Yeni Azərbaycan Partiyası Ağdaş rayon
təşkilatının inzibati
binası istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının
inzibati binasının açılışında iştirak
etmişdir.
Dövlətimizin
başçısı binanın rəmzi
açılışını bildirən lenti kəsdi.
Yeni
Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli
inkişafında, respublikanın beynəlxalq nüfuzunun
artmasında, bütün sahələrdə əldə olunan
tərəqqidə xüsusi rol oynayır. Azərbaycanın əsas
və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyası bütün bu məsələlərdə
yaxından iştirak etməklə yanaşı, xalqın
partiyası olmasını aydın nümayiş etdirir.
Ümummilli lider, partiyanın yaradıcısı Heydər
Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin,
bu günün və gələcəyin partiyasıdır”. Bu
gün bu fikrin nə qədər doğru olması
özünü daha aydın büruzə verir. Yeni Azərbaycan
Partiyası ölkənin tərəqqisinə, dövlətçiliyin
möhkəm təməllər üzərində
qurulmasına çox mühüm töhfələr verir. Bu
gün partiyanın sıralarının genişlənməsi
və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə
qədəm qoyması şübhəsiz ki, cəmiyyətdə
bu siyasi quruma olan ehtiram və hörmətdən, onun
nüfuzundan qaynaqlanır.
Yeni
Azərbaycan Partiyasının ümumi məqsədlər və
amallar naminə uğurlu fəaliyyətində partiyanın
rayon təşkilatlarının da rolu danılmazdır.
Respublikanın bütün bölgələrində inşa olunan
YAP rayon təşkilatlarının inzibati binaları
müasirliyi ilə seçilməklə yanaşı, həm
də inşa olunduğu şəhərin gözəlliyini
artırır. Bu binalarda ən yüksək səviyyədə
işləmək üçün hər cür şərait
yaradılır.
Yeni
Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının
inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Bina orijinal layihə, maraqlı memarlıq quruluşu
ilə Ağdaş şəhərinin gözəlliyini daha da
artırır.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, ikimərtəbəli, 17
otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında
başlanılmışdır. İşlərin yüksək
keyfiyyətlə və qısa müddətdə
görülməsi üçün bütün qüvvələr
səfərbər olunmuşdur. Bina müasir inventar və
avadanlıqla təchiz edilmişdir.
Binanın
foyesində ulu öndər, Yeni Azərbaycan Partiyasının
yaradıcısı Heydər Əliyevin büstü
qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham
Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini
əks etdirən maraqlı fotolardan ibarət guşələr
vardır. Müxtəlif tədbirlərin keçirilməsi
üçün akt zalı da yaradılmışdır.
İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Hazırda
YAP Ağdaş rayon təşkilatının 16 min nəfər
üzvü vardır. Onların 51 faizini qadınlar, 43 faizini gənclər
təşkil edir.
Dövlətimizin
başçısı müvafiq tapşırıq və
tövsiyələrini verdi.
Azərbaycan.-2014.- 2 may.- S.3.