Azərbaycan Prezidenti İlham Əliyev Ağdaşda

 Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Ağdaşda Heydər

 Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

 

 

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaşda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər görülür. Dünya şöhrətli siyasi xadimin anadan olmasının 91-ci ildönümü münasibətilə hazırda vacib layihələr reallaşdırılır. Bu layihələr sırasında paytaxt Bakıda və bölgələrdə yaradılan Heydər Əliyev mərkəzlərinin dahi şəxsiyyətin siyasi irsinin öyrənilməsində mühüm rolu vardır.

Belə mərkəzlərdən biri də Ağdaş şəhərində tikilmişdir. Bu Mərkəzin yaradılması ilk növbədə ağdaşlıların dünya şöhrətli siyasi xadimin xatirəsinə ehtiramını nümayiş etdirir. Bu, həm də Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynayır. Mərkəzdəki foto və eksponatlar bir daha sübut edir ki, Azərbaycanın tənəzzül dövründən yüksəliş mərhələsinə qədəm qoyması və indiki hərtərəfli inkişafı, beynəlxalq nüfuzunun artması məhz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə bağlıdır.

Prezident İlham Əliyevə məlumat verildi ki, Mərkəzin inşasına 2012-ci ilin avqustunda başlanmışdır. İnşaat işləri ən yüksək standartlar səviyyəsində həyata keçirilmişdir. Ümumi sahəsi 5 min 800 kvadratmetr olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilmişdir.

Girişdə Mərkəzin qonaqlarına inzibati binanın maketi təqdim olunur. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə çəkilmiş fotoları 6 guşədə yerləşdirilmişdir. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapmışdır. Ulu Öndərin rayondakı müxtəlif obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşləri ağdaşlıların xatirəsində dərin izlər buraxmışdır. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyevin müxtəlif illərdə Ağdaşa səfərlərini əks etdirən fotoguşənin də yaradıldığı Mərkəzdə rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan vardır. Mərkəzin böyük və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri nümayiş etdirilir. Burada rəsm və heykəltəraşlıq studiyası, xalq sənətkarlığı emalatxanası, dizayn və kompyuter kursları, elektron kitabxana fəaliyyət göstərəcəkdir.

İntellektual oyunlar otağında müxtəlif oyunların təşkili planlaşdırılır.

Son illər respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi nəzərə alınaraq, Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılmışdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Şəhla Hacıbalayeva Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.-2014.- 2 may.- S.1;2.