Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş

 “Xocalı Abidəsi və Xocalı Muzeyi”

 kompleksinin açılışı olmuşdur

 

 

Martın 27-də Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə Ankaranın Kızılcahamam rayonunda inşa edilmiş “Xocalı Abidəsi və Xocalı Muzeyi” kompleksinin açılışı olmuşdur. Tədbir, səfirliyin və Ankaranın Kızılcahamam Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə gerçəkləşdirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, deputat Cavanşir Feyziyev, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal, rayonunun icra başçısı Mustafa Çit, Türkiyə Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Tahsin Tunç Üğdül, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, yerli sakinlər, diaspor nümayəndələrimiz, ictimai-siyasi xadimlər, Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdə əvvəlcə iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, dövlət himnləri oxunmuşdur.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai Siyasi Məsələlər şöbəsinin müdiri Əli Həsənov, səfir Faiq Bağırov, tanınmış alim Yaqub Mahmudov, Kızılcahamam rayon bələdiyyəsinin başçısı Coşkun Ünal və rayon icra başçısı Mustafa Çit çıxış edərək iki qardaş ölkənin xalqlarına qarşı tarix boyu davam etmiş erməni təcavüzündən geniş bəhs etmişlər.

Səfir Faiq Bağırov ölkəmizin qan yaddaşının gənclərimizin düşüncəsinə aşılanmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolundan söz açmış, xalqımıza qarşı tarix boyu həyata keçirilmiş erməni təcavüzü ilə bağlı gerçəkliklərin dünyaya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən mühüm vəzifələrdən danışmışdır.

Əli Həsənov çıxışında Kızılcahamam rayon rəhbərliyinə və Türkiyə Respublikası hökumətinə təşəkkür etmiş, Xocalı soyqırımının bütün türk dünyasının müştərək acısı olduğunu nəzərə çatdırmış, xalqımıza qarşı tarix boyu davam etmiş erməni qəsbkarlığı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulamış, bu cür tədbirlərin Xocalı soyqırımı və digər faciələrin bir daha təkrarlanmaması üçün mühüm olduğunu bildirmişdir. O, həmçinin Türkiyədə Xocalı soyqırımı ilə bağlı 3 abidənin olduğunu və 8 bələdiyyə məclisinin Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını diqqətə çatdırmış, bir gün Türkiyə Böyük Millət Məclisinin də Xocalı faciəsini soyqırımı kimi tanıyacağını ümid etdiyini vurğulamışdır.

Tədbir iştirakçılarına “İrs-Miras” jurnalı ilə yanaşı erməni təcavüzkarlığı ilə bağlı həqiqətləri anladan materiallar təqdim olunmuşdur.

 

Azərbaycan.-2014.- 29 mart.- S.3.