Erməni vəhşiliyi arxiv sənədlərində

 

 

Qəzetimizdə erməni cəlladlarının 1918-1920-ci illərdə törətdikləri qırğınlar, soyqırımı aktları barəsində mütəmadi yazılar dərc olunur. Bu sırada Qubada  törədilən erməni vəhşilikləri həm amansızlığına və həm də miqyasına görə fərqlənir. Bu dəfə bölgə müxbirimiz artıq yaşı əsrə yaxınlaşan Quba faciəsini arxiv sənədlərinin gözü ilə nəzərdən keçirməyə cəhd etmişdir.

Azərbaycan Respublikası Dövlət Arxivi Quba Filialının direktoru, əməkdar  mədəniyyət işçisi Şirin Müzəffərov Azərbaycan Respublikasının Dövlət Arxivində  1918-ci ildə Bakı Quberniyasının Quba Qəzasında törətdikləri dağıntı və qırğınların   istintaqını aparan Fövqəladə Təhqiqat Komissiyasının 5 cilddən ibarət rəsmiləşdirilmiş istintaq sənədlərinin mühafizə olunduğunu bildirir. Bu sənədlərdə zərərçəkmişlərin və  şahidlərin dindirilmə protokolları, dağıdılmış və yandırılmış evlərə baxış protokolları, aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sakinlərinə dəymiş zərərin miqdarı barədə ətraflı məlumatlar  var.

Quba Qəzasında ermənilər tərəfindən törədilmiş bu vəhşiliklərin istintaqı qeyri-azərbaycanlı olan Aleksandr Novatski tərəfindən aparılmışdır. Bolşevik libasında, "Daşnak" partiyasının ən amansız və qəddar üzvlərindən olan S.ŞaumyanG.Korqanovun başçılığı ilə erməni silahlı dəstələri dinc, əliyalın insanlara, qadınlara, uşaqlaraqocalara heç bir mərhəmət göstərmədən onların kütləvi surətdə qırğınını təşkil ediblər. Qırğınlar 1918-ci ilin may ayının 1-dən 10-dək davam etmişdir.

Fövqəladə Təhqiqat Komissiyasının Qubaya göndərdiyi Aleksandr Novatskinin tərtib etdiyi istintaq materiallarında şəhər rəisi Əlabbas bəy Əlibəyovun  məlumatında göstərilir ki, Quba şəhəri erməni qulduru Amazaspın dəstələri  tərəfindən dağıdılana qədər orada 20 minə yaxın əhali yaşayırdı. Bu hadisələrə  qədər Qubada cəmi 500 nəfərə yaxın erməni yaşayırmış. Əlabbas bəy özü  izahatında bildirir ki, mart ayında Quba ermənilərinin əksəriyyəti özlərinin daşınan  və daşınmaz əmlaklarını sataraq çıxıb gedirlər. Bunun səbəbini soruşduqda A.MelikovBağdasarov deyiblər ki, "Sizinlə bizim aramızda nəsə gözlənilir.   Ona görə komitə bizi geri çağırır".

Xatırladaq ki, 1988-ci il Sumqayıt hadisələri törənməmişdən bir müddət əvvəl şəhərdə yaşayan ermənilərin bir qismi də özlərinə mənsub olan əmlakı satmış, banklarda olan pullarını götürmüş, hadisələrdən qabaq şəhəri tərk etmişdilər. Erməni daşnakları bu ssenaridən dəfələrlə istifadə etmişdilər.

Quba şəhərinin nüfuzlu şəxlərindən Hacı İsmayıl Orucovun və şəhər rəisi Ə.Əlibəyovun Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskiyə verdiyi  izahatlardan aydın olur ki, ilk dəfə D.Qolovaninin rəhbərliyi ilə Qubaya gəlmiş  əksəriyyəti daşnaklardan ibarət Bakı Kommunasının silahlı dəstələri Qubada sovet  hakimiyyəti quracaqlarını elan ediblər. Vəziyyətin gərgin olduğunu hiss edən şəhər  əhalisi buna razılıq veribdir.       

Şirin Müzəffərov danışır ki, erməni quldur dəstəsinə ləzgilər və ətraf  kəndlərdən azərbaycanlılar hücum edirlər. Vəziyyətin ağır olduğunu görən poruçik   Ağacanyanın dəstəsi Qubada bir yerə topladığı erməniləri buraxıb qaçırlar. D.Qolovani yazırdı ki, Ağacanyanın toplayaraq taleyin ümidinə buraxdığı  ermənilərin bir hissəsini mənim dəstəm çıxara bildi, bir hissəsi isə ləzgilər  tərəfindən məhv edildi.

D.Qolovaninin dəstəsi Qubadan getdikdən bir neçə gün sonra S.Şaumyanın     göstərişi ilə G.Korqanov daşnak Amazaspın komandanlığı altında 2 min yaraqlıdan ibarət cəza dəstəsini Qubaya göndərir .

Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 1918-ci il mayın 1-də 3  istiqamətdən şəhərə daxil olan Amazaspın dəstəsinin 4 top və 8 pulemyotu var idi.  Bu dəstə tərəfindən təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər, ikinci gün   isə 1012 nəfər azərbaycanlı qətlə yetirilmişdir.

Amazaspın hərəkətləri haqqında məlumat verən Ə.Əlibəyov bildirmişdir ki,    Amazasp şəhər məscidinin yanındakı meydana gələrək bildirdi ki, "Mən əslən  Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən ermənilərin    mənafelərinin müdafiəçisiyəm. Mən sovet hökuməti tərəfindən cəza dəstəsi ilə   göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını alım.    Sizin müsibətiniz o vaxt başlayacaq ki, (o, əlini üzərində toplar dayanmış dağa tərəf tutur) mən sabah o dağa qalxacağam. Sabah mən o dağa çıxanda şəhəri topa  tutduracaq və yerlə-yeksən edəcəyəm ".

Beləliklə, 10 gün ərzində Amazaspın rəhbərliyi ilə sovet hökuməti adından   S.ŞaumyanG.Korqanovun göndərdiyi erməni cəza dəstələri böyük vəhşiliklər   törədir. Şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 2 min nəfər öldürülmüş, ölüləri  dəfn edən  mollanın məlumatına görə isə, 2.800 nəfərin cənazəsini torpağa   tapşırmışdı.

Şirin Müzəffərov həmin dövrdə qubalılara dəyən zərərin xüsusi komitə tərəfindən hesablandığını deyir:

 - Təxmini hesablamalara görə, Amazaspın quldur dəstəsi tərəfindən təkcə   Quba şəhərində oğurlanmış əmlak 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq  brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rublluq xalça və digər  ev əşyaları olmuşdur. Bundan əlavə, təkcə Quba şəhərində 105 ev və digər tikililər  tamamilə yandırılıb dağıdılmış və nəticədə şəhər əhalisinə vurulmuş maddi zərər  100 milyon rubldan çox olmuşdur.

Amazaspın Qubaya doğru hərəkət edən erməni hərbi hissələri yol boyu Quba   qəzası ərazisində 122 kəndi dağıtmış və yandırmış, imkan tapıb qaça bilməyən 60  nəfər kişi, qadın və uşağı qətlə yetirmiş, 53 kişi yaralanmışdı.

Quba şəhər rəisi Ə.Əlibəyovin izahatında bu qırğınlardan sonra Bakıya gedərək   bolşeviklərin rəhbərləri S.ŞaumyanA.Caparidze ilə görüşməsi barədə verdiyi   məlumat da çox maraqlıdır. O yazırdı ki, Amazaspın dəstələrinin Qubada   törətdikləri vəhşiliklər barədə məlumat verdikdə A.Caparidze bərk həyəcanlandı, S.Şaumyan isə üzündəki sevinc hissini gizlətməyərək sərt şəkildə dedi: "İndi  olub ki, ermənilər Qubada iki müsəlman öldürən kimi müsəlmanlar şikayət edərək göz yaşı tökürlər".

Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin məruzəsində "cəza  dəstəsinin" rəhbəri Amazasp, müavini Nikolay və komissarı Venutsla yanaşı, vaxtı  ilə Quba şəhəri sakinləri olmuş və qırğında fəal iştirak etmiş ermənilər barədə   cinayət işi qaldırmaq təklif olunurdu.

Azərbaycan Respublikası Dövlət Arxivi Quba Filialının direktoru Şirin Müzəffərov Quba soyqırımının bir neçə təşkilatçısıının məsuliyyətdən kənarda qaldığını da vurğuladı:

- Təəssüf ki, 1920-ci ildə bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra S.Lalayev, Amazaps kimi quldurbaşının və yüzlərlə erməni daşnaklarının törətdikləri   cinayətlər cəzasız qaldı və minlərlə azərbaycanlının başına gələn faciələr "unudularaq" arxivlərə atıldı. Yalnız ölkəmiz müstəqilliyini qazandıqdan sonra faciələrimizi araşdırıb faktları geniş ictimaiyyətə təqdim edə bildik.

Quba Soyqırımı Memorial Kompleksinin guşələrindən birində "Azərbaycan" qəzetinin 1918-ci il 8 dekabr nömrəsindən bir sitat oxuyuruq: "Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlıqla haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə  bizim loyallığımız, səmimiliyimiz və sadəliyimiz kineqaist ehtirasın gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən, nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək. Fakt göz qabağındadır. Kim istəyirsə yoxlaya bilər".  

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 30 mart.- S.6.