Həştərxanda çıxan “Volqa” qəzetində Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən
bəhs edən müsahibə dərc edilmişdir
Rusiya Federasiyasının Həştərxan vilayətində nəşr edilən “Volqa” ictimai-siyasi qəzetinin saytında jurnalist Marina Parenskayanın Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət Hüseynovla müsahibəsi dərc edilmişdir. “İnsanlar barəsində onların milliyyətinə görə deyil, işlərinə görə mühakimə yürüdürlər. Dostluq körpüləri” sərlövhəli bu müsahibədə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edilir.
X X X
Şəhərimiz ilbəil gözəlləşir və abadlaşır. Bu işdə çox adam, o cümlədən şəhərdəki bir neçə obyekti hamiliyə götürmüş Azərbaycan diasporunun üzvləri fəal iştirak edirlər. Volqa körfəzinin Sahil küçəsi, Heydər Əliyevin adını daşıyan parkdakı xiyaban bu gün Həştərxan sakinlərinin sevimli istirahət yerlərindən biridir.
Sahil küçəsindəki uşaq şəhərciyinə hətta vilayətin ucqar yerlərindən də uşaqları gətirirlər. Azərbaycan tərəfinin iştirakı ilə Həştərxanda yaradılmış sonuncu obyekt Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsidir. Vilayət mərkəzindəki bütün bu yeniliklər may ayında 10 yaşını qeyd edən Heydər Əliyev Fondunun dəstəyi sayəsinə mümkün olmuşdur.
Fondun vitse-prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin nəvəsi Leyla Əliyeva dəfələrlə şəhərimizdə olmuşdur. Şəhərimizdə yeni obyektlərin təməlinin qoyulması, sonradan həmin obyektlərin təntənəli açılış mərasimləri həmişə Leyla Əliyevanın bilavasitə iştirakı ilə keçirilir. Çox təəssüf ki, onunla söhbət edə bilmədik. Lakin həm qəzetimizin, həm də şəhərimizin köhnə dostu Ədalət Hüseynov “Volqa”ya müsahibəsində Fondun fəaliyyəti, Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi barədə ətraflı söhbət açmışdır. Ədalət Hüseynov həmişə deyir ki, onun qəlbi Bakıda, ruhu isə Həştərxandadır. Onun regionumuzda həyata keçirdiyi fəaliyyət bu sözlərin həqiqiliyini təsdiq edir.
- Ədalət Abışeviç, artıq bir neçə ildir ki, Heydər Əliyev Fondu bizim şəhərin inkişafına fəal kömək edir. Rusiyanın adi bir şəhərinə bu cür qayğıkeşlik nədən irəli gəlir?
- Bakı ilə Həştərxan arasında həmişə sıx əlaqə olmuşdur. Sovet İttifaqı dövründə bu əlaqələr heç kəsi təəccübləndirmirdi. Bu gün isə çoxları maraqlanır: görəsən bizim münasibətlərin inkişaf etməsinin arxasında hansı niyyətlər gizlənir? Əslində, burada həqiqətən niyyət var: biz bir-birimizə nə qədər qayğı ilə yanaşsaq, regionlarımız və ölkələrimiz bir o qədər firavan olacaqdır. Bunun kimə ziyanı ola bilər? Mən məhz xalq diplomatiyasına həmişə hörmətlə yanaşmışam. Könülləri, insanları bir-birinə bağlayan xeyirxahlıq telləri möhkəmlənirsə, əlaqələr inkişaf edirsə, deməli, məhz bu cür diplomatiya təsir göstərir, onda “yuxarılarda” da münasibətlər qurmaq asan olur, çünki ağıllı siyasətçilər həmişə insanların əhval-ruhiyyəsini əsas götürürlər. Mənim fikrimcə, Həştərxan ilə Bakı arasında münasibətlər bu prinsiplər üzrə qurulur. Çox şadam ki, sözün həqiqi mənasında xeyirxah, yaxşı, ağıllı və məsuliyyətli insanların səyləri ölkələrimiz və şəhərlərimiz arasında qarşılıqlı insani və siyasi münasibətlərin inkişafına kömək edir. Bu sözlər ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Həştərxana yüksək diqqət və qayğı göstərən Leyla Əliyevaya, Fondun prezidenti Mehriban Əliyevaya aiddir. Mehriban Əliyeva çox fəal həyat mövqeyi olan bir xanım, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Azərbaycanın birinci xanımının, necə deyərlər, işləri həddən çox olsa da, Həştərxanda vəziyyətlə daim maraqlanır.
- Bizim qubernator sizin layihələrin həyata keçirilməsinə nə dərəcədə kömək edir?
- Çox kömək edir. Bir sıra layihələr barədə təşəbbüsü qubernator şəxsən özü irəli sürmüşdür. Heç də təsadüfü deyildir ki, Aleksandr Jilkin Rusiya qubernatorları arasında Azərbaycan Respublikasının ən yüksək mükafatlarından biri olan “Dostluq” ordeni ilə təltif edilmiş yeganə şəxsdir. Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Aleksandroviçi təltif edərkən, onu dövlət adamı adlandırmışdır. Qubernator ilə əməkdaşlığımızın təcrübəsi bunu təsdiq edir.
- Yəqin ki, Heydər Əliyev Fondunun başqa, bizim şəhərin abadlaşdırılması ilə müqayisədə daha vacib vəzifələri vardır?
- 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun işi həyatın bütün sahələrini – təhsil, elm, mədəniyyət, xeyriyyəçilik, səhiyyə, ekologiya sahələrini əhatə edir. Fond ilk növbədə öz vətənində çoxlu proqramları reallaşdırır. Bunu demək kifayətdir ki, bu gün Azərbaycanda təmir edilməmiş və ya köhnə məktəblər yoxdur – “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi məhz bu Fond tərəfindən həyata keçirilmişdir. Fond müxtəlif mədəni tədbirlərin, o cümlədən Azərbaycanda və başqa ölkələrdə musiqi festivallarının təşkil olunmasına da kömək edir. Fondun fəaliyyəti geniş əhatəlidir, lakin mədəniyyətin dəstəklənməsi, sosial proqramlarda iştirak məsələlərinə xüsusi əhəmiyyət verilir. Fond başqa ölkələrdə də, o cümlədən Gürcüstan, Pakistan, Fransa və əlbəttə Rusiyada humanitar layihələr reallaşdırır. Fond Pakistanın Müzəffərabad şəhərindəki qızlar məktəbinin əsaslı şəkildə yenidən qurulması ilə məşğul olur, Fransada Strasburq kilsəsinin və Versaldakı bəzi obyektlərin yenidən qurulaması ilə bağlı işləri dəstəkləyir. Fondun fəaliyyəti, məsələn, Ulyanovskda yeni məktəblər tikilməsi, Həştərxanda 11 nömrəli məktəbin təmir edilməsi, Volqoqradda böyük Dostluq parkı yaradılması, musiqi və kitab festivallarının təşkilinə kömək, ekologiya proqramları nümunəsində aşkar görünür. Belə layihələri saymaqla qurtarmaz. Bir qayda olaraq, Fond regionlar üçün ən mühüm proqramlara dəstək verir.
- Fondun vitse-prezidenti Leyla Əliyeva həm də Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədridir. Bu təşkilatın vəzifəsi nədən ibarətdir?
- Gənclik qurumunun əsas vəzifəsi Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək, habelə Azərbaycan mədəniyyətini təbliğ etməkdir. RAGB Rusiyanın mədəni müxtəlifliyinin tərəfdarıdır. RAGB tərəfindən irəli sürülmüş təşəbbüslərə nümunələr: rusiyalı tələbələr üçün Bakıda təşkil edilmiş “Azərbaycan sivilizasiyaların qovuşduğu məkandır” mövzusunda seminar, Moskvada “Müasir mərhələdə Azərbaycan Respublikasının gənclər siyasəti” konfransı, müxtəlif foto-sərgilər, o cümlədən Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş fotosərgi və sair. Biz Azərbaycan və Rusiya gənclərinin fəal əməkdaşlığının tərəfdarıyıq. Gənclər müxtəlif ölkələri təmsil etsələr də, bir dildə danışırlar.
- Volqa körfəzi sahilində Dostluq körpüsü, Nərimanov şəhərində təmir edilmiş 11 nömrəli məktəb, Heydər Əliyev adına park, uşaq şəhərciyi, uşaq kafesi, Knyaz Vladimirin abidəsi... bütün bu obyektlər şəhərimizdə qısa müddətdə yaranmışdır. Bu işlər kimin səyləri sayəsində mümkün olmuşdur?
- Bütün bu işlərin arxasında Heydər Əliyev Fondunun çox böyük səyləri dayanır. Fond bizə böyük ümidlər bəsləyir, məgər bu ümidləri doğrultmamaq olarmı? Fond bizim üçün sadəcə nəzarət orqanı deyil, bu, ilk növbədə hamımızın sevimlisi olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlı təşkilatdır. Biz Azərbaycan adından gördüyümüz bütün işləri həm də bu görkəmli siyasi xadimin və böyük insanın xatirəsinə ehtiram əlaməti kimi həyata keçiririk. Biz həm öz Vətənimiz, həm də Rusiya qarşısında məsuliyyətimizi başa düşürük. Üç ildə yaradılmış real obyektlər Həştərxanın abadlaşmasına sanballı töhfə olmuşdur. Təsadüfi deyildir ki, Fondun vitse-prezidenti Leyla Əliyeva Həştərxan layihəsinə görə Müqəddəs Knyaginya Olqa ordeninə layiq görülmüş, Bakı şəhərindəki Nərimanov rayonu icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev isə Rusiyanın “Dostluq” ordeni ilə təltif edilmişdir.
Leyla Əliyeva BMT Radiosuna müsahibəsində Həştərxan ilə əməkdaşlıq haqqında və bu təltifin onun üçün əhəmiyyəti barədə danışmışdır. Onun sözləri xatirimdədir: “Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir. Bu adi insani münasibətlər əsasında çox şey qurulur”.
Heydər Əliyev Fondunun vitse-prezidenti faktiki olaraq bizim ümumi fikrimizi ifadə etmişdir.
- Həştərxanlılar azərbaycanlı dostlarından daha nə gözləyirlər?
- Sentyabr ayında 140 yerlik yeni uşaq bağçası öz qapılarını açacaqdır. Keçən il oktyabr ayında bu bağçanın tikintisi başlanarkən onun təməlini Leyla Əliyeva qoymuşdur. Bundan sonra Fondun təşəbbüsü ilə daha bir uşaq bağçasının tikintisinə başlanılacaqdır. Ümid edirik ki, bu işlər uşaqlarla bağlı yaranmış gərginliyi aradan qaldırılacaqdır. Hazırda kənd rayonları ilə bizim aramızda çox yaxşı münasibətlər yaranmışdır. Biz həmin rayonların həyatında fəal iştirak edəcəyik. Həştərxanlı və bakılı artistlərin qastrolları təşkil edilə bilər – bizdə bu cür əməkdaşlıq təcrübəsi olmuşdur. Həştərxanlılar Bakı tamaşaçılarının onları necə qarşılamalarından razı qalmışlar. Həştərxan da Azərbaycandan olan artistləri eyni dərəcədə səmimi qəbul etmişdir. Planlarımız çoxdur, həyat daim bu planlara düzəlişlər edir. Əsas məsələ odur ki, bizim bütün işlərimiz insanlara xeyir versin.
Azərbaycan.-2014.- 1 may.- S.6.