İqtisadiyyat və sənaye naziri Sumqayıtda vətəndaşları qəbul etmişdir

 

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu martın 28-də Sumqayıtda keçirilmişdir. Qəbulda Abşeron rayonundan və Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak etmişlər.

AzərTAc xəbər verir ki, müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, istehlakçı hüquqlarının müdafiəsi, sosial və digər məsələlərlə bağlı olmuşdur. Nazir Şahin Mustafayev müraciətləri diqqətlə dinləmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilmişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

Ümumiyyətlə, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.

Qəbula zamanı sahibkarların heyvandarlığın inkişafı, iri taxılçılıq və fermer təsərrüfatlarının, turizm, un və qənnadı məmulatları, plastik tara, şüşədən dekorativ məhsullar istehsalı sahələrinin, logistik mərkəzin yaradılmasına dair təklifləri dinlənilmiş, sahibkarlarla müzakirələr aparılmış, investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Qəbulda ümumilikdə 70-dən çox vətəndaş iştirak etmişdir.

Nazirin qəbuluna gələn sakinlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etmişlər.

 

Azərbaycan.-2014.- 29 mart.- S.5.