Azərbaycan və İsrail
Xarici İşlər nazirlikləri
arasında müntəzəm diplomatik məsləhətləşmələr
haqqında protokol imzalanmışdır
Aprelin
30-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ölkəmizdə rəsmi səfərdə olan İsrail
Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik
etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq siyasi, iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barəsində məlumat verərək, münaqişənin həll edilməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov əlavə etmişdir ki, münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.
Aviqdor Liberman Azərbaycandakı yəhudi icmasının iki ölkə arasındakı münasibətlərin inkişafında rolunu müsbət qiymətləndirmişdir.
Görüşün sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi
arasında müntəzəm diplomatik məsləhətləşmələr
haqqında protokol imzalanmışdır.
Azərbaycan.-2014.- 1 may.- S.4.