Mədəniyyət və turizm naziri Ağsuda vətəndaşları qəbul etmişdir

 

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Qəbul zamanı müraciətlər dinlənilir, ərizə və şikayətlərə baxılır, onların həlli istiqamətində operativ tədbirlər görülür.

AzərTAc xəbər verir ki, növbəti belə qəbul martın 28-də Ağsuda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən keçirilmişdir. Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldığı qəbulda Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan 30 sakin iştirak etmişdir.

Müraciətlər əsasən yerlərdə tarix və mədəniyyət abidələrinin qeydiyyatı, bərpası və mühafizəsi, mədəniyyət müəssisələrinin, o cümlədən klub və kitabxanaların tikintisi və təmiri, ixtisaslı kadrlarla təminatı, fəxri adların verilməsi, turizm potensialı yüksək olan bölgələrdə bu sahənin inkişafı, infrastrukturun yeniləşdirilməsi, yeni turizm marşrutlarının açılması, turizm obyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə işlə təminat və digər məsələlərlə bağlı olmuşdur.

Nazir tərəfindən fərdi qaydada qəbul olunan hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, bu müraciətlərin bir qismi yerindəcə həll olunmuş, bəzilərinin həlli üçün konkret tapşırıqlar verilmişdir. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə əlaqədar qurumlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.

Qəbula gələnlər yaradılmış şəraitdən razılıq etmiş, bilavasitə bölgələrdə qəbulların keçirilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Nazir mətbuata açıqlamasında demişdir ki, tarixi abidələrin bərpası ilə bağlı məsələ hər zaman prioritetdir. Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Onların bir qismi təmir və bərpa olunsa da, digərlərinin restavrasiyaya ehtiyacı vardır. Bu istiqamətində müvafiq Dövlət proqramına əsasən işlər görüləcəkdir.

Həmin gün rayonların mədəniyyət şöbələri müdirlərinin, musiqi məktəbləri və mərkəzləşdirilmiş kitabxana sistemləri direktorlarının iştirakı ilə müşavirə də keçirilmişdir.

 

 

Azərbaycan $g 2014.- 29 mart.- S.5.