10 yaşlı Kəngərli
Kəngərli rayonu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 il əvvəl - 2004-cü ilin mart ayının 19-da təsdiq etdiyi "Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yaradılıb. Rayonun inzibati ərazi bölgüsünə Babək rayonundan Böyükdüz, Çalxanqala, Təzəkənd və Xıncab kəndləri, Şərur rayonundan Xok, Qarabağlar, Qıvraq, Qabullu, Şahtaxtı, Yeni Kərki və Yurdçu kəndləri daxil edildi. Eyni zamanda Qıvraq kəndinə qəsəbə statusu verilərək Kəngərli rayonunun mərkəzinə çevrildi. Ərazisi 681.9 kvadratkilometr olan rayon əsasən dağlıq və dağətəyi zonada yerləşir.
Kəngərli rayonunun yaradılması ilə qədim və tanınmış bir türk tayfası olan kəngərlilərin adı əbədiləşdirildi. Yeni bir rayonun yaranması həm də onlarla idarənin yaranması, hər idarədə isə 15-20 nəfərin işlə təmin olunması demək idi. Bu, həm də Kəngərli rayonunda, eləcə də Şərur rayonunun yaxın kəndlərində qeyri-məşğul əhalinin işlə təmin olunması demək idi. Digər tərəfdən, Şərur rayonunun gözdən-könüldən uzaq Yurdçu, Qarabağlar, Şahtaxtı, Xok, Babək rayonunun ən ucqar kəndləri olan Böyükdüz, Çalxanqala, Xıncab kəndləri bundan sonra dövlətin daha çox diqqət və qayğısı ilə təmin olunacaqdı. Ən əsası, rayon mərkəzi üçün nəzərdə tutulmuş çöllük bir ərazidə Naxçıvan - Sədərək magistral yolunun kənarında yeni həyat qaynarlığı yaşanacaqdı.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları rayonun formalaşmasının sürətlənməsinə təsirini göstərməklə, onun sosial-iqtisadi həyatının bütün sahələrinə bir canlanma gətirmişdir. Bütün sahələrdə əldə olunan nailiyyətlər qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin vaxtlı-vaxtında və layiqincə icra edilməsi ilə bağlıdır. Bu tədbirlərin necə uğurla yerinə yetirildiyini günü-gündən simasını dəyişən, yeni quruculuq ünvanları ilə getdikcə zənginləşən, sosial-iqtisadi inkişaf dinamikasını sabit saxlayan Kəngərlinin timsalında aydın görmək olur.
Təkcə bir faktı qeyd edək ki, rayonda yaradılan infrakstruktur sahələri hesabına 2000-dən çox yeni iş yeri açılmışdır. Təbii ki, bu da bölgədə işsizliyin aradan qaldırılması üçün düşünülmüş və planlı atılmış addımın məntiqi nəticəsi kimi təqdir olunasıdır.
Artıq Qıvraq qəsəbəsinin timsalında yeni rayon mərkəzi formalaşdırılıb. Hazırlanmış baş plana uyğun olaraq yaradılan infrastruktur sahələri üçün ən müasir binalar tikilib. Hazırda bir-birindən yaraşıqlı, gözoxşayan rəngarəng müasir tipli inzibati binalar ucalır. Ötən 10 il ərzində rayon mərkəzində bir-birindən gözəl, memarlıq cəhətdən müasir tipli 30-a yaxın inzibati bina tikilib.
Prezident İlham Əliyev 2012-ci ilin may ayında Kəngərliyə səfəri zamanı deyib: "Biz iki il əvvəl də sizinlə görüşmüşdük. İki il əvvəl ulu öndərin abidəsinin açılışında bərabər idik. Mən çox şadam ki, bu iki il ərzində Kəngərli rayonunda böyük işlər görülmüşdür. Burada, doğrudan da, gözəl mərkəz yaradılmış, yeni inzibati binalar tikilmişdir, indi fərdi evlər də tikilməkdədir. Gözəl Mədəniyyət evi tikilmişdir. Yəni Kəngərli rayonunun inzibati mərkəzi artıq yaradılmış və böyük dərəcədə inkişaf etmişdir. Bu, məni çox sevindirir".
Ölkə başçısının sevincinə səbəb olan inkişaf və quruculuq işləri təkcə rayon mərkəzi ilə məhdudlaşmır və bunun ab-havası rayonun bütün yaşayış məntəqələrində, ən ucqar kəndlərində belə duyulmaqdadır. Muxtar respublikanın digər bölgələri kimi, bu rayonda da kəndlərin ümumi infrastrukturu diqqətdə saxlanılır.
Aparılan quruculuq işləri çərçivəsində yolların təmiri və bərpası da diqqətdə saxlanılır. Bu mənada Kəngərli rayonunun yol infrastrukturunun yenilənməsi də ardıcıl xarakter almışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 5 kəndi birləşdirən 39 kilometrlik Naxçıvan-Sədərək magistralı - Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu 2012-ci ilin oktyabrında istismara verilmişdir.
Ucaldılan hər yeni bina, inşa olunan məktəblər, sosial obyektlər, əlil, qaçqın və məcburi köçkün ailələri üçün tikilən evlər, abadlaşdırılan kənd mərkəzləri, çəkilən yollar, salınan körpülər rayonun gözəllik hüsnünü artırmaqla yanaşı, neçə-neçə sosial problemi də həll edir. Kəngərli rayonunda su və kanalizasiya sistemlərinin çəkilişinə xüsusi diqqət ayrılır. Rayonda əhalinin içməli suya olan ehtiyacının ödənilməsi üçün su xətlərinin çəkilişində işlərin çox hissəsi demək olar ki, görülmüşdür.
Bundan əlavə, rayonun bütünlüklə təbii qazla, elektrik enerjisi ilə təmin edilməsi, eyni zamanda əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər də ürəkaçandır.
Hazırda rayon mərkəzində müasir tipli mərkəzi xəstəxananın əsaslı şəkildə yenidən qurulması işləri həyata keçirilir. Bütün bunlar dövlət qayğısının böyük təzahürü kimi əhali tərəfindən də razılıqla qarşılanır.
Kəngərli rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və əhalinin əsas məşğulluq sahəsi, gəlir mənbəyi də bilavasitə bu sahə ilə bağlıdır. Odur ki, rayonda aqrar bölmənin inkişafına xüsusi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Əkinçilikdə vacib olan təsərrüfat suyu problemi, demək olar ki, həllini tapıb, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı, məhsuldarlığın yüksəldilməsi, ümumiyyətlə, torpaqlardan səmərəli istifadə edilməsi üçün aqrolizinq, aqrotexniki xidmət sarıdan da hərtərəfli kömək göstərilir. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatının inkişafı ilbəil artım tempi ilə səciyyələnir, böyük uğurlara imza atılır.
Kəngərli rayonunda iqtisadi, sosial, mədəni yüksəlişin, tikinti-quruculuq işlərinin geniş miqyasda vüsəti rayon əhalisinə qol-qanad verir, onların qurub-yaratmaq əzmini, daha xoş, firavan sabahlara nikbin inamlarını artırır. Hər birimiz kimi onlar da yaxşı dərk edirlər ki, təməli ümummilli lider tərəfindən qoyulan quruculuq siyasəti məmləkətimizin hər bir bölgəsi kimi, Kəngərliyə də hələ çox uğurlar, yeniliklər, xoş yaşayış gətirəcək. Elə bu səbəbdəndir ki, bu rayonda da insanlar ulu öndərin siyasi kursunun layiqli davamçısı olan ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək bu xətti, sosial-iqtisadi inkişaf strategiyasını birmənalı olaraq dəstəkləyirlər. 10 yaşını qeyd edən, dinamik inkişafın canlı nümunəsinə çevrilən Kəngərli rayonu onilliklər keçdikcə daha da böyüyəcək və gözəlləşəcəkdir.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2014.- 29 mart.- S.7.