iqtisadi durumunu
və elmi potensialın bu proseslərdə
iştirakını xarakterizə etmək üçün
elm-iqtisadiyyat münasibətlərinin XX əsr tarixinə
qısa ekskursiya etməyi məqsədəmüvafiq hesab
edirik. Çünki bütün hallarda müasir, müstəqil
Azərbaycan xalqımızın XX əsr boyu əldə
etdiyi sosial-iqtisadi və mədəni-mənəvi inkişaf təcrübəsinin
varisidir.
XX əsrin
əvvəllərində Bakıda neft sənayesinin genişlənməsi,
Nobel qardaşlarının fəaliyyəti, milli
burjuaziyanın o dövr üçün yeni olan texnologiyalar
yaratması və onların tətbiqi Azərbaycanda elmi fikrin
inkişafına təkan vermiş, yeni elmi-texnoloji biliklərin
yaranmasına səbəb olmuş, milli burjuaziyanın neft gəlirlərinin
iqtisadi bazisi üzərində elm və mədəniyyət
sürətlə inkişaf etmişdir.
Ötən
əsrin 20-ci illərindən məlum ictimai-siyasi hadisələrlə
şərtlənərək milli elmi fikir öz
inkişafının növbəti mərhələsini sovet
elmi düşüncəsi kontekstində davam etdirmiş, həmin
mərhələdə də Azərbaycanda elm və təhsil
sürətlə inkişaf etmişdir. Bütün
bu proseslərin məntiqi nəticəsi olaraq 1945-ci ildə Azərbaycan
Elmlər Akademiyası təsis edilmiş, bununla da elmi fəaliyyət
Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə
olaraq mükəmməl təşkilati struktura malik olmaqla
sistemli xarakter almışdır.
XX əsrin
ikinci yarısında - dünyada elmi-texniki inkişaf səviyyəsinin
dövlətin sosial-siyasi mövcudluq qarantına
çevrildiyi bir dövrdə Azərbaycan Elmlər
Akademiyası qədim və zəngin elmi ənənələri
olan Azərbaycan xalqının intellektual potensialının səmərəli
təşkilində, elmin dövrün tələblərindən
irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində,
fundamental və tətbiqi elm sahələrinin
inkişafında, ölkə iqtisadiyyatının
çiçəklənməsində, sənayeləşmədə,
kənd təsərrüfatının tərəqqisində
müstəsna rol oynamışdır.
Azərbaycan
elminin
böyük bir mərhələsi ümummilli lider
Heydər Əliyevin adı ilə birbaşa
bağlıdır. Ötən əsrin 70-80-ci
illərində Azərbaycan elminin yalnız keçmiş
SSRİ miqyasında deyil, bütün dünyada elmi proseslərin
inkişafına təkan verən, iqtisadiyyatın bu və ya
digər sahəsinə tətbiq olunan çoxsaylı elmi
uğurları, elmtutumlu istehsal sahələrinin genişlənməsi
bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə
dövlətin elmə müstəsna qayğısının
nəticəsi idi.
Ötən
əsrin 70-80-ci illərində Azərbaycanda iqtisadi inkişaf
alimlərin əldə etdikləri aşağıda qeyd olunan
nailiyyətlərlə bilavasitə şərtlənirdi:
- neft və qaz yataqlarının kəşfi,
işlənməsi, dənizdə estakadaların
yaradılması, dərin özüllər üzərində
neftin, qazın çıxarılması, dənizin dibi ilə
nəqli və neft maşınqayırma sənayesinin, mürəkkəb
geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin
həlli;
- neft kimyasının, neft-kimya sənayesinin
inkişafı üçün xammal bazasının, kimya
texnologiya komplekslərinin yaradılmasının elmi problemlərinin
həlli;
- coğrafi, geoloji və geofiziki tədqiqatlar,
filiz və qeyri-filiz, həmçinin digər faydalı
qazıntı yataqlarının tədqiqi;
- energetika, mexanika, fizika, riyaziyyat, astronomiya,
informatika sahələrində mühüm əhəmiyyəti
olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin
yaradılması;
- bağların və meşələrin
salınmasının, əkinçiliyin,
torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının, ərazinin flora, fauna və torpaq
ehtiyatları, növ tərkibi, mühafizəsi və səmərəli
istifadəsinin elmi problemlərinin həlli;
- fiziki-kimyəvi və molekulyar biologiya, gen
mühəndisliyi, bionika, seleksiya sahəsindəki tədqiqatlar
nəticəsində onlarla yeni yüksək məhsuldar bitki
sortlarının, kənd təsərrüfatı heyvan cinslərinin
yaradılması və s.
Qeyd olunan elmi nailiyyətlər həm sovet hakimiyyəti
illərində, həm də sonrakı müstəqillik mərhələsində
Azərbaycan iqtisadiyyatının inkişafının əsas
faktorlarından olmuşdur.
Ötən
əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə
baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyət
tamamilə dəyişdi. Bu dövrdə həm
regionda, həm də dünyada olduqca mürəkkəb bir
durum yaranmışdı. Böyük bir geosiyasi məkanda
həyatın bütün sahələrini total xaos
bürümüşdü. Həmin illərin mürəkkəb
şəraitində Azərbaycanda sosial-iqtisadi xaosu şərtləndirən
bir çox amilləri fərqləndirmək
mümkündür:
1. Sovet
dövrünə məxsus siyasi-ideoloji, sosial-iqtisadi və mədəni-mənəvi
mühitdən yeni sistemlərə transformasiya problemləri;
2. XX əsrdə
sürətlə gedən qloballaşma prosesinin
yaratdığı problemlər;
3. Azərbaycan
üçün mərkəz tərəfindən süni
olaraq yaradılmış Dağlıq Qarabağ problemi və
onun doğurduğu sosial-iqtisadi nəticələr.
Həmin
dövrdəki mürəkkəb şərait dövlət
quruculuğunu xeyli sayda daxili və xarici amillərdən
asılı etdiyinə görə strateji məqamları nəzərə
alan siyasi konsepsiyaları olduqca mürəkkəb
şərtlər daxilində formalaşdırmaq tələb
olunurdu. Əksər hallarda bu mürəkkəblik
həmin siyasətin daxili və xarici tərəflərinin
harmoniyasını təmin etmək üçün
böyük uzaqgörənlik tələb edirdi. Başqa sözlə ifadə etsək, 90-cı illərin
əvvəllərində baş verən proseslər, yeni
transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını,
prioritetlərini müəyyənləşdirmək zərurətini
ortaya qoymuşdur. Müstəqil Azərbaycanın
həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında
mövcud problemlərini müəyyənləşdirmək və
həlli yollarını göstərmək isə ilk növbədə
elmin vəzifəsi idi. Təəssüf
ki, həmin illərdə Azərbaycan elminin
düşdüyü ağır vəziyyət ona bu
funksiyanı yerinə yetirməyə imkan vermirdi.
Respublikanın əksər elmtutumlu istehsal müəssisələrinin
tamamilə dayanması və ya qismən təsərrüfat fəaliyyəti
göstərməsi yerinə yetirilən elmi-tədqiqat
işlərinin nəticələrinin istehsal prosesinə cəlb
edilməsi sahəsində "elm-istehsal-bazar" əlaqələrinin
pozulması ilə nəticələnmişdir. Bir tərəfdən
ümumilikdə ölkədə yaranmış maliyyə
çətinlikləri ilə əlaqədar olaraq dövlətin
elmi-texniki fəaliyyəti maliyyələşdirə bilməməsi,
digər tərəfdən çoxmənbəli maliyyə
mexanizminin formalaşmaması Azərbaycan elmində
yaranmış problemləri daha da dərinləşdirmişdir.
Bundan əlavə, elmi kadrların hazırlanması və
istifadəsi, elmi əməyin bazar iqtisadiyyatının tələblərinə
uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin
tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi
potensialın zəifləməsinə səbəb
olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdim ki, həmin
illərdə elmin maddi-texniki bazasının gücləndirilməsi
üçün bir ədəd də olsun avadanlıq
alınmamışdı.
Belə bir şəraitdə ümummilli lider Heydər
Əliyev xalqın təkidi ilə yenidən ikinci dəfə
Azərbaycanda hakimiyyətə gəldi və əsaslı
dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji,
sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə
vəziyyəti əsaslı olaraq dəyişməyə nail
oldu.
Həmin
illərdə ulu öndər Heydər Əliyev tərəfindən
Azərbaycan Respublikasında bazar münasibətlərinə əsaslanan
iqtisadi-siyasi sistemin inkişafına nail olunması və onun
dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası məqsədilə iqtisadiyyatın bütün
sahələrində köklü islahatlar aparıldı. Bu islahatların əsas ideyası sənayenin texniki
və texnoloji səviyyəsinin, eləcə də innovasiya fəallığının
yüksəldilməsi yolu ilə ölkənin hərtərəfli,
davamlı inkişafının təmin edilməsi idi.
Həm Azərbaycanın inkişafında
oynadığı mühüm rol, həm də elmi
araşdırmalarla əlaqəsi baxımından Heydər
Əliyev tərəfindən reallaşdırılan Azərbaycanın
neft strategiyasını xüsusi olaraq qeyd etmək
lazımdır. "Əsrin müqaviləsi" adlandırılan neft
müqaviləsi,
həyata keçirilən enerji layihələri və
Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq əhəmiyyətli neft kəmərinin
işə düşməsi Azərbaycanın sonrakı
iqtisadi inkişafının əsasında dayanan mühüm
amillərə çevrildi. Bu il
"Əsrin müqaviləsi"nin imzalanmasının 20 ili
tamam olur. İyirmi illik müddət ərzində Azərbaycan
xalqı "Əsrin müqaviləsi"nin
ölkənin həyatında necə mühüm rol
oynadığının şahidi oldu.
Heç şübhəsiz, "Əsrin müqaviləsi"
Azərbaycan alimlərinini neft və qaz yataqlarının kəşfi
və işlənilməsi sahəsindəki on illər ərzində
apardıqları araşdırmaların məntiqi nəticəsi
idi. Təsadüfi
deyil ki, ümummilli lider Heydər Əliyev "Əsrin
müqaviləsi"nin imzalandığı mərasimdəki
tarixi nitqində Azərbaycanın neft sahəsində
çalışan alimlərinin əməyini yüksək
qiymətləndirərək onların bu yönümdəki
elmi nailiyyətlərini "böyük elmi kəşflər"
kimi dəyərləndirmişdir: "Bu gün, bu tarixi
gündə Azərbaycanda neftin sənaye üsulu ilə hasil
və emal edilməsinə başlandığı dövrdən
təxminən 150 il sonra, mən Azərbaycan neftçilərinin
bütün nəsillərinə, respublikamızın neft sahəsində
çalışan alimlərinin, mütəxəssislərinin,
mühəndislərinin və fəhlələrinin
hamısına bu dövrdə təbii sərvətlərimizi
çıxarıb xalqımızın rifahının müəyyən
qədər yaxşılaşmasına səy göstərdiklərinə
görə, fədakar əməklərinə görə,
böyük elmi kəşflərinə görə təşəkkürümü
bildirirəm və onları indiyə qədər
qazandığı nailiyyətlərə görə ürəkdən
təbrik edirəm".
"Əsrin müqaviləsi"ndən sonra Azərbaycanda
neft gəlirləri hesabına neft sektorunun özü ilə bərabər
turizm, xidmət, yüksək texnologiyalar, sənaye parkları
sürətli inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyev Azərbaycanın
enerji siyasətinin ölkənin qeyri-neft sektorunun, ümumən
iqtisadiyyatın inkişafında oynadığı rolu son dərəcə
dəqiq qiymətləndirmişdir: "Azərbaycanın
enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına
və şaxələndirilməsinə imkan
yaratmışdır. Biz müstəqilliyimizi bərpa
etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul
sıfır faizə bərabər idi. Bu
gün isə özəl sektor iqtisadiyyatımızın 85
faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi
5,5 faizə endirilmişdir. Bizim
xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil
edir. Nəhayət, maliyyə vəziyyəti
sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil
edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik".
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə
qeyri-neft sektoru ölkə iqtisadiyyatının inkişaf edən
sahələrindən birinə çevrilmişdir. Xüsusilə yeni sənaye müəssisələrinin
yaradılması və bu müəssisələrdə xarici
istehsalın sıxışdırılmaqla daxili bazarı təmin
edən, eyni zamanda xarici bazarlara çıxarılan məhsullar
istehsalına başlanılmışdır. Bunun
nəticəsi olaraq sənaye məhsullarının rəqabət
qabiliyyəti xeyli artmışdır.
Uğurları göz önünə gətirmək
üçün ölkənin bir sıra makroiqtisadi göstəricilərinə
diqqət yetirək. Bu faktları nəzərdən
keçirdikdə qeyd olunan uğurların mənzərəsini
daha aydın təsəvvür etmək mümkündür.
Son on ildə
Azərbaycanda ümumi daxili məhsul istehsalının həcmi
3,4 dəfə, qeyri-neft məhsullarının
istehsalı 2,7 dəfə artmışdır. Bu dövrdə
xarici ticarət dövriyyəsi 6,4, qeyri-neft məhsullarının
ixracı isə 4,5 dəfə artmış, dövlətin
iqtisadi təhlükəsizliyinin mühüm amili olan strateji
valyuta ehtiyatlarının həcmi isə 30 dəfə artaraq
50 milyard dollara çatdırılmışdır. Ölkə iqtisadiyyatında baş verən dinamik
inkişaf əhalinin yaşayış səviyyəsinin xeyli
yaxşılaşmasına təsir göstərmişdir.
Belə ki, 10 il ərzində əhalinin gəlirləri 6,1 dəfə
artmış, ölkədə açılan 1,2 milyon yeni
iş yeri nəticəsində işsizlik səviyyəsi 5,2
faizədək azalmış, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində görülən
işlər nəticəsində yoxsulluğun səviyyəsi
6 faizədək azalmışdır.
Uğurlar sırasına ölkə iqtisadiyyatına
yatırılan investisiyaları da daxil etmək olar. Belə ki, son
10 ildə ölkə iqtisadiyyatına təqribən 132 milyard
dollar investisiya qoyulmuşdur. Ölkə
iqtisadiyyatına sərmayə qoymaq istəyən xarici
investorlarla yanaşı, yerli investorlar da sərmayə
qoymağa başlamışdır. Artıq
ölkə iqtisadiyyatına yatırılan sərmayələrin
strukturunda yerli investisiyaların üstünlük təşkil
etməsi Azərbaycanın iqtisadi gücünün yüksəlməsindən
xəbər verir.
Bu gün ölkəmiz beynəlxalq təşkilatların
hesabatlarında və reytinq cədvəllərində də
uğurla irəliləməkdə davam edir. Dünya
İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi 2013-2014" hesabatında Azərbaycan 148 ölkə
arasında 39-cu yerə yüksəlmişdir. Bu, öz müstəqilliyini yeni qazanan, eləcə
də müharibə şəraitində yaşayan ölkə
üçün yüksək göstərici hesab oluna bilər.
Azərbaycanın rəqabət qabiliyyəti
indeksinə görə 39-cu yerə yüksəlməsi, eləcə
də Müstəqil Dövlətlər Birliyi ölkələri
arasında birinci yerdə olması ilk növbədə
ölkəmizin dünyada nüfuzunun artmasına, dünya
iqtisadiyyatına inteqrasiyasının sürətlənməsinə
geniş imkanlar yaradır.
Şübhəsiz
ki, daxili və xarici investorları Azərbaycan
iqtisadiyyatına sərmayə qoymağa stimullaşdıran əsas
səbəb kimi ölkənin dünya iqtisadiyyatına
inteqrasiyasını, sosial və istehsal infrastrukturunun yeniləşməsi
və yaradılmasını, əhalinin alıcılıq
qabiliyyətinin yüksəlməsi hesabına daxili bazarın
şaxələnməsini, yeni texnika və texnologiyaların
istehsal sahələrinə tətbiqini, eləcə də
ölkədə istehsal edilən məhsulların xarici
bazarlara çıxış imkanlarının genişlənməsini
göstərmək olar.
Hazırda Azərbaycanın enerji strategiyası
özünün yeni inkişaf mərhələsini
yaşayır.
"Şahdəniz-2" layihəsi bunun ən
parlaq ifadəsidir. Azərbaycanın dövlət
başçısı İlham Əliyevin XXI əsrin ən iri enerji layihəsi
kimi dəyərləndirdiyi "Şahdəniz-2" layihəsi
Azərbaycanın neft strategiyasının məntiqi
davamıdır. Bu layihə Azərbaycanda sosial-iqtisadi tərəqqinin
yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından olduqca
əhəmiyyətli rol oynayacaqdır. Həmçinin bu layihə
Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
daha da möhkəmləndirilməsinə mühüm töhfə
verəcəkdir.
"Şahdəniz-2"
layihəsi və onun məntiqi davamı olan TANAP və TAP qaz
ixracı marşrutlarının təsdiqlənməsi ilə
bağlı sazişlər dünyanın süpergücləri
və Avropa İttifaqı, eyni zamanda beynəlxalq iqtisadi analitika mərkəzləri
tərəfindən ən mühüm iqtisadi-siyasi hadisə
kimi səciyyələndirilir.
"Şahdəniz 2" sadəcə bir enerji layihəsi
deyildir. Bu layihə
dünyanın transenerji strukturunun ən
mühüm komponenti kimi yanacağın şaxələndirilməsinə
yeni üfüqlər açmaqla regionun həm geosiyasi, həm
də iqtisadi xəritəsində əhəmiyyətli dərəcədə dəyişiklik edəcəkdir.
Layihənin digər bir əhəmiyyəti Azərbaycanın
Avratlantik strukturlara inteqrasiyasının sürətləndirilməsindədir. Prezident
İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, "enerji
resursları, layihələri ölkələri bir-birindən
ayırmalı deyil, onları birləşdirməlidir".
Ölkə rəhbərinin bu fikirləri
bütövlükdə Azərbaycanın beynəlxalq
münasibətlər sistemində sülhə, dostluğa əsaslanan
strateji mövqeyinin ifadəsidir. Hesab edirik ki,
dünyanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə
malik ölkə olan Azərbaycan "Şahdəniz-2"
layihəsinin reallaşması ilə bu missiyasını daha
geniş miqyasda həyata keçirəcəkdir. 870 kilometr uzunluğunda olan TAP kəməri Azərbaycan
qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə
İtaliyaya çatdıracaq. Qazın
Yunanıstandan digər kommunikasiya infrastrukturları vasitəsilə
Bolqarıstana, Adriatik dənizindən çoxşəbəkəli
sistemlər vasitəsilə Bosniya, Herseqovina, Xorvatiya, Serbiya,
Çernoqoriyaya çatdırılması nəzərdə
tutulur. Deməli, planetin son dərəcə
böyük bir ərazisi Azərbaycanla eyni bir enerji
infrastrukturuna daxil olmaqla həm də diplomatik-siyasi baxımdan
ölkəmizlə sıx əməkdaşlığa
girmiş olacaq və ölkəmizin beynəlxalq mühitdə
nüfuzu xeyli artmış olacaqdır. Bu amilin Azərbaycana gətirəcəyi
dividendlər heç də maddi gəlirdən az
deyildir.
İlkin hesablamalara görə, Azərbaycan "Şahdəniz"
qaz-kondensat yatağından təxminən 200 milyard dollar gəlir
əldə edəcək. Bu həcmdə valyuta
rezervləri insan kapitalının inkişafını hədəf
götürən Azərbaycan üçün yeni imkanlar
açacaq, elmin-təhsilin tərəqqisində mühüm
rol oynayacaqdır.
(Ardı var)
Akif
ƏLİZADƏ,
AMEA-nın
prezidenti
Azərbaycan.-2014.- 28 mart.- S.7.