Azərbaycanın fövqəladə hallar naziri
Xorvatiyanın keçmiş
Prezidenti ilə görüşmüşdür
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiç ilə görüşmüşdür.
Görüşdə nazir Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə ətraflı məlumat vermişdir. Həmçinin nazirliyin nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər qonağın diqqətinə çatdırılmışdır.
Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, qonaq Azərbaycan ilə Xorvatiya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2014.- 1 may.- S.2.