Əli Həsənov: Məqsədimiz odur ki, dünya bu tarixləri unutmasın

 

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.

Səfər çərçivəsində Əli Həsənov Türkiyənin TRT Avaz kanalına Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müsahibə vermişdir.

Şöbə müdiri bildirmişdir ki, hər il martın 31-i ermənilərin son 200 il ərzində türklərə və əsasən də Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımının rəmzi günü olaraq qeyd edilir. Çünki 1918-ci il martın 31-i ermənilərin ən çox qətliam həyata keçirdikləri tarixdir. Onlar həmin gün Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində insanları sadəcə olaraq türk və müsəlman olduqlarına görə qətlə yetirmişlər. Martın 31-də isə həmin hadisələrin ən qanlısı və dəhşətlisi olmuşdur. Həmin hadisələr zamanı minlərlə insan qətlə yetirilmiş, Bakının ən gözəl, tarixi əhəmiyyət kəsb edən tikililəri yandırılmışdır.

Əli Həsənov bildirmişdir ki, həmin vaxt türk ordusu azərbaycanlı soydaşlarının köməyinə gəlmiş və qanlı döyüşlərdən sonra Bakı azad edilmişdir.

Şöbə müdiri diqqətə çatdırmışdır ki, ulu öndər Heydər Əliyevin imzaladığı xüsusi Fərmanla hər il martın 31-i dünyada Azərbaycan türklərinə qarşı ermənilərin soyqırımının ümumiləşdirilmiş rəmzi kimi qeyd olunur. Bu tarixdə Azərbaycana bağlı insanlar səfərbər edilərək dünyanın hər yerində tədbirlər keçirir, təbliğat işləri aparırlar. Artıq müəyyən nəticələr də vardır. Dünyanın bir sıra ölkələri Xocalı qətliamını soyqırımı kimi tanımışdır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, 1918-ci il martın 31-də ermənilər tərəfindən törədilən bu qətliam azərbaycanlılara qarşı altı ən dəhşətli soyqırımı aktından biridir. Biz bu hadisələri yad etməklə ermənilərdən qisas almaq haqqında düşünmürük. Məqsədimiz odur ki, dünya bu tarixləri unutmasın və bunu törədənləri tanısın. Həmçinin erməni xalqı onun üzərindən insanlığa qarşı belə cinayətlərin törədilməsinə imkan verməsin, o cümlədən bu haqsızlıq yerdə qalmasın, buna qarşı bəşəriyyət öz münasibətini bildirsin.

Əli Həsənov səfər çərçivəsində TRT-nin baş direktoru İbrahim Şahinlə də görüşmüşdür.

 

Azərbaycan.-2014.- 29 mart.- S.3.