Ermənilərin Naxçıvanda törətdikləri soyqırımıları

 

XIX əsrdən başlayaraq ermənilər Qafqazda işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq istər hərbi, istərsə də ideoloji vasitələrdən istifadə etmiş, XX əsr boyu Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları XX əsrin əvvəllərində - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar törətmişlər. Ermənilər tərəfindən Bakıdan başlanan vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Həmin dövrdə Bakı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, OrdubadQazaxda azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar törədilmiş, minlərlə soydaşımız yurdlarından didərgin salınmış, yüzlərlə Azərbaycan kəndi tamamilə viran qoyulmuşdur.

Tarixi romanlar müəllifi, yazıçı Məmməd Səid Ordubadi "Qanlı illər", Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında azərbaycanlılara qarşı aparılan soyqırımı barədə ətraflı bəhs etmişlər. Həmin kitablar dövrün mətbu nəşrləri, şahidlərin ifadələri və məktubları əsasında hazırlanmışdır.

1905-ci ilin may ayından başlayaraq Naxçıvan qəzasında da ermənilərin azərbaycanlılara qarşı qətlləri başlanmışdır. Ermənilərin Naxçıvanda törətdikləri qırğınlar Ordubad, Yaycı, Cəhri, Şıxmahmud, Kültəpə, Əliabad, Çeşməbasar, Tivi, Tumbulonlarca başqa yaşayış məntəqələrini əhatə etmişdir. Ermənilər 1905-ci il noyabrın 26-da Naxçıvan şəhərindəki müsəlman bazarını tamam qarət etdikdən sonra od vurub yandırmışlar. Yanğın nəticəsində bazarda 85 dükan, 75 anbarbaşqa tikililər məhv edilmişdir. Noyabrın 30-da isə Cəhri kəndi yandırılmışdır. Həmin gün Naxçıvana gəlmiş İrəvan general-qubernatoru Paskeviç hadisələrin təfsilatı ilə maraqlanmamış, Cəhri kəndi tamam yanıb qurtarandan sonra - dekabrın 2-də kəndə yollanmış, naxçıvanlıların haqlı şikayətləri ilə bir daha qarşılaşmamaq üçün gecə ikən qatarla İrəvana qayıtmışdır.

Azərbaycanlıların 1918-ci il mart soyqırımı da bəşər tarixinə ən qanlı və misli görünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamı kimi düşmüşdür. 1918-ci ilin mart, aprelmay aylarında Azərbaycanda ermənilər tərəfindən yarım milyondan artıq insanın həyatına son qoyulmuşdur.

Arxiv materialları, tədqiqat əsərləri, müasirlərin xatirələri təkzibolunmaz faktlarla təsdiq edir ki, rus ordusundan aldıqları döyüş sursatı ilə silahlanmış erməni quldur dəstələri 1918-ci ilin mart ayında Naxçıvan bölgəsinin müxtəlif yerlərində dəhşətli qırğınlar törətmişlər. Naxçıvan ərazisi hərbi anda xəyanət etdiyinə görə türk ordusundan qovulan Andranik Ozanyanın və onun quldur dəstələrinin hücumlarına məruz qalmışdır. Onlar Naxçıvan və Şərur-Dərələyəz qəzalarının kəndlərinə basqınlar etmiş, əhaliyə divan tutmuş, qadınları, uşaqları, qocaları belə öldürmüş, heç kimə rəhm etməmişdilər.

1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən Andranik öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi ərazisindən Arazı keçərək Naxçıvana daxil olmuşdur. Naxçıvan şəhərini tutmağı öz qarşısına məqsəd qoyan Andranik Aza, Düylün, Yaycı, Dizə kəndlərinin əhalisini qılıncdan keçirmişdir. Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir. Mətbuat materialları təsdiq edir ki, həmin vaxt Andranikin dəstəsi Gilançay və Əlincəçay vadisində çox kəndi dağıdıb viran qoymuş, əhalinin əksəriyyətini vəhşicəsinə öldürmüşlər.

Andranikin ilk təcavüzü Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində olmuşdur. Naxçıvanın ən iri yaşayış məskənlərindən biri olan Yaycı kəndinin 2500 nəfərdən artıq əhalisi qətlə yetirilərək Araz çayına atılmışdır.

Yaycı hadisələri ilə bağlı Nehrəm kənd sakini Tağı Nağdəliyev 14 iyun 1918-ci ildə Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun adına göndərdiyi məktubunda yazırdı: "Məlum edirəm ki, Andranikin dəstəsi İrandan Araz körpüsündən keçərək Yaycı kəndinə girmiş, həmin kənd əhalisini qılıncdan keçirərək kəndi tar-mar etmişdir. Camaldın və Ərəzin kövşəninə erməni qoşunları dolubdur. Lazımi sərəncam verməkdən ötəri xəbər edirəm ki, Nehrəm kəndi qorxu içindədir".

Bundan əlavə, Andranikin dəstələri Naxçıvan şəhərinə də hücum etmişlər. Naxçıvan şəhərinə uğursuz hücumdan sonra ermənilər Naxçıvançayın sol sahilində yerləşən kəndlərdə, xüsusilə, Sirab dərəsi adlanan yerdə qanlı qətllər törətmiş, ətraf kəndlərdən qaçıb buraya toplaşmış əhalini qılıncdan keçirmişlər. Ermənilər həmin vaxt yaxın ərazilərdən Sirab kəndinə pənah gətirmiş və kənddəki 3 məsciddə gizlənmiş 1000-dən artıq günahsız insanı od vurub yandırmışlar. Ermənilərin hücumları zamanı Naxçıvanın 80-dən artıq yaşayış məskəni dağıdılmış, minlərlə insanın həyatına son qoyulmuşdur.

Həmin vaxt Naxçıvan bölgəsində 130 minə qədər əhali yaşayırdı. Andranikin vəhşilikləri zamanı və sonrakı 2 il ərzində onlardan 73 min 727 nəfəri qəddarcasına qətlə yetirilmişdir. Bu günahsız insanların böyük bir hissəsi azyaşlı uşaqlar, qadınlar və qocalar olmuşdur. Ancaq Naxçıvanın özünümüdafiə dəstələri bu ərazinin ermənilər tərəfindən işğal olunmasına imkan verməmişlər. 1919-cu il dekabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin rəhbəri Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında naxçıvanlıların bölgəni müdafiə etmək üçün göstərdiklərii şücaəti belə xarakterizə etmişdir: "İgid naxçıvanlılar, şərurlular və vedibasarlılar bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa - Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldularbununla da, hökumətin işini asanlaşdırdılar".

Ümumiyyətlə, istər 1905-1907-ci illərdə, istər 1918-1920-ci illərdə, istərsə də ötən əsrin 90-cı illərindən başlayaraq erməni quldur dəstələri Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvana da hücumlar təşkil edərək xeyli sayda cinayətlər törətmişlər.

Bütün bu hadisələrin əsl mahiyyəti ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanda göstərilmiş, ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu apardıqları soyqırımı siyasəti dərindən təhlil edilmişona siyasi qiymət verilmişdir.

Azərbaycan tarixinə işıq salan bu mühüm tarixi sənəd heç zaman öz aktuallığını itirməyəcək. Həmin fərmana uyğun olaraq, hər il ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilməsi də tarix boyu xalqımıza qarşı törədilmiş bu qanlı cinayətləri unutmamaqbir daha yaşamamaq üçündür.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 30 mart.- S.2.