Bakıda taekvondo
üzrə Avropa çempionatının
təntənəli
açılış mərasimi keçirilmişdir
Aprelin
30-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində
taekvondo üzrə Avropa çempionatının təntənəli
açılış mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, meydana əvvəlcə
iştirakçı ölkələrin bayraqları gətirilmiş,
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Azərbaycan
Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo
Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov
çıxış edərək idmanın insan həyatında
oynadığı roldan və respublikamızda bu sahənin
inkişafına göstərilən dövlət
qayğısından danışmışdır.
K.Heydərov
bildirmişdir ki, ölkəmizdə ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda
dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Məhz bu siyasətin nəticəsində
idmançılarımız beynəlxalq arenalarda uğurla
çıxış edir, ölkəmizin bayrağını
dalğalandırırlar. Azərbaycanın irimiqyaslı idman
yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayan
K.Heydərov 2015-ci ildə birinci Avropa Oyunlarının
Bakıda keçirilməsinin bunun nəticəsi olduğunu
vurğulamışdır.
Bakıda
təşkil olunan qitə birinciliyinə Avropanın ən
güclü taekvondoçularının
qatıldığını diqqətə çatdıran
K.Heydərov idmançılara uğurlar
arzulamışdır.
Avropa
Taekvondo Federasiyasının prezidenti Atanasios Praqalos
çıxışında yaraşın əhəmiyyətindən
danışmışdır. O bildirmişdir ki, Azərbaycanda
ardıcıl olaraq taekvondo üzrə yarışlar
keçiriləcəkdir. Hazırda taekvondo üzrə Avropa
çempionatının açılış mərasimindəyik.
Gələn il isə birinci Avropa Oyunları çərçivəsində
idmanın bu növü üzrə yarışlar təşkil
olunacaqdır. Taekvondonun ölkəmizdə sevildiyini diqqətə
çatdıran A.Praqalos çempionatın yüksək səviyyədə
təşkil olunduğu üçün Azərbaycan təşəkkürünü
bildirmişdir.
Dünya
Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço Avropa
teakvondo ailəsini bu mötəbər yarış münasibətilə
təbrik etmiş, Azərbaycanda idmanın inkişafına
göstərilən dövlət qayğısını
yüksək qiymətləndirmişdir. Azərbaycan
taekvondoçularının beynəlxalq arenalarda müvəffəqiyyətlə
çıxış etdiyini diqqətə çatdıran
Federasiya prezidenti ölkəmizdə idman siyasətinin
uğurla həyata keçirildiyini bildirmişdir.
Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov Ulu Öndər Heydər
Əliyevin ölkəmizdə idmanın
inkişafındakı xidmətlərindən
danışmış, idmançılarımızın
qazandığı nailiyyətlər barədə məlumat
vermişdir.
Nazir
vurğulamışdır ki, cari ildə ölkəmizdə
cüdo, gimnastika, atletika və idmanın digər növləri
üzrə irimiqyaslı tədbirlər keçiriləcəkdir.
Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını
yüksək səviyyədə keçirir və bu da beynəlxalq
qurumlar tərəfindən yüksək qiymətləndirilir.
İdmançılara
uğurlar arzulayan nazir çempionatı açıq elan
etmişdir.
Sonra
K.Heydərova, A.Rəhimova və Ç.Çoya Avropa Taekvondo
Federasiyasının mükafatları təqdim olunmuşdur.
İdmançılar
və hakimlər and içdikdən sonra Azərbaycanın
turizm potensialı və “Bakı-2015”ə hazırlıqla
bağlı videoçarxlar göstərilmişdir.
Tədbir
xüsusi hazırlanmış şou ilə davam etmişdir.
Çempionatda
Avropanın 46 ölkəsindən 400-dək taekvondoçu
birincilik uğrunda mübarizə aparacaqdır. Turnirə
mayın 1-də start veriləcəkdir. Dörd gün davam edəcək
yarışda ölkəmizi baş məşqçilər
Ələkbər İmaməliyev və Gündüz
Abdullayevin rəhbərliyi altında Mikayıl Əliyev (54
kq), Samir Cavadlı (58 kq), Ayxan Tağızadə (63 kq), Elvin Məmmədov
(68 kq), İlkin Şahbazov (74 kq), Ramin Əzizov (80 kq), Radik
İsayev (87 kq), Ceyhun Həsənli (87 kq-dan yuxarı),
Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Hülya Oveyoğulları
(53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə
Mikayılova (62 kq), Fəridə Əzizova (67 kq) və Marina
Tedeyeva (73 kq) təmsil edəcəklər.
Azərbaycan.-2014.- 1 may.- S.8.