Azərbaycanda müasir
iqtisadi durum və fundamental elm
Müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının, xüsusən də neft
strategiyasının əsasında neftin özündən daha
dəyərli olan elmi biliklər dayanır. Elm və
texnikanın nailiyyətləri məhsul və xidmətlərin
keyfiyyətinin yüksəldilməsinin əsas amili, material və
əmək sərfinin qənaəti, əmək məhsuldarlığının
artırılması istehsalın təşkilinin təkmilləşdirilməsi
şərti kimi çıxış edir. Bütün bunlar son nəticədə buraxılan məhsulun
daxili bazarda və dünya bazarında müəssisənin rəqabət
qabiliyyətini qabaqcadan müəyyənləşdirməyə
imkan verir. Beləliklə, elm və
başqa intellektual fəaliyyət sahələri
iqtisadiyyatın inkişafında, əmək məhsuldarlığının
yüksəldilməsində, milli gəlirin
yaradılmasında və artmasında mühüm rol
oynayır.
Bu elm sahələri içərisində geoloji tədqiqatların
xüsusi rolu vardır. Sovet hakimiyyəti dövründə, xüsusən də
70-80-ci illərdə Geologiya İnstitutunda aparılan tədqiqatlar
nəticəsində Azərbaycanda müxtəlif ərazilərin
faydalı qazıntılarının müəyyənləşdirilməsi
və perspektivlərinin dəyərləndirilməsi
üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr
tərtib edilmişdir ki, bu xəritələr bir sıra neft
yataqlarının, filiz və qeyri-filiz yataqlarının
müəyyənləşdirilməsində mühüm rol
oynamışdır. Bunlara misal olaraq, Azərbaycan SSR-in neft
qazlılıq perspektivinin xəritəsini (1:500.000, 1954), Azərbaycan
SSR-in tektonik xəritəsini (1:500.000, 1956, 1980.), rus
platformasının və onun qatbaqat konturlarının fasiya və
güc xəritələri atlasını (1:2500000, 1957), Azərbaycan
SSR-in hidrogeoloji xəritələrini (1:500.000, 1959), Azərbaycan
SSR-in faydalı qazıntılarının (filiz xammal və
tikinti materialları) xəritələrini (1:500.000, 1959), Azərbaycan
SSR-in neft və qaz yataqlarının və perspektivli
strukturların xəritələrini (1:500.000, 1984), Azərbaycan
SSR-in neft-qazlılıq xəritələrini (1:500.000, 1985),
Azərbaycanın təbii qazlar xəritəsini (1:500.000, 2003)
və s. misal göstərmək olar.
Azərbaycanda aparılan geoloji tədqiqatlar, xüsusən
də AMEA-nın Geologiya İnstitutunun fəaliyyəti həmişə
ölkə iqtisadiyyatı ilə sıx bağlı olmuş,
bu gün də onunla qarşılıqlı əlaqədədir. Hazırda
Geologiya İnstitutu ilə bir sıra dövlət qurumları
arasında qarşılıqlı əlaqədə xeyli sayda
tətbiqi elmi tədqiqatlar aparılmaqdadır ki, onların nəticələri
istehsalatda geniş tətbiq olunur. Belə ki, institutun
elmi baxımdan əsaslandırılmış tövsiyələrinə
əsasən istehsalat mütəxəssisləri ilə birlikdə
Puta, Quşxana, Neftçala, Sənqəçal-dəniz,
Ələt-dəniz, Günəşli, Cənub-2 sahələrində,
Balaxanı, Sabunçu-Ramana, Suraxanı 5-ci horizontda
çoxlu sayda neft yığımları aşkar edilmiş,
habelə Kürsəngə-cənub, Tərsdəllər və
başqa ərazilərdə neftin sənaye ehtiyatları
yataqlarının mövcudluğu təsdiq edilmişdir.
Hazırda Geologiya İnstitutunda litosferin müasir
geodinamik təkamülünün öyrənilməsi
üçün fundamental elmi tədqiqatlar aparılır,
yeni nəzəriyyələr yaradılır və onların əsasında
respublika sənayesi üçün çox böyük əhəmiyyətə
malik praktiki texnologiyalar işlənib hazırlanır. Seysmik kəşfiyyat,
quyu geofiziki və seysmoloji informasiyaların işlənilməsi
və geoloji şərhinin yeni texnoloji kompleksi
yaradılmış və böyük miqyasda tətbiq
olunmuşdur. Bu istiqamətdə Qərbin
aparıcı neft şirkətləri BP, SHEVRON, STATOİL və
digərlərinin sifarişi ilə bir sıra əhəmiyyətli
layihələr həyata keçirilməkdədir. ARDNŞ-in sifarişi ilə də xeyli sayda qrant
layihələri (Dövlət Neft Elm fondu) həyata
keçirməkdədir.
Geologiya
İnstitutunda alınmış fundamental elmi nəticələrin
bir qismi respublikanın neft sənayesinin inkişafında
geniş istifadə edilməkdədir:
- dərində yerləşən qazkondensat və
qazkondensat neft yataqlarının işlənilmə layihələrinin
hazırlanması, onların istismarı prosesinə nəzarət;
- quruda yerləşən neft yataqları
ehtiyatının qiymətləndirilməsi;
- layın neft verməsinin və quyuların məhsuldarlığının
artırılması üzrə aparılmış işlər;
Geoloq
alimlərin səyi nəticəsində Neft daşları,
Palçıq Pilpiləsi, Bahar, Bulla-dəniz, 8 mart, Gürgan-dəniz, Çilov, Cənub
yataqlarının neft-qaz ehtiyatları hesablanmış və
onların işlənilmə layihələri
hazırlanmışdır. Bunlardan əlavə,
Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur,
Buzovna-Maştağa, Qala, Bibiheybət,
Şabandağ-Şubanı-Yasamal dərəsi, Atəşgah,
Binəqədi-Çaxnaqlar-Sulutəpə,
Lökbatan-Puta-Quşxana, Korgöz-Qızıltəpə-Şanqar
yataqları üzrə neft ehtiyatı hesablanmış və
bunun nəticəsində neft ehtiyatı təxminən 50 faizə
yaxın artırılmışdır. Layın neft
verimini və quyuların məhsuldarlığını
artırmaq məqsədilə aparılmış mədən
tədqiqatlarından və yerinə yetirilmiş layıhələrdən
böyük miqdarda iqtisadi səmərə
alınmışdır.
Geologiya İnstitutu qazanılmış beynəlxalq
qrantların sayına görə Azərbaycanın elmi müəssisələri
arasında liderə çevrilmişdir. Bu gün institut SOROS, INTAS,
NATO, CRDF, KOPERNICUS, Ukrayna Elm Fondu, Amerika Milli Elm Fondu və digər
məşhur beynəlxalq fondlarla fəal əməkdaşlığı
davam etdirir.
İnstitutun tərəfdaşlıq coğrafiyası
qeyri-adi dərəcədə genişlənmişdir. Onun tərəfdaşları
arasında Böyük Britaniyanın Kembric və Aberdin,
ABŞ-ın Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya
universitetlərinin, Massaçusets Texnoloji İnstitutunun, Pyer və
Mariya Küri adına Universitetin, Fransa Neft İnstitutunun,
Almaniyanın Karlsrue və Hannover universitetlərinin, Moskva
Universitetinin, Niderlandın Delft Universitetinin, İstanbul
Universitetinin və bir sıra başqa nüfuzlu ali məktəblərin
görkəmli alimlərinin adlarını çəkmək
olar. Köhnə əlaqələr sürətlə
bərpa edilir, fəallaşır, MDB ölkələrinin və
Sakit okean regionu dövlətlərinin alimləri ilə elmi əməkdaşlıq
tənzimlənir. AMEA-nın Geologiya İnstitutunun fəaliyyətinin
yeni mərhələsi Yaponiya Milli Şirkəti, Cənubi
Koreya institutları (KİQAM), Tayvanın Çanq-Konq
Universiteti, İndoneziya Milli Neft Şirkəti və digər
qurumlarla müştərək işlərlə əlamətdardır.
Azərbaycan hökuməti tərəfindən təsdiq
edilmiş üç elmi-texniki kompleks proqram bu gün
institutun fəaliyyətinin prioritet istiqamətləridir. Azərbaycanın
enerji təhlükəsizliyinin təmin olunmasına həsr
edilmiş birinci proqram regionda karbohidrogen potensialının və
müasir geodinamik şəraitin qiymətləndirilməsi ilə
bağlıdır. İkincisi mineral xammal
hasilatının ekoloji baxımdan təhlükəsizlik
texnologiyalarının işlənib hazırlanmasına,
üçüncü proqram isə Azərbaycan təbiətinin
geoloji müxtəlifliyinin və təbii abidələrin
qorunub saxlanmasının təmin edilməsinə həsr
olunmuşdur.
Göründüyü kimi, Azərbaycan
iqtisadiyyatının inkişafında daim yaxından
iştirak edən geologiya elmi öz tədqiqatlarının nəricələri
ilə bu gün də ölkəmizin sosial-iqtisadi
inkişafına dəyərli töhfələrini verməkdədir.
Azərbaycanda sosial-iqtisadi inkişafla bilavasitə
bağlı olan elm sahələrindən biri də
kimyadır. İstər sovet hakimiyyəti illərində, istərsə
də müstəqillik dövründə Azərbaycan
iqtisadiyyatının sosial-iqtisadi inkişafında
kimyaçı alimlərimizin çox böyük xidmətləri
olmuşdur. Neft emalı, neft kimyası, kimya
texnologiyası, kimyəvi kinetika və kataliz, üzvi sintez, qeyri-üzvi
maddələrin kimya və texnologiyası, aşqarların,
sürtkü materiallarının və xüsusi mayelərin
kimyası, yüksək molekullu birləşmələr
kimyası Azərbaycan kimyasının əsas elmi istiqamətlərini
təşkil edir. Bu elm sahəsində əldə
edilmiş nailiyyətlərin nəsticəsidir ki, kimya və
neft-kimya sənayesi ölkə iqtisadiyyatının ən
çox inkişaf edən sektorlarından birinə
çevrilmişdir. Azərbaycanın
kimyaçı alimlərinin əldə etdiyi nailiyyətlər
bütövlükdə keçmiş SSRİ-nin kimya sənayesinin
inkişafına təkan vermişdir.
Ötən əsrin əvvəllərindən
başlayaraq kimya elminin, xüsusilə də neft
kimyasının, sənaye kimyasının və üzvi
sintezin inkişafında Azərbaycan alimləri xüsusi rol
oynamış, böyük bir məktəbin əsasını
qoymuşlar. Onların elmi
araşdırmaları sayəsində benzolun sulfat turşusu
ilə alkilləşməsi vasitəsilə kumolun alınma
prosesi İkinci Dünya müharibəsi illərində cəbhəni
yüksək oktanlı benzinlə təmin etmişdir.
Hazırda AMEA-da kimyaçı alimlərin
apardıqları tədqiqatların mühüm istiqamətlərindən
biri daha yüksək məhsuldarlıqlı, az
metal tutumlu, patent qabiliyyətli Q-43-107 katalitik krekinq kompleksinin
yaradılmasıdır. Bu kompleks kombinə
olunmuş qurğu olub, ona vakuum qazoylunun hidrotəmizlənmə,
şaquli lift reaktorda katalitik krekinq, qaz fraksiyalaşdırma
bölmələri daxildir. Hazırda bu tip qurğular
Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunda, MDB-nin bir neçə şəhərində
istifadə olunur.
Onu da qeyd etmək istərdik ki,
kimyaçı alimlərimizin fəaliyyəti sayəsində
polifunksional monomerlərin və reaksiyaya qabil (so) oliqomerlərin,
onların əsasında lak - boya, mühafizə və
elektroizolyasiya örtüklərinin, helikopter, təyyarə
mühərriklərində istifadə olunan
yapışqanların, eləcə də beton və gips
qarışıqları üçün effektiv
qatqıların alınma istiqamətlərində aparılan
sistemli tədqiqatlar nəticəsində pirolizin maye məhsullarının
kompleks emalı, oliqodivinilstirol lakı və yüngül
qazoyl fraksiyası əsasında superplastifikatorun alınma
prosesləri işlənib hazırlanmış və
hazırda təcrübə-sınaq, sənaye miqyaslarında
tətbiq olunmaqdadır.
Bundan əlavə,
sürtkü yağlarının, yanacaqların və
xüsusi mayelərin istismar xassələrini
yaxşılaşdıran müxtəlif funksiyalı
aşqarların sintezi istiqamətində aparılan fundamental
tədqiqatlar nəticəsində bir sıra yüksək təsirli
aşqarlar və onların əsasında sürtkü
yağları, o cümlədən xüsusi təyinatlı
yağlar, yanacaq kompozisiyaları və xüsusi mayelər
yaradılmış və sənayedə tətbiq edilməkdədir.
Hazırda kimya elminin Azərbaycanın sosial-iqtisadi
inkişafında iştirakı tamamilə yeni modellər əsasında
qurulmaqdadır. Bu baxımdan Neft-qaz və Neft-kimya
Kompleksinin yaradılmasını xüsusilə qeyd etmək
lazımdır.
Kompleksin
tikintisi ilə Azərbaycanda ilk dəfə olaraq dünya
bazarında tələbatın çox yüksək olduğu
aşağı təzyiqli polietilen (ildə 400 min ton) və
polipropilen (ildə 130 min ton) istehsal ediləcək, yüksək
təzyiqli polietilenin istehsal həcmi 2,5 dəfə
artırılaraq 300 min tona çatdırılacaq, kənd təsərrüfatı
ildə 1 milyon ton azot gübrələri ilə təmin ediləcəkdir.
Azərbaycan
iqtisadiyyatı üçün böyük perspektivlər vəd
edən yeni neft-kimya kompleksinin reallaşdırılması Xəzər
və Aralıq dənizləri ilə əhatə olunan
böyük bir regionda Azərbaycanın kimya və neft-kimya sənayesindəki
önəmli mövqeyini təmin edəcəkdir.
Müasir və mütərəqqi
texnologiyalara malik yeni neft-kimya kompleksinin inşası təkcə
kimya və neft-kimya sənayesinin deyil, ümumilikdə ölkə
iqtisadiyyatının bir çox sahələrinin də
dinamik, sürətli inkişafına təkan verəcəkdir.
İxrac olunacaq neft-kimya məhsullarının
istehsal həcminin ardıcıl olaraq artırılması və
çeşidinin genişləndirilməsi sayəsində
ölkəmizin sənaye potensialının yüksəldilməsi,
iqtisadi qüdrətinin gücləndirilməsi, ölkəmizə
valyuta axınının həcminin artırılması
istiqamətində mühüm addım atılmış
olacaqdır.
Kompleksin qurulmasında AMEA-nın kimyaçı alimləri
öz bilik və bacarıqları, zəngin elmi təcrübələri
ilə yaxından iştirak etməkdədirlər.
Müasir dövrdə Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafında yaxından iştirak edən elm
sahələrindən biri İKT sahəsindəki
araşdırmalardır. Son illər
respublikanın müxtəlif sosial-iqtisadi
sferalarında İKT geniş tətbiq olunur və ölkəmizdə
müvəffəqiyyətlə informasiya cəmiyyəti
formalaşır. Azərbaycan Respublikası
İKT sahəsində nailiyyətlərinə görə beynəlxalq
reytinqlərdə layiqli mövqe tutur və regionun
aparıcı dövlətinə çevrilir. İKT
infrastrukturunun genişləndirilməsi və sürətli
inkişafı nəticəsində artıq cəmiyyətin
müxtəlif sferaları üzrə elektron hökumət,
elektron təhsil və s. kimi virtual mühitlər
formalaşır, çox yüksək templə qlobal
informasiya məkanına inteqrasiya olunur. Çox
sevindirici haldır ki, bu sahənin inkişafı nəticəsində
İKT müasir Azərbaycanda ictimai-iqtisadi münasibətlərin
ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya
(2003-2012-ci illər)" konseptual bir sənəd olaraq ölkənin
sosial-iqtisadi həyatının texnoloji yeniləşməsinin
əsasını qoymuşdur. Milli Strategiyanın
uğurla həyata keçirilməsinin nəticəsidir ki,
ölkənin iqtisadi inkişafında İKT-nin rolu xeyli dərəcədə
artmışdır. Belə ki, 2004-2010-cu illərdə
İKT sektorunda istehsal olunmuş məhsulun və göstərilmiş
xidmətlərin ümumi həcmi 3,5 dəfə
artaraq 1,5 milyard ABŞ dollarına çatmış və
orta illik artım tempi 30-32 faiz təşkil etmişdir.
Şübhəsiz ki, müasir dünyanın
aparıcı sahəsi olan İKT-nin ölkəmizdə
inkişafının və onun Azərbaycanın sosial-iqtisadi
inkişafında belə yaxından iştirakının əsasında
İKT yönümündəki biliklər dayanır. AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutu yalnız akademiya
deyil, bilavasitə respublikada İKT-nin inkişafına və tətbiqinə
olduqca böyük elmi dəstək verir. Çox
təqdirəlayiq haldır ki, İKT sahəsində elmi
araşdırmaların genişləndirilməsinə, bu
istiqamətdə yüksək ixtisaslı kadrlarln
hazırlanmasına dövlət səviyyəsində dəstək
vardır. Bu baxımdan "İKT-nin inkişafı
naminə İnsan Resursları Fondu"nun
yaradılmasını, ali təhsil müəssisələrinin
dərs proqramlarına İKT ilə bağlı
ixtisasların daxil edilməsini xüsusilə qeyd etmək
lazımdır.
İKT-nin tətbiq
olunduğu ən mühüm sferalardan biri də elmi fəaliyyətdir.
Məhz bu zərurəti nəzərə alaraq Azərbaycan
Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya" və "Azərbaycan Respublikasında
2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları
ili" elan edilməsi ilə bağlı Tədbirlər
Planı" qəbul olunmuş, elmin
informasiyalaşdırılması prosesinin gücləndirilməsi
ilə əlaqədar müvafiq qurumlar qarşısında
mühüm vəzifələr qoyulmuşdur.
Hazırda
AMEA-nın İKT sahəsində araşdırmalar aparan
yüksək ixtisaslı mütəxəssisləri ölkə
üzrə şəbəkə infrastrukturunun
formalaşdırılması, elmi informasiya resurslarının
yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya, alimlərin
böyük hesablama və yaddaş resurslarına olan tələbatlarının
ödənilməsi, nəticə etibarı ilə rəqəmsal
fərqin aradan qaldırılması və s. kimi istiqamətlər
üzrə uğurla fəaliyyət göstərməkdədirlər.
Bu gün ölkəmizdə uğurla həyata
keçirilən islahatlardan biri də aqrar sahədəki
islahatlardır. Bunun da nəticəsində kənd təsərrüfatı
ildən-ilə inkişaf edir. Bu prosesi daha da
sürətləndirmək məqsədilə dövlət tərəfindən
daim zamanla ayaqlaşan dövlət proqramları, mütərəqqi
qanunlar qəbul olunur, aqrar sahəyə dotasiyalar
ayrılır, xüsusi imtiyazlar verilir. Dövlətin
aqrar sahədə həyata keçirdiyi islahatların müəyyən
bir hissəsi aqrar elmlərin inkişaf etdirilməsidir.
Hazırda AMEA-da yeni yaradılmış Aqrar Elmlər
Bölməsi fəaliyyət göstərir. Burada geniş elmi potensiala
malik üç elmi-tədqiqat institutu -
Torpaqşünaslıq və Aqrokimya İnstitutu, AMEA Genetik
Ehtiyatlar İnstitutu və Azərbaycan Elmi-Tədqiqat Eroziya və
Suvarma İnstitutu işlərini günün tələbləri
səviyyəsində qurur. Bu gün ölkəmizdə
əhalini zəruri qida məhsulları və kənd təsərrüfatı
malları ilə təmin etmək üçün
güclü potensial mövcuddur. Dünyada
baş verən iqlim dəyişiklikləri və təbii fəlakətlərlə
əlaqədar bir çox dövlətlərin ərzaq təhlükəsizliyində
problemlərin yarandığı bir dövrdə Azərbaycanda
əhali kənd təsərrüfatı məhsulları ilə
etibarlı şəkildə təmin olunur. Bütün bunlara baxmayaraq ölkəmizdə aqrar
elmlərin inkişafı üçün zəruri tədbirlər
vardır ki, onlar kompleks yanaşma tələb edir.
Azərbaycanın sosial-iqtisadi inkişafında
iştirak baxımından ictimai-humanitar elmimizin də
xüsusi rolu vardır. İlk baxışdan ictimai-humanitar elmlərin
sosial-iqtisadi inkişafda rolunu dəqiq müəyyənləşdirmək
mümkün olmur. Bəlkə də ona görə ki,
bu elm sahələrinin
əldə etdiyi elmi nəticələrin əksəriyyətini
rəqəmlərlə ifadə etmək mümkün deyildir.
Lakin bu, ilk
baxışdan belədir.
Azərbaycanda
ictimai-humanitar elmlər sahəsindəki tədqiqatlar nəticəsində xalqımızın etnogenezinin,
arxeologiyasının, etnoqrafiyasının, siyasi, sosial-iqtisadi
tarixinin və tarixşünaslığının tədqiqi; azərbaycanlı filosof
və mütəfəkkirlərin orta əsrlərdə ərəb,
türk və fars dillərində çap olunmuş əlyazmalarının,
zəngin irsinin tədqiqi; Azərbaycan
xalqının fəlsəfi və ictimai-siyasi fikrinin və
onun əsas inkişaf mərhələlərinin tədqiqi;
ictimai-ədəbi fikir tarixinin, ədəbiyyatşünaslığın
əsas məsələlərinin, ədəbiyyat tarixinin tədqiqi;
zəngin Azərbaycan folklorunun toplanılması,
kataloqlaşdırılması, təsnifatı, nəşri və
tədqiqi; tarixi milli-memarlıq məktəblərinin öyrənilməsi,
müasir memarlıq məktəblərinin yaradılması,
memarlıq abidələrinin bərpası sahəsində tədqiqatların
və sənətşünaslıq elminin inkişafı və
s. istiqamətlərdə xeyli nailiyyətlər əldə
edilmişdir.
Hesab edirik ki, milli dövlətçiliyə xidmət
baxımından ictimai-humanitar elm sahələrində
çalışan alimlərin fəaliyyətinin əsas
strateji istiqamətini əsası ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq
ideologiyası təşkil etməlidir. Bu elm sahələri
üzrə çalışan alimlərin əldə etdiyi
elmi nəticələr və həyata keçirdiyi mədəni
proqramlar ilk növbədə dövlətçilk
düşüncəsinin milli təfəkkürdə sabitləşməsinin,
milli-mənəvi dəyərlərin müasir
inkişafımız üçün səfərbər edilməsinin,
yeni iqtisadi təfəkkürün formalaşmasının
daha optimal yollarının araşdırılmasına sərf
edilməlidir.
Müasir azərbaycançılıq
ideologiyasının elmi əsaslarla hazırlanmasını
tarix, fəlsəfə, hüquq, politologiya, sosiologiya,
arxeologiya, folklor, etnoqrafiya kimi elm sahələri birlikdə həyata
keçirməlidirlər.
Bu baxımdan akademiya qarşısında dayanan əsas vəzifələrdən
biri də müxtəlif tədqiqat sahələrində (təbiət,
texnika, humanitar və ictimai elmlər üzrə)
çalışan alim və mütəxəssislərin elmi
fəaliyyətinin əlaqələndirilməsinə, həmçinin
elmi tədqiqatların ayrı-ayrı fənn predmetlərindən
çıxarılıb kompleks problem mövzular üzrə
aparılmasına nail olmaqdır. Multidissiplinar tədqiqatlar
müasir dünyanın ən aktual sahələrindəndir.
Artıq multidissiplinar
araşdırırmaların genişləndirilməsi istiqamətində
AMEA-da elmi və elmi-təşkilati tədbirlərin həyata
keçirilməsinə başlanılmışdır.
Azərbaycan iqtisadiyyatının uğurları yeni mərhələdə
elm qarşısında tamamilə yeni vəzifələr
qoyur. İndi ölkəmiz intellektual inkişaf modelinə
əsaslanan biliklər cəmiyyətinin astanasındadır. Azərbaycanda
innovsiyalara əsaslanan yeni iqtisadi inkişaf modelinin
qurulması üçün elm və təhsilin, elmtutumlu sənaye
sahələrinin inkişaf etdirilməsi, insan
kapitalının formalaşması sahəsində təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi tələb
olunur.
Biliklərə əsaslanan iqtisadiyyatın
formalaşdırılması ilk növbədə rəqabət
qabiliyyətli iqtisadiyyata nail olmanı, rəqabət qabiliyyətli
iqtisadiyyata nail olunma isə elmin, təhsilin, insan
kapitalının, informasiyanın hərtərəfli
inkişafını tələb edir.
Bu baxımdan müasir tələblərə cavab verən,
texnoloji yeniliklərə həssas yüksək ixtisaslı
kadrların yetişdirilməsi Azərbaycan elmi
qarşısında duran əsas vəzifələrdəndir. Məhz buna
görə də AMEA-da həyata keçirilən
islahatların əsas prioritetlərindən biri də gənclər
siyasətidir. İntellektual gəncliyin
vulkan kimi püskürən enerjisini məqsədyönlü
idarə etmək, onları respublikada gedən sürətli
sosial-iqtisadi proseslərin avanqardına çevirmək əsas
məqsədlərdən birinə çevrilmişdir. Bunun üçün akademiyanın Rəyasət Heyətində
xüsusi "İnformasiya-analitik sistemi" yaradılır.
Məqsəd gənclərin potensialı,
problemləri, əldə etdiyi naliyyətləri haqqında
müntəzəm məlumat əldə etmək və bu məlumatlar
əsasıında müvafiq qərarlar qəbul etməkdir.
Bundan əlavə, AMEA-da yaradılan "Gənc
alim və mütəxəssislər şurası" da
uğurla fəaliyyət göstərməkdədir.
Yuxarıda qeyd edildiyi kimi, ölkənin gələcək
strateji inkişaf xəttini müəyyənləşdirən
"Azərbaycan-2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasında intellektual sərvətin
qorunması vacib şərtlərdən biri kimi qeyd
olunmuşdur. Təbiidir ki, əgər biz 2020-ci ili hədəf götürürüksə,
deməli, söhbət intellektual gəncliyin strateji əhəmiyyət
daşımasından gedir. Gənclik təbiətən
yenilikçidir. İnnovativlik gəncliyin mahiyyətindədir.
Bu mənada Azərbaycanı həmin konsepsiyada nəzərdə
tutulan modern cəmiyyət modelinə, xoşbəxt və
şərəfli gələcəyə Azərbaycan gəncləri
aparmalıdırlar. Belə bir hədəfə
çatmaq üçün Azərbaycan gəncliyinin
bütün intellektual və mənəvi resursları səfərbər
edilməlidir. İctimai dəyişikliklərdə
həlledici rol gəncliyin üzərinə düşür.
Bunun əsas səbəbi gənclərin yeni texnologiyalar,
proseslər, sosial norma və praktikalar
yaratmağa qadir fəaliyyət enerjisinə sahib
olmalarıdır. Ona görə də gənclik
istənilən cəmiyyət üçün hər şeydən
öncə potensial və perspektiv imkanlar deməkdir.
Hazırda Azərbaycan Respublikası Prezidentinin
apardığı məqsədyönlü siyasət nəticəsində
ölkə elminin maddi-texniki bazası gücləndirilir,
infrastrkturu modernləşdirilir, alimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində kifayət qədər
əməli tədbirlər həyata keçirilir. İndi Azərbaycan
elmi bəzi problemlərlə xarakterizə olunan
böhranlı mərhələni arxada qoyaraq islahatlarla
xarakterizə olunan inkişaf yoluna qədəm qoymuşdur.
Elmi infrastrukturun modernləşdirilməsi istiqamətində
islahatlar son günlər Azərbaycan Milli Elmlər
Akademiyasında daha geniş vüsət almışdır.
Biz
inanır və ümid edirik ki, Azərbaycanın elmi
potensialı bir tərəfdən dövlətin gündən-günə
elmə artan diqqət və qayğısı, digər tərəfdən
də özünün daxili intellektual səfərbərliyi
sayəsində yeni dövrün tələbləri
baxımından daha mütəşəkkil konsolidasiya
olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi
inkişafında bundan sonra da yaxından iştirak edəcək,
dünya elminə öz layiqli töhfəsini verəcəkdir.
Akif
ƏLİZADƏ,
AMEA-nın
prezidenti, akademik
Azərbaycan.-2014.- 29 mart.- S.4.